Prezidentin qərarı ən cəsarətli addımdır

2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin çox böyük mənası var



"Azərbaycan islam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili” elan edirəm”.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı xatırladıb ki, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Bu, çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirib. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi və mədəni tədbirdir, ictimai hadisədir. Bu, bir daha Azərbaycanın müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə olduğunu göstərir”. 

Prezident bəyan edib ki, İslam Həmrəyliyi Oyunları hazırda islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq: 

"Bəzi qüvvələr islam haqqında yanlış rəy formalaşdırırlar ki, guya, islam geridə qalmış sivilizasiyadır, dünya üçün təhlükədir və s. İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir. Ona görə də İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dövlət başçısının qəbul etdiyi qərarlar zamanın çağırışlarını özündə ehtiva edir: "Prezidentimiz zamanı qabaqlayan lider kimi bu və ya digər qərarları qəbul edəndə biz sonradan həmin qərarların nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha görürük. Məsələn, ölkə rəhbəri 2016-cı ili "Multikulturalizm ili” elan edəndən sonra həyat göstərdi ki, doğrudan da multikultural dəyərlərin bütün dünyada bərqərar olunması olduqca vacibdir. İndiki şəraitdə də "İslam Həmrəyliyi ili”nin elan olunması hesab edirik ki, vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən bir addımdır. Bu gün islam dünyası beynəlxalq aləmdə özünəməxsus yer tutur. İslam ölkələri İslam Əməkdaşlıq Təşkilatında (İƏT) birləşirlər. Biz statistikaya nəzər salsaq, bu gün dünya əhalisinin təqribən 22 faizi islam dünyasına məxsusdur. Yəni islam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Azərbaycan da islam dünyasının bir parçasıdır. Ölkəmizin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, dövlətimiz islam dünyasında bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir”. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da deyib ki, 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi çox məntiqli addımdır: 

"Bu qərar çox düzgün, zərurətdən doğan və yalnız islam dünyasında yox, bütün dünyada böyük əks-səda yaradacaq bir addımdır. Bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Eyni zamanda, ötən ili "Multikulturalizm İli” elan etməklə Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini ortaya qoydu. Dünyaya göstərdi ki, bu konfessiyalar, dinlər içərisində xüsusi diqqətə layiq olan islam dinidir. Bununla yanaşı, cənab Prezidentin "Biz islam dünyasını birləşdirmək istiqamətində səylərimizi ortaya qoyacağıq” sözləri

heç də təsadüfi deyil və hesab edirəm ki, bu, həm millətimizin adını islam dünyasında, həm də islam aləmini dünyada yeni və yüksək bir mərhələyə qaldıracaq”. Politoloq Mübariz Əhmədoğlu da bildirib ki, Azərbaycan çox azsaylı dövlətlərdəndir ki, həm Avropa təşkilatlarının, həm də islami strukturların üzvüdür: "Coğrafi baxımdan Qərblə Şərq arasında yerləşən Azərbaycanda bu iki sivilizasiya kəsişir. Birinci məsələ Azərbaycanın coğrafi vəziyyətini reallaşdırmaq, yəni sivilizasiyaların qarşılaşdığı məkan kimi potensialını ortaya qoymaqdır. İkinci istiqamət isə Azərbaycan rəhbərliyinin siyasi iradəsidir. Prezidentin islam dünyasının Qərbdə necə tanınması barədə verdiyi izah Azərbaycanın işə başlamasının başlanğıc nöqtəsidir. Bu, Prezidentin qlobal miqyasda ən cəsarətli ideyalarından biridir. Hesab edirəm ki, bu ideya da reallaşdırdığımız digər ideyalardan olacaq”.

İsmayıl