"Prezident həssas kateqoriyadan olan insanlara çox böyük qayğı ilə yanaşır”





"Prezidentin şəhid ailələri ilə görüşü böyük siyasi əhəmiyyət kəsb edir. İlk növbədə görüş göstərdi ki, cənab Prezident xüsusi və həssas kateqoriyadan olan insanlara çox böyük diqqət və qayğı ilə yanaşır”

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat bildirib ki, dövlət başçısı şəhid ailələrinin vərəsələrinə verilən 11 manatlıq müavinətlə bağlı yaranmış anlaşılmazlığı aradan qaldırdı və növbəti Sərəncamı ilə bütün şəhid ailələrinin həmin vəsaiti almasına göstəriş verdi: 

"Prezident görüşdə vurğuladı ki, Azərbaycan tərəfi heç zaman torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Biz bu istiqamətdə güclənməkdəyik. Azərbaycanda son aylarda keçirilmiş iki hərbi parad da dünyaya nümayiş etdirdi ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuz ən müasir hərbi texnikalarla təchiz edilib. Eyni zamanda Prezident vurğuladı ki, münaqişənin həlli prosesində dinc baxışlara sadiqiq. Bütün yollardan istifadə edirik ki, torpaqlarımızı geri qaytaraq. Bu da BMT-nin qəbul etdiyi məlum qətnamələr əsasında, yəni işğal edilmiş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə reallaşdırılmalıdır. 

Cənab Prezidentin səsləndirdiyi fikirlər həm də onu göstərir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı üç istiqamətdə üstünlük əldə edib. Birinci siyasi, ikinci diplomatik, üçüncü isə hərbi istiqamətdə üstünlüyümüz var. Siyasi üstünlüyümüz odur ki, heç bir dünya dövləti, beynəlxalq təşkilat qondarma rejimi tanımayıb. Yəni bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Qondarma rejimdə keçirilən "referendumu” heç bir dövlət tanımadı. Bu da diplomatik üstünlüyümüzü göstərir”.

Dövlət başçısı vurğulayıb ki, beynəlxalq birlik Azərbaycanın mövqeyini müdafiə edir: 

"Aprel döyüşləri” isə bizim hərbi üstünlüyümüzü nümayiş etdirdi. Düşmənin yaratdığı mif darmadağın oldu. Ermənistanda çox ciddi təlatümlərə gətirib çıxardı. Ermənistan işğal faktına son qoyana qədər Azərbaycan təzyiq siyasətindən istifadə edəcək. Dövlət başçısının çıxışı həm də Ermənistan rəhbərliyinə, ATƏT-in Minsk Qrupuna, beynəlxalq ictimaiyyətə bir mesaj idi ki, nəticə çıxarsınlar, Azərbaycanın sülhvərpər siyasətini düzgün qiymətləndirsinlər”.

İsmayıl