Prezidentlərin görüşü gərgin keçəcək

Rusiya Ermənistanı silahlandırmaqla paritet yaratmağa çalışır
Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ehtimalı sıfırdır


Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq. Bu barədə məsələ Ermənistan hökumətinin 12 oktyabr sessiyasının gündəliyinə daxil edilib.

Bildirilib ki, iclasda Ermənistan və Rusiya hökumətləri arasında İrəvana kredit ayrılması üzrə sazişinin razılaşdırılmasına baxılacaq. Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 20 il müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub. Xatırladaq ki, 2015-ci il iyunun 26-da Ermənistan və Rusiya arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. 

Düşmən ölkənin silahlandırılmasına münasibət bildirən politoloq Şahin Cəfərli deyib ki, Rusiya Ermənistan ordusunun silahlanma səviyyəsinə görə hələ də Azərbaycandan geri qaldığını gördüyü üçün paritet yaratmağa çalışır: 

"Rusiya bu tip razılaşmalarla Ermənistanı daha sıx özünə bağlayır və nə vaxtsa ovcundan uçub Qərbə tərəf getməsinin önünü tıxayır. Özümüzü aldatmayaq. Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ehtimalı sıfırdır. Yalnız Rusiyanın nəzarətində qısamüddətli, lokal toqquşmalar mümkün ola bilər. İş ondadır ki, hazırkı şəraitdə münaqişənin sülh yolu ilə ədalətli, yəni bizim xeyrimizə həlli də mümkün deyil. Hazırda işğalçı ölkənin ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının geniş hərbi təlimləri keçirilir”.

Politoloq Məhəmməd Əsədullazadə də bildirib ki, Rusiyanın bu siyasəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsinə hesablanıb. Ekspertin sözlərinə görə, münaqişənin həllinin uzadılması Cənubi Qafqazda Rusiyanın geosiyasi maraqlarına cavab verir: 

"Ötən gün Soçidə MDB dövlət başçılarının məhdud sammitində Putinin real imkanı var idi ki, Ermənistan və Azərbaycan prezidentləri ilə bir araya gəlib, gündəmdə olan münaqişənin həllinə töhfə versin. Lakin Rusiya lideri MDB məkanında konfliktlərin həlli ilə deyil, üzv ölkləri bir araya gətirərək Qərbə mesaj verməklə məşğuldur. İlin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Görüş ərəfəsində Ermənistana silah krediti ayrılması danışıqları da Ermənistanın mövqeyinin güclənməsinə hesablanıb. 

Gələn il Rusiya, Azərbaycan və Ermənistanda seçkilər olacaq. Şübhəsiz ki, seçkiqabağı Rusiya regionda yeni müharibə ocağının alovlanmasına imkan verməyəcək. Sarkisyan da öz mövqeyini qorumaq üçün kompromisə getməyəcək. Yəni prezidentlərin görüşü baş tutsa belə gərgin atmosferdə keçəcək”.

İsmayıl