"...Problemli kreditlərin mütləq əksəriyyəti qayıdacaq" - Ekspertdən ŞOK

Əkrəm Həsənov: "Bank sahiblərinin öz yaxınlarına asan şərtlərlə verdiyi kreditlər problemli kreditlərin əksəriyyətini təşkil edir"




"Problemli kreditlərin əksəriyyəti əhalinin götürdüyü kreditlər deyil”.

Bu sözləri "Sherg.az”a bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyib.

O diqqətə çatdırıb ki, bank sahiblərinin, inzibatçıların öz yaxınlarına, şirkətlərinə, tanışlarına asan şərtlərlə verdiyi kreditlər problemli kreditlərin əksəriyyətini təşkil edir:

"Bankları mənimsəyib, talan ediblər. Bu kreditlərin qaytarılmasının tək yolu hüquq sistemi ilə addım atılmasıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və hüquq-mühafizə orqanları birlikdə əməliyyat aparmalı, bu cür problemli kreditləri aşkara çıxarmalıdırlar. Nəticədə, ya həmin şəxslər haqqında cinayət işi qaldırılmalı, ya da "oğurlanan” pullar yerinə qoyulmalıdır. 

Belə halda problemli kreditlərin mütləq əksəriyyəti qayıdacaq, insanların götürdüyü bəzi kreditlər qalacaq və müəyyən güzəştlərlə onu həll etmək olar. Bankların həmin adıçəkilən qurumlarda təsirləri, adamları olduğuna görə, bu proses aparılmır”.

Hüquqi addımların bankların hazırkı vəziyyətinə necə təsir edəcəyinə gəlincə isə, Ə.Həsənovun sözlərinə görə, bu addımlar bank sahəsinin çökməsinə səbəb ola bilər:

"Təbii ki, bankların arasında sağlam fəaliyyət göstərənlər də var. Amma pis bankların fəaliyyəti yaxşı bankları da nüfuzdan salır, işinə təsir edir. İnsanlar arasında isə ümumi bank sektoruna inamsızlıq formalaşır”.

Aysel Aslan