Onların xaricə getməsi üçün Türkiyə və Azərbaycanı seçməsi, əsasən bu iki ölkənin Avropa ilə əlaqələrindən irəli gəlir
Dövlət Sərhəd Xidmətinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda Böyük Britaniya vətəndaşlarına məxsus saxtalaşdırılmış pasportlarla Bakı-London reysi ilə İngiltərəyə getmək istəyən 1978-ci il təvəllüdlü Cimen Ayşegülü və övladı 2009-cu il təvəllüdlü Cimen Zeynebsunu saxlayıblar. Şəxsləri ələ verən şübhəli davranışları olub.
Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin yanvarın 1-də İstanbul-Bakı reysi ilə Azərbaycana gəlmiş İran vətəndaşları Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı Pərvəreş Pəniz Əli qızı olmaları müəyyənləşdirilib. Əvvəlcə həmin şəxslərin saxta pasportları Azərbaycanda kimdənsə aldıqları ehtimal edilirdi. Amma sonradan məlum olub ki, şəxslər saxta pasportları İstanbulda tanışları olan Məhəmməd adlı İran vətəndaşından 15 min ABŞ dolları müqabilində əldə ediblər. Şübhəsiz ki, İran vətəndaşları Türkiyədən aldıqları saxta pasportlarla elə qardaş ölkə ərazisindən də Avropaya uça bilərdilər.
Bəs, onların tranzit ölkə kimi Azərbaycanı seçməsinin səbəbi nədir? Ümumiyyətlə, iranlıların öz ölkələrini Türkiyə və Azərbaycan vasitəsi ilə tərk etməsinin son günlər ölkədə yaşanan etirazlarla, qarışıqlıqlarla əlaqəsi varmı?
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, İranda sosial-iqtisadi problemlər dərinləşdikcə, vəziyyəti ağırlaşan əhali çıxış yolunu ölkəni tərk etməkdə görür. Ekspertin fikrincə, ABŞ-ın yenidən İrana qarşı iqtisadi sanksiyaları bərpa etməsi, xarici investorların ölkəyə gəlməməsi, siyasi vəziyyətin kövrək olması əhali arasında ümidsizlik yaradır:
"İmkanı olan iranlıların ölkəni tərk edəcəyi gözlənilir. Hətta İranda son etiraz aksiyalarından sonra, miqrasiyanın artacağını da istisna etmirəm. İranda sabitlik həssasdır, istənilən situasiyada bu sabitlik pozula bilər. Vurğulamaq lazımdır ki, İran vətəndaşlarının xaricə getməsi üçün Türkiyə və Azərbaycanı seçməsi, əsasən bu iki ölkənin Avropa ilə əlaqələrindən irəli gəlir. İranın qonşuluğunda Avropa ilə sıx əlaqələri olan məhz bu iki ölkədir. İran vətəndaşları Azərbaycanda özlərini təhlükəsiz hesab edirlər. Ölkəmizdən tranzit kimi istifadə edilməsi bundan irəli gəlir.
İran əhalisi artıq teokratik rejimin "şıltaqlıqlarına” dözmək istəmir. Bu da siyasi miqrasiyanın artmasına səbəb olur. Ancaq məlum səbəblərdən bu köç Azərbaycan üzərindən həyata keçirilir. Xatırladım ki, ölkəmizdə də İran vətəndaşları var və daşınmaz əmlaka sahibdirlər. Hesab edirəm ki, İran azərbaycanlılarının ölkəmizə gəlişi həm də dil və dinin ortaq olmasından qaynaqlanır”.
İsmayıl