"Prezident parlamentdəki çıxışı ilə Azərbaycan haqqında aydın görüntü yaratdı"





"Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı keçirilən möhtəşəm iclas 2018-ci ilin "Cümhuriyyət İli” elan olunmasından irəli gələn addım idi”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib.

Deputat vurğulayıb ki, parlament rəhbərliyi yubiley tədbirini çox yüksək səviyyədə, səliqə-sahmanla, uğurlu siyasi xətt üzrə təşkil etmişdi. Milli Məclisin üzvü vurğulayıb ki, Prezident İlham Əliyevin parlamentin 100 illik tarixi ilə bağlı kifayət qədər diqqət çəkən məqamlara toxundu:

"Dünyanın 150 ölkəsindən Milli Məclisə nümayəndələr gəlmişdi. Onlar ən yüksək səviyyədə parlamentdə təmsil olunurdular. Qardaş Türkiyənin Böyük Millət Məclisinin başqanı Binəli Yıldırım da tədbirə qatılmışdı. Prezident öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin yaranması barədə danışaraq dünyaya mesaj verdi. Hamının diqqətinə çatdırdı ki, Şərqin ilk demokratik Cümhuriyyəti və parlamenti məhz Azərbaycanda təsis olunub. Xarici ölkələrdən gələn nümayəndələr aydın şəkildə başa düşdülər ki, onlar 100 illik demokratik uğurlara nail olan və bununla qürur duyan bir millətin məmləkətinə gəliblər. Biz yüz il bundan öncə demokratik prosesləri başladaraq Cümhuriyyət qurmuşuq, nümunəvi Parlament yaratmışıq”.

Tarixçi-alim bildirib ki, Milli Məclisdəki xüsusi iclas və dövlət başçısının çıxışı həm də müasir Azərbaycan dövlətinin gücünün və qüdrətinin nümayişi idi:

"Ölkəmizə gələn qonaqlar hava limanında təyyarədən enərkən Azərbaycanın necə bir məmləkət olduğunu gördülər. Dövlətimizdəki inkişafa, gözəlliyə və uğurlara şahidlik etdilər. Çox güman ki, qonaqlar şəhəri gəzərkən arzu ediblər ki, kaş onlarda da bu cür sabitlik, rahatlıq olsun. Dövlət başçısı öz nitqi ilə ölkənin siyasi, iqtisadi və mənəvi durumu haqqında kifayət qədər ətraflı məlumat verdi, aydın görüntü yaratdı. Ən əsası isə bütün dünyaya bəyan etdi ki, mənfur qonşumuz olan Ermənistan bizim ərazilərimizə təcavüz edib və 26 ildir işğalda saxlayır”.

Qeyd edək ki, sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. İclasda çıxış edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandırıb. Dövlət başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Həmçinin, bu il "Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

İsmayıl