"Prezident fəaliyyəti dövründə sadə vətəndaşlarla daim təmasda olub"

"Prezident İlham Əliyev hakimiyyətə gəlməz qabaq da xalqın arasında olub və onların problemləri ilə maraqlanıb”.
Bu sözləri "Sherg.az”a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevə qədər Azərbaycana başçılıq etmiş ulu öndər Heydər Əliyev də daim xalqın içində olurdu və hər kəslə təmas qurub əhalinin əhvalını şəxsən öyrənməyə çalışırdı: 
"Bu baxımdan İlham Əliyev də bütün fəaliyyəti dövründə sadə vətəndaşlarla təmasda olub. Prezidentin xalqın arasına tez-tez çıxmasının əsas səbəbi vətəndaşlarımızdan ölkədəki durumun gerçəklərini öyrənmək istəməsidir. Hətta cənab prezident bir neçə dəfə fikir səsləndirmişdi ki, bəzən məmurlar mənə düzgün informasiya vermirlər və hər şeyin yaxşı olduğunu deyirlər. Ona görə də çalışıram ki, alternativ mənbələrdən informasiya əldə edim.
Düşünürəm ki, ölkə başçısının xalqın arasında olması, əhalinin problemləri ilə yaxından maraqlansı kimi hallar çox olub. Prezident hər il belə görüşlər keçirir və bu cür görüşlərdən sonra vətəndaşların qaldırdığı problemlərin həlli üçün yerindəcə göstərişlər verir. Prezidentin əsas məqsədi budur və məqsədinə də nail olur. Eyni zamanda müşahidə etsək görərik ki, ilbəil məmurlar daha məsuliyyətli davranmağa məcbur olurlar. 
Çünki onlar hiss edirlər ki, Prezidentə yalan məlumat versələr, dövlət başçısı özü xalqın içinə çıxacaq, yaxud da mətbuatla əlaqə qurub əsas gerçəklikləri öyrənmiş olacaq. Ona görə, məmurlar çalışırlar ki, işlərinə daha məsuliyyətli yanaşsınlar. Fikrimcə, Prezidentin bu təcrübəsi işə yarayır və biz də vətəndaş olaraq baş verənlərə çox sevinirik”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Sumqayıt şəhərinə gedib və orda inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub.Ölkə başçısı sakinlərlə səmimi söhbət edərək onların problemləri ilə maraqlanıb.
Yeganə Bayramova