Poroşenko səhv etdi

Seçkidən sonra Rusiyanın aqressivləşəcəyi ehtimalı böyükdür



Ukrayna prezidenti Pyotr Poroşenko ona ölkədə hərbi vəziyyəti elan etməyə icazə verən "Donbasın reinteqrasiyası” qanunu imzalayıb. Qanuna əsasən, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi əraziləri "Rusiyanın silahlı qruplaşmalarının nəzarəti altındakı işğal edilmiş ərazilər”, oradakı strukturlar isə "Rusiyanın işğal administrasiyası” adlandırılıb. Sənəddə Rusiya rəsmən "işğalçı ölkə” kimi tanınıb.

Bu, Kiyevə beynəlxalq məhkəmə instansiyalarına şikayət etməyə və kompensasiya tələb etməyə ixtiyar verir. Həmçinin, sənəd prezidentə istənilən ərazilərə qoşun yeritməyə imkan yaradır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Kiyevə xəbərdarlıq edərək demişdi ki, əgər Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edilərsə, bu addım Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq. Ekspertlərin fikrincə, Poroşenkonun məlum qərarı imzalaması Rusiya ilə münasibətləri daha da gərginləşdirəcək. Hətta Rusiyanın qarşılıq olaraq sərt addım atacağı da iddia edilir.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Rusiya Ukraynanı əzmək planından əl çəkməyib. Analitikin sözlərinə görə, seçkidən sonra Rusiyanın aqressivləşəcəyi ehtimalı böyükdür: 

"Lakin yayda Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək. Payıza doğru Rusiyada iqtisadi vəziyyətin ağırlaşması mümkündür. Bunun üçün Kremlə "xarici düşmən” lazımdır. Belə düşmən Ukrayna ola bilər. Lakin Moskva Ukraynanı ilhaq etmək fikrinə düşərsə, Qərb Rusiyanı həm siyasi-iqtisadi, həm də diplomatik və hərbi cəhətdən tamamilə təcrid edər. 

Buna görə Rusiya seçim qarşısındadır. Əgər Moskva Ukraynaya qoşun yeridərsə, bu qərar Kremlin güclü olması imitasiyasından başqa heç nə qazandırmayacaq. Bu, Rusiya üçün çox böyük məhrumiyyətlərlə müşahidə olunacaq. Yeni savaş Rusiyanın daxilində müəyyən iqtisadi və sosial gərginliklər yaradar. Ukraynada davam edən savaş Kremlin maraqlarına zərbə vursa da, Putin diqqəti yayındırmaq üçün daha irimiqyaslı savaşa başlaya bilər”.

İsmayıl