Prezident jurnalistlərlə görüşdü - Akif Aşırlı Şimali Kipr Türk Cümhuriyyətindən yazır

19 ölkəni təmsil edən jurnalistlərin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri davam edir. Tədbirə qatılan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının verdiyi məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinin başqanı Mustafa Akıncı jurnalistlər üçün brifinq keçirib. 
M.Akıncı son 44 ildə dünyanın güc mərkəzləri tərəfindən aparılan Kipr olayları barədə ətraflı məlumat verib. 
Cümhurbaşqanı qeyd edib ki, 2004-cü ildə Annan planına uyğun Kiprin hər iki tərəfində referendum baş tutub. Rum tərəfinin 75 faizi bu referenduma "yox" dediyi halda, türklərin böyük əksəriyyəti referendumda iştirak edərək Avropa Birliyinə (Aİ) daxil olmağa razılıq verib: 
"Rum tərəfi cəzalandırılmalı olduğu halda mükafatlandırıldı. Yəni Aİ-ə daxil edildi. Amma günahsız bizlər cəzalandırıldıq. Bunu Avropa Birliyi rəsmiləri də etiraf ediblər". 
M.Akıncı Kipr ətrafında danışıqların bir müddət dayandırıldığını diqqətə çatdıraraq vurğulayıb ki, bu ilin sentyabrında Nyu-Yorka səfər edəcək: "Biz bu problemin həllində tərəflərin bərabərhüquqlu, hər iki tərəf üçün güvənli olmasını istəyirik. Kiprin təbii sərvətlərini, zənginliklərini bərabər paylaşmaq arzusundayıq. Kiprə aid zənginliklərin, təbii ehtiyatların istifadəsi heç bir halda bir tərəfə aid edilməməlidir". 
M.Akınçı Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyası ölkələri ilə əlaqələrinə də toxunub. 
Azərbaycan dövlətinə, onun prezidenti İlham Əliyevə sayğı ilə yanaşdığını qeyd edən cümhurbaşqanı Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib:
 "Mən o gözəl məmləkəti görmək istərdim. Bildiyim qədər Azərbaycana Qarabağ problemi ilə bağlı təzyiqlər var".
 Akıncı daha sonra bildirib ki, ölkəsinin türk dövlətləri ilə iqtisadi əlaqələri yetərincə deyil: 
"Yunanıstan təzyiq göstərir. Avropa Birliyinin planlarına uysaq da, yenə biz cəzalandırılırıq. İqtisadi blokada halındayıq. Tək güvənimiz isə Türkiyədir".