Poroşenko Yanukoviçin səhvlərini təkrarlayır

Ukraynada Saakaşviliyə qarşı irəli sürülən ittihamlara heç kəs inanmır




Kiyev Apelyasiya Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili barədə yekun qərarını verib. Məhkəmə Saakaşvilini ev dustaqlığına məhkum edib. Qərara əsasən, Saakaşvili hava qaraldıqdan sonra yaşayış yerini tərk edə bilməz.

Göründüyü kimi, rəsmi Kiyev Saakaşvilinin əl-qolunu bağlamağa çalışır. Bəlkə də hazırda məhkəmənin sabiq qubernatorla bağlı verə biləcəyi ən "optimal” qərar budur. Bəs, bu qərar Saakaşvilini durdura biləcəkmi?

Bu barədə "Şərq”ə açıqlama verən siyasi ekspert Azər Rəşidoğlu deyib ki, artıq Ukraynada Saakaşviliyə qarşı irəli sürülən ittihamlara heç kəs inanmır: 

"Görünən budur ki, Pyotr Poroşenko Yanukoviçin səhvlərini təkrarlayır. Saakaşvili korrupsiyaya qarşı çıxır. Poroşenko isə öz vədlərinə rəğmən ətrafını qorumaq üçün "Mişa”nı qurban vermək niyyətindədir. Artıq Poroşenko əməlli-başlı Yanukoviçin vəziyyətinə düşüb. 

Əgər Saakaşviliyə münasibətdə daha ciddi tədbirlərə əl atılarsa, Poroşenko təkrar prezident seçilmək şansını itirəcək və ona qarşı etiraz hərəkatı daha da artacaq. Yəqin ki, Saakaşvili elə buna oynayacaq və vəziyyəti daha da gərginləşdirəcək. Eks-qubernatora həbs edilmək sərf edir. 

Bununla o, qəhrəmana çevriləcək. Poroşenko isə avtoritar liderə dönəcək və növbəti dəfə prezident seçilmək şansını itirəcək”.

İsmayıl