Prezidentin imzaladığı fərman inqilabi addım oldu
Azərbaycan korrupsiyaya qarşı mübarizə çağırışlarına adekvat cavab verdi və nümunəvi model yaratdı
Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı maraqlı məqamlara toxunub. Dövlət başçısı bəyan edib ki, ölkədə rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Prezidentin sözlərinə görə, mübarizə sistem xarakterli tədbirlər vasitəsi ilə həyata keçirilir:
"Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri tətbiq olunub, olunacaq, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır”. Ölkə rəhbəri vurğulayıb ki, son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verib: "ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilib və "ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır”.
Prezident valyuta ehtiyatlarının artırılması istiqamətində çox ciddi addımlar atıldığını diqqətə çatdırıb:
"Baxmayaraq ki, keçən il büdcəmiz builki kimi deyildi, eyni zamanda, neftin qiyməti aşağı səviyyədə idi. Biz düzgün siyasət və maliyyə sahəsində nizam-intizamı gücləndirmək yolu ilə valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırdıq”. Dövlət başçısının vurğuladığı kimi, korrupsiyaya qarşı cəzalar önəmlidir və hər zaman tətbiq olunacaq. Lakin bəyan edildiyi kimi, institusional tədbirlərin bəzən daha çox əhəmiyyəti olur. Hazırda ASAN Xidmətin gördüyü işləri paralel olaraq həyata keçirən dövlət qurumları, müvafiq şöbələr öz varlığını qoruyur. Ancaq insanlar əvvəllər olduğu kimi bəzi şöbələrin əməkdaşlarına rüşvət vermirlər. ASAN-a müraciət edərək, kiçik dövlət rüsumu ödəməklə işlərini həll edirlər. Nəticədə ödənilən pul büdcəyə gedir və beləliklə korrupsiyanın qarşısı da alınmış olur.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, dövlət idarəçiliyinin mürəkkəbləşməsi, bürokratik aparatın sürətlə genişlənməsi dünyanın bir çox ölkələrində aktual problem kimi özünü büruzə verməyə başlayıb. Ekspert bildirib ki, xüsusən əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində bürokratiyanın artan təzyiqi açıq-aşkar hiss olunmağa başlanmışdı:
"Vətəndaşlar faktiki olaraq öz korporativ maraq və ənənələrinin keşiyində duran aparatlar qarşısında köməksiz vəziyyətdə qalmışdılar. Bu "bürokratik monstr” yalnız vətəndaşlar üçün deyil, həmçinin, intitusional təsisat kimi dövlət üçün də ciddi problemlər yaradırdı. Bürokratiyanın mühafizəkarlığı və faktiki olaraq, dövləti öz girovuna çevirmək cəhdləri idarəçilik sahəsində ixtisaslaşan ekspertlər tərəfindən açıq-aşkar təhdid kimi qiymətləndirilirdi. Bu fikirlər "bürokratiya dövləti” nəzəriyyələrində açıq ifadə olunurdu. Ekspertlər vəziyyətin ənənəvi islahatlar yolu ilə dəyişməyəcəyinə inanaraq, əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində tamamilə yeni yanaşmaların tətbiq olunmasının zəruriliyi qənaətinə gəldilər. Bu yanaşmalar yeni publik menecment, yəni yaxşı dövlət idarəçiliyi konsepsiyalarına söykənən sosial-idarəçilik innovasiyalarının tətbiqini nəzərdə tuturdu. Xüsusən, əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində bu innovasiyalar artıq özəl sektorda sınaqdan çıxarılmışdı və çox böyük müsbət nəticələr vermişdi”.
Hüquqşünasın sözlərinə görə, bu innovasiyaların dövlət idarəçiliyinə tətbiqi yeni nəsil dövlət qulluqçularının yetişdirilməsi və əhaliyə xidmət sahəsində "müştəri məmnuniyyəti” prinsipinin əsas götürülməsini ehtiva edir:
"Dövlət başçısının vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı 2012-ci ildə imzaladığı fərman inqilabi bir addım oldu. Azərbaycan korrupsiyaya qarşı mübarizə, "bürokratiya dövləti” çağırışlarına adekvat cavab verdi və nümunəvi model yaratdı. Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, bu cür institusional islahatlar daha səmərəlidir. Bu doğrudan da belədir və "ASAN xidmət” modeli ilə Azərbaycan dövlət xidmətlərinin göstərilməsi sahəsində çağırışlara öz cavabını verə bildi və başqaları üçün örnək olacaq praktika yaratdı. Təsadüfi deyil ki, "ASAN xidmət” artıq bir Azərbaycan brendinə çevrilib və orjinal yanaşma kimi bütün dünyada qeyd olunur. "ASAN xidmət” mərkəzlərinin yaradılması ilə vətəndaş-dövlət münasibətlərinin elə modeli işə salındı ki, insanlar xidmət alarkən bir qayda olaraq subyektiv xüsusiyyətləri büruzə verən məmurların göstəriş və təlimatlarına deyil, hamı üçün bərabər imkanlar yaradan prosedur və alqoritmlərin tələblərinə riayət edirlər”.
Ekspert deyib ki, ən vacib mələsə odur ki, bu prosedur ənənəvi sistemdən fərqli olaraq məmurların dominatlığını, subyektiv qərarların üstünlüyünü təmin etməyə yox, məhz vətəndaşın rahatlığına nail olunması məqsədilə nəzərdə tutulub:
"Dünya təcrübəsi ilə müqayisə etsək, ölkəmizə xas xüsusiyyətlər və real imkanlar nəzərə alınaraq Azərbaycan təcrübəsində optimal yanaşmanın tapıldığını deyə bilərik. Azərbaycan təcrübəsi daha çox Braziliya modelinə yaxındır. MDB ölkələrindən isə Rusiyada fəaliyyət göstərən dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksionallı mərkəzlərin fəaliyyəti ilə paralellər aparmaq mümkündür. Qazaxıstanla müqayisədə isə Azərbaycan təcrübəsi daha perspektivli görünür. Bütün bunlar dövlət xərclərini azaltmağa, korrupsiyaya qarşı səmərəli, effektiv mübarizə aparmağa, vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edir”.
İsmayıl