Ən başlıcası odur ki, Azərbaycanda siyasi sabitlik var, təhlükəsizlik mühiti mövcuddur
Dünyada baş verən sürətli və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin xarici siyasət kursunu daha da aktuallaşdırır. O cümlədən müstəqilliyinə qovuşmuş ölkələrin yeni şəraitin tələblərinə cavab verən kurs müəyyənləşdirməsi strateji mahiyyət kəsb edir. Bunun üçün həm milli-tarixi ənənədən qaynaqlanan qaydalar gözlənilməli, milli maraqlar təmin edilməli, həm də diplomatiyanın müasir metodlarından yararlanılmalıdır. Eyni zamanda müasir qlobal dünyanın çağırışları çərçivəsində fəaliyyət göstərilməlidir. Azərbaycanın xarici siyasət kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də yürütdüyü xarici siyasətini məhz bu prinsiplər əsasında qurur, inkişaf etdirir.
Azərbaycanın həyata keçirdiyi xarici siyasətlə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın uğurlu xarici siyasətinin kökündə dayanan əsas amil ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu davam etdirməkdir. Deputat bildirib ki, ümummilli liderin müəyyən etdiyi balanslı, tarazlaşdırılmış və çoxvektorlu xarici siyasət kursu bütün beynəlxalq uğurlarımızın əsasını təşkil edir:
"Cənab Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi xarici siyasət kursuna sadiqdir. Ona görə də bu siyasət günümüzdə də davam etdirilir. Lakin burada incə bir məqamı nəzərdən qaçırmaq olmaz. Dünyamız çox sürətlə dəyişməkdədir. Dövlət başçısı İlham Əliyev sürətli dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq xarici siyasəti qurur və yeniliklər gətirir. Bunun sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri kifayət qədər güclənib”.
E.Nəsirova görə, Prezidentimizin müəyyən etdiyi xarici siyasi kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır:
"Biz bu cür siyasətin çox böyük faydasını, bəhrəsini görmüşük və bu gün də görürük. Çünki ikitərəfli əlaqələrimiz formalaşdıqca üçtərəfli, dördtərəfli münasibətlərimiz də inkişaf edir. Biz qonşu dövlətlərlə münasibətə xüsusi əhəmiyyət veririk. Münasibətlər inkişaf etdikcə nəticə etibarı ilə ölkəmiz və bütövlükdə regionumuz nəqliyyat dəhlizinə çevrilir. Bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsini Azərbaycan yenidən yazmaqdadır. Əgər Azərbaycanın ikitərəfli formatda Rusiya və İranla münasibətləri formalaşmasaydı, Şimal və Cənub nəqliyyat dəhlizini yaratmaq mümkün olmazdı. Eyni zamanda Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlıq və tərəfdaşlıq etməsəydik, Şərq-Qərb nəqliyat dəhlizini işə sala bilməzdik. Bunların hamısı böyük nailiyyətlərdir".
Millət vəkili vurğulayıb ki, qonşu dövlətlərlə olan yaxın münasibətlər nəticəsində 2011-ci ildə BMT-nin TŞ-na 155 dövlətin səsini qazanmaqla qəbul edilmişik:
"İki dəfə dünyanın ali qurumuna sədrlik etmişik. Bu ilin avqust ayının 12-də Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb. Bunlar tarixi əhəmiyyəti olan hadisələrdir. Dövlətimizin beynəlxalq mövqeləri getdikcə güclənməkdədir. Demək olar ki, bütün ölkələr Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar. Ölkəmiz çox nəhəng layihələri həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti beynəlxalq önəmi olan layihələrdir. Azərbaycan Avropanın meqa-qaz layihəsi sayılan Cənub Qaz Dəhlizinin yaranmasının təşəbbüskarıdır. Bu layihə çoxsaylı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. TANAP layihəsi işə salınıb, yaxın zamanlarda TAP da işə düşəcək. 2020-ci ildə Azərbaycan qazı Avropaya çıxarılacaq. Bütün bunlar Azərbaycan diplomatiyasının uğurlarıdır”.
Milli Məclisin üzvü deyib ki, Azərbaycanda siyasi sabitlik var, təhlükəsizlik mühiti mövcuddur:
"Bunun əsasında isə hakimiyyət-xalq birliyi dayanır. Xalq öz Prezidentini dəstəkləyir, onun siyasətini müdafiə edir. Ölkə Prezidenti də yalnız və yalnız xalqımızın milli maraqlarının müdafiəsini təmin edən siyasət həyata keçirir”.
İsmayıl