Bu gün Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.
Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, müvafiq qurumlar operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır. Prezidentin bu qərarı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. İlham Əliyevin hər zamankı kimi bu qərarı ilə də hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdiyi qeyd olunub.
Prezident İlham Əliyevin göstərişi ilə "Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərər çəkən vətəndaşlara kompensasiya ödənilməsini yüksək dəyərləndirən millət vəkili Azər Badamov hesab edir ki, bu dövlətimizin vətəndaşa diqqət və qayğısının göstəricisidir:
"Cənab Prezdent İlham Əliyev ümidsiz qalmış insanların ümididir. Əvvəllər də zəlzələ zamanı və Kür aşmasından evləri dağılmış, pis duruma düşmüş insanlara da ölkə başçısı dayaq durdu, o insanlara dövlət tərəfindən yeni evlər tikilib verilib”.
"Diqlas” ticarət mərkəzinin yanması nəticəsində əmlakları külə dönən insanların da çarəsiz duruma düşdüyünü vurğulayan millət vəkili deyib ki, yaranmış vəziyyət
Hamı kimi ölkə başçısını da çox narahat edib və müvafiq qurumların iştirakı ilə məsələ ilə bağlı müşavirə keçirilib:
"Ölkə başçısı keçirdiyi müşavirədə tezliklə yanğının səbəblərinin araşdırılmasına, sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsinə və müəyyən olunacaq maliyyənin ödənilməsinə dövlət büdcəsindən vəsait ayrılmasına tapşırıq verib. Bu, bir daha cənab Prezidentin siyasətinin təməlində vətəndaşın dayandığını göstərir. Onu da qeyd edim ki sahibkarlara dəymiş ziyanla bağlı dövlətin heç bir öhdəliyi yoxdur və dünyanın heç bir ölkəsində də belə ziyanları dövlət ödəmir. Çünki, hər bir sahibkar öz fəaliyyətini sığortalamalı və hər hansı fövqəladi hal baş verərsə dəymiş ziyanı da sığorta şirkətləri ödəməlidir. Çox təəssüf ki, bizdə sahibkarlar əmlakın sığortalanmasından yayınmaqla vəsaitlərə qənaet etməyə çalışırlar. Bu cür bədbəxt hadisələr baş verəndə isə pis duruma düşürlər, çarəsiz qalırlar. Düşünürəm ki, baş vermiş hadisədən bütün sahibkarlar nəticə çıxarmalı, əmlakları sığortalamalı və gələcəkdə belə bir hal təkrarən baş verərsə söğorta şirkətləri ziyanı ödəməlidir”.
Şəymən