Bir sıra dərmanların qiymətində ciddi enmələr var
Dərman qiymətlərindəki özbaşınalığa son qoyuldu. Dərmanların qiyməti ilə bağlı məsələ xeyli vaxt idi əhalini narahat edirdi. Elə vəziyyət yaranmışdı ki, hər aptekdə dərmanı fərqli qiymətə görürdük. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bu il keçirilən müşavirəsində məsələ ilə bağlı verdiyi müvafiq tapşırıqdan sonra Səhiyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar bununla bağlı işlər aparmağa başladı.
Bir müddət sonra Tarif Şurasının iclası keçirildi və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinə start verildi. Şuranın Katibliyinin yaydığı məlumata görə, ilk mərhələdə daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti aşağı salınıb. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək.
Ekspertlərə görə, Tarif Şurasının yeni qərarı qiymətləri ucuzlaşdırmaqla yanaşı, aptek və həkim arasındakı qeyri-sağlam əlaqəni də kəsəcək.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı dərman preparatlarının qiymətlərinin aşağı salınmasına münasibət bildirərkən deyib ki, bu qərar xalqın rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu addımdır: "Ümumiyyətlə, Azərbaycan Nazirlər Kabinetinin və Tarif Şurasının apteklərdə dərman preparatlarının qiymətinin aşağı salınması ilə bağlı qərarı çox düzgündür və müsbət bir addım kimi qiymətləndirilməlidir. Bu kimi addımlar əhalinin sosial vəziyyətinə çox müsbət təsir göstərəcək. Xüsusilə ölkə başçısı İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi artıq öz təsirlərini göstərməkdədir. Apteklərdə qiymət artımı müşahidə olunmur, əksinə, bir sıra dərmanların qiymətində ciddi enmələr var. Bu, çox yaxşı haldır. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin ölkə xalqının rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti uğurlu addımdır. Düşünürəm ki, bu kimi hallar dərmana ehtiyacı olan insanların qarşısına çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayacaq”.
Millət vəkili Elman Məmmədov da bildirib ki, ölkə başçısı tərəfindən ciddi tədbirlər görülür: "Bu qərar çox ciddi məsələdir. Bütün bunlar cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında həyata keçirilir. Ölkə başçısı insanlarımızın, vətəndaşlarımızın bütün problemləri ilə yanaşı, eyni zamanda sağlamlıqlarının qeydinə qalması məsələsini də hər zaman diqqət mərkəzində saxlayır. Təbii ki, cəmiyyətdə maddi durumuna görə müxtəlif təbəqələrə aid insanlar var. Buna misal olaraq yaşlı, əlil insanları və digərlərini göstərə bilərik. Onların dərman almaq imkanları məhduddur. Heç şübhəsiz ki, bir çox işbazlar da müəyyən məsələlərdən istifadə edib gətirilən dərmanların qiymətlərini öz bildiyi kimi təyin edib satır. Məsələn, bir neçə aptekə gedirsən və görürsən ki, orada müxtəlif qiymətlər mövcuddur. Prezidentin göstərişi, tapşırığı ilə bunların qarşısının alınması üçün çox ciddi tədbirlər görülür. Bu addımlar insanlarımızın ancaq qayğısına qalmaq və onların sağlamlığının keşiyində olmaqdır”.
İsmayıl