Vüqar Tofiqli: "Bu fərman çoxmənzilli binalardakı mənzillərin sənədləşməsi işini də asanlaşdıracaq. Bu da ilk növbədə vətəndaşların rifahının yüksəlməsinə yönələn addımdır"
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir.
Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
Fərmana uyğun olaraq, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları təsdiqlənib.
Prezidentin fərmanını şərh edən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli «Şərq»ə açıqlamasında fərmanın mütərəqqi bir addım olduğunu bildirdi:
- Bu fərman həm vətəndaşların, həm də sahibkarların, mənzil-tikinti kooperativləri üçün çox önəmli addımdır. Tikilən çoxmənzilli, hündürmərtəbəli binaların təhvil-təslim olunmasında çox zaman ləngimələr, süründürməçilik müşahidə edilirdi. Elə binalar var, illər bundan öncə tikilib, istismara verilib, sakinlər köçüb, yaşayır, lakin heç bir sənədləri yoxdur. Səbəb də bu idi ki, binalar təhvil alınmırdı.
Buna görə hazırda bəzi yaşayış binalarına hələ də təbii qazın verilməsinə başlanmayıb, sakinlər ballon qazlarından istifadə edir, bu da, əlbəttə, çox təhlükəlidir. Sənədləşmə işləri tamamlanmamış binalarda yaşayan sakinlərin kommunal xərcləri ödəməsində də problemlər yaranırdı. İnsan mənzildə yaşayır, amma kommunal xərcləri kimə, hara ödədiyini bilmir. Yaşayış binalarının idarə edilməsində şəffaflıq olmalıdır. Bunun üçün də gərək sənədləşmə işləri vaxtında aparılsın. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Prezident tərəfindən imzalanmış fərman çox mütərəqqidir.
V.Tofiqli bildirdi ki, sözügedən fərman çoxmənzilli binalardakı mənzillərin sənədləşməsi işini də asanlaşdıracaq. Bu da ilk növbədə vətəndaşların rifahının yüksəlməsinə yönələn addımdır:
- Fərmandan görünür ki, burada aidiyyətli qurumların hamısına – Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi bu fərmandan irəli gələn vəzifələri qısa zamanda həll etməlidir.
Sənədləşmənin aparılması üçün aidiyyətli dövlət orqanlarına çox qısa müddət verilir; bəzilərinə 2, bəzilərinə 1 ay, bəzilərinə 7, 10, 15 gün, hətta 3 gün ərzində məlumatları təqdim etmək tapşırılan orqanlar da var. Bu o deməkdir ki, daha süründürməçilik aradan qalxmalıdır.
Sənədlər təqdim olundu, rəsmi qurumlar çevik fəaliyyət göstərib ya sənədləri təsdiqləməli, ya da hansı çatışmazlıq varsa, onu bildirib, aradan qalıdırılması üçün müddət təyin etməlidirlər. Fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir. Və hesab edirəm ki, bu zaman kəsiyində xeyli yaşayış binasının sənədləşmə problemi həllini tapacaq, sakinlərin də mülkiyyət hüququ bərpa ediləcək.
Məlahət Rzayeva