Prodüser yoxdur, müğənnilər qohumlarının ümidinə qalıb

Əgər prodüser gedib müğənniyə toy tutursa, bu, artıq prodüserlik deyil, maklerlikdir



Şou-biznesin yazılan və yazılmayan qanunlarının olduğunu bilmək əslində çətin deyil. Xüsusilə söhbət Azərbaycan şou-biznesindən gedirsə, buranın ab-havasını tutmaq hər adamın işi deyil. Çünki Azərbaycan şou-biznesinin elə azərbaycansayağı gedişatları var ki, adam çaş-baş qalır. Şou-biznesdə tanınmaq üçün isə xüsusilə bir neçə vasitədən istifadə edilir. Bəziləri sponsor hesabına, bəziləri qalmaqal, bəziləri hit mahnılarla, bəziləri də prodüser gücünə tanınırlar.

Ümumiyyətlə, prodüser tanınmışın yaradıcılığında, tanınmasında rol oynayırmı?

Dünya şou-biznesinin tanınmışlarından danışsaq, onların böyük əksəriyyətinin fəaliyyətində prodüser mərkəzlərinin və ya konkret bir prodüserin rolu var. Hətta dünya ulduzlarının böyük layihələrində məhz prodüserlərin adı çəkilir. Çünki böyük layihələr məhz prodüserlərin peşəkar işi ilə gündəmə damğasını vura bilir.

İstər dünyanın ən möhtəşəm ödül törənlərindən sayılan "Oskar” mükafatının təqdimatlarında, istər "Qremi”, istər "Kann” festivalında və digərlərində tanınmışlarla yanaşı, prodüserlər də ödüllərə layiq görülürlər. Bu ödül törənlərində seçilən dünyanın məşhur prodüserləri ilə işləmək üçün isə bir çox tanınmışlar iş təkliflərində bulunurlar. Bizdəkilərdən fərqli olaraq dünya şou-biznesinin istənilən sektorunda prodüserlər kapital gətirən, maliyyə məsələlərini həll edən, layihələrə imza atan və bu layihələr vasitəsilə milyonlar əldə etməyi bacaran peşəkarlardır. Amma çox təəssüf ki, bizdə prodüser peşəsi hələ də ürəkaçan şəkildə deyil. Hər yerindən duran müğənninin yanında çanta və ya disk daşıyan, onun hizmətində duran işçilərlə prodüser işini səhv salırlar.

Azərbaycan şou-biznesinin son illər ən problemli yeri məhz prodüserlərlə bağlıdır. Bizdə, ümumiyyətlə prodüserlər sistemi düzgün qurulubmu?

Nəyə görə bu mövzuya toxunuruq? Çünki Azərbaycan şou-biznesində müğənni-prodüser qalmaqalları demək olar ki, mütəmadi rast gəldiyimiz insidentlərdən sayılır. Əslində müğənnilərlə prodüserlərin biri-birini döyməsinin də, müxtəlif səpkili təhqirlərlə ünvanlarına xoşagəlməz fikirlər səsləndirdiklərinin də şahidi olmuşuq. Səhnəyə yeni gələn ifaçının ilk vəzifəsi özünə prodüser tapmaqdır. Onlar da hər gün efirlərdə prodüser-müğənni qalmaqallarını görüb üz tuturlar işsiz qalan qohum-əqrəbalarına. Bu işin hansı mənsəbə qulluq etdiyini bilməyən qohum-əqrəba da prodüserliyin toyları danışıb, gələn zənglərə cavab verməkdən başqa bir şey olmadığını düşünür. Bir az pulu olan müğənnilər isə qazanclarının yarı faizini verməyə razılaşaraq, bahalı prodüserlərlə yola çıxmağa qərar verirlər. Bir-iki ildən sonra isə onların münasibəti dostluğa, ailə münasibətlərinə, sonra da dava-qırğına çevrilir. Prodüser adı ilə işləyən, özlərini həm menecer, həm də prodüser kimi təqdim edənlərin əksəriyyəti isə müğənnilərə "toy tutmaqla” işlərini bitmiş sanırlar. El arasında belələrinə "makler prodüserlər” də deyirlər. "Makler prodüserlər” işin bu qədər sadə olduğunu hesab etsələr də, uzun müddət məşhur müğənnilərlə çalışan prodüserlər sahibi olduqları sənətin çox çətin olduğunu söyləyirlər.

Son iki gündə mətbuat da tanınmış prodüser Toliklə müğənni Sevda Yəhyayevadan yazmağa maraq göstərdi. Belə ki, onlar aralarında olan işbirliyinə son qoymağa qərar verdilər. Düzünü desək, adətən müğənni ilə prodüser arasında işbirliklərinə son qoyulan gün qalmaqal başlayır. Biri digərinin bostanına daş atır. Prodüser deyir ki, filan müğənnini mən tanıtdım, gündəmə gətirdim, müğənni deyir prodüser mənimçün heç nə etmirdi, zəif idi, filan. Ya da işlədikləri müddətdə biri-birinin yanında hər hansı qəbahəti, gizli həyatı olubsa bunu mətbuata söyləməklə gündəmi zəbt edirdi. Ancaq Toliklə Sevdanın ayrılığı bu baxımdan fərqləndi. Onlar çox sakit şəkildə ayrılıqlarını ifadə etməklə, heç bir qalmaqala yer qoymadılar.

Səbəbin nə olduğunu isə zənn etmək çətin deyil. Sevda xaraktercə çox sakit, mədəni bir xanım kimi mətbuatda özünü tanıdıb. Tolik də nə qədər çılğın, emossional olmasına baxmayaraq, əksər hallarda kimsənin haqqını yemədən, obyektiv mövqe nümayiş etdirib.

Əslində bir maraqlı məqamı da diqqətdən qaçırmaq lazım deyil ki, Tolik Sevda ilə işbirliyi zamanı müğənninin bir çox layihələrini həyata keçirə bilib. Digər tərəfdən, Sevdanın yanında Azərbaycanın ən qalmaqallı prodüserinin olması bəzi həmkarlarını qorxudurdu. Tolikə görə heç kim Sevdanın bostanına daş atmamağa çalışırdı. Bundan sonra nə olacaq, bunu zaman göstərəcək.

Azərbaycan şou biznesinin inkişafında prodüser işinin rolu nə qədərdir? Bizdə prodüser institutunun hələ də olmaması bu sahəyə mənfi təsirini göstərirmi?

Ümumiyyətlə, müğənnilərin, tanınmışların prodüserə ehtiyacı varmı?

Elə müğənnilərimiz var ki, onların bu günə qədər prodüserləri olmayıb. Yəni həmin müğənnilər nə prodüserlərinin hesabına hər hansı layihəyə imza atıblar, nə də prodüserdən asılı qalıblar. Misal üçün, Xalq artisti Faiq Ağayev bu günə qədər heç bir prodüserlə çalışmayıb. Düzdür, onun güclü komandası olub. Amma müğənni prodüser köməyindən istifadə etməyib. Onun heç bir layihəsində, klipində, konsert projesində prodüser adına da rast gəlmək mümkün deyil. Buna baxmayaraq, müğənni fəaliyyəti ilə hər zaman diqqət mərkəzində qala bilib. Elə Əməkdar artist Cavanşir Məmmədov, İzzət Bağırovun da heç vaxt prodüseri olmayıb. Amma bu o demək deyil ki, onların işləri getmir. Toya da gedirlər, mahnı da yazdırırlar.

Xalq artisti Zülfiyyə Xanbabayevanın adının yanında isə hər zaman prodüserin adı hallanır. Müğənninin bu günə qədər olan bir çox böyük layihələrində, məhz prodüseri Nigarın adı çəkilir.

Amma elə müğənnilər də var ki, məhz prodüserlərin köməyi ilə gündəmə gələ biliblər.

Bu baxımdan prodüser Təranə Səmədovanın da adı çox hallanır. Təranə bu günə qədər bir çox tanınmışlarla çalışıb. Kərim Abbasov, Rəqsanə, Günay İbrahimli kimi tanınmışlarla işləyən Təranə Səmədova da yetərincə qalmaqallı prodüser kimi tanınıb. Bəs onun kimlərinsə tanınmasında prodüser kimi rolu olubmu? Təbii ki, olub. Xüsusilə də son günlər adı tez-tez hallanan Günay İbrahimlinin bu qədər tanınmasında birbaşa prodüser Təranə Səmədovanın əməyi olub. Bunu bəzən Günay etiraf etməsə belə, bu bir həqiqətdir.

Maraqlandıq ki, prodüserlərin özləri nə düşünürlər. Azərbaycanda peşəkar prodüserlər var? Ya onların hamısı elə disk daşımaq funksiyasını yerinə yetirir?

Tanınmış prodüser Təranə Səmədova hesab edir ki, müğənnilərlə yaşadığı qalmaqallar onun imicinə təsir etməyib.

Bu barədə prodüser yerli telekanallardan birinə bildirib.

"Mən həmişə müğənniləri qalmaqalla yox, yaradıcılıqları ilə gündəmə gətirməyə çalışmışam. Ancaq elə olur ki, müğənni özü qalmaqallara can atır. Bu artıq mənim günahım deyil. Oxucuların şərhlərini oxuyanda görürəm ki, onlar günahı məndə görürlər, lakin bu belə deyil. İndi qalmaqal etmək əvvəlki kimi dəbdə deyil. Buna görə də yalnız yaradıcılıq üzərində işləmək lazımdır”, - o əlavə edib.

Bir çox müğənnilərlə çalışan məşhur prodüser Təranə Səmədova bildirdi ki, istedadlı müğənnini irəli çəkmək üçün istifadə etdiyi ən yaxşı üsullardan biri bəstəkara müraciət edib, yaxşı mahnı yazdırmaq, onu düzgün aranjiman etdirməkdir. Onun sözlərinə görə, bütün bunlar düzgün formada, balansı qorumaq şərti ilə həyata keçirilərsə, bunu edənlər prodüser adını daşıya bilərlər: "Bugünkü prodüserlərə menecer desək, daha doğru olar məncə. Müğənni ilə prodüser arasında üçüncü şəxs yoxdursa, müğənninin tanınmasının 50 faizi onun özündən asılıdırsa, 50 faizi də prodüserdən asılıdır. Makler rolunu oynayan, özlərini prodüser kimi təqdim edənlərin maksimum bacarıqları isə müğənniyə toy tutmaq olur. Həmin prodüserlər hansısa müğənninin tanınmasında, yetişdirilməsində rol oynamırlar. Məndən soruşanda ki, filan prodüseri tanıyırsanmı? O zaman deyirəm ki, o prodüser deyil, maklerdir. İndiyə kimi işlədiyim müğənnilərin heç birindən özümə qarşı güvənsizlik görməmişəm. Azərbaycanda iki prodüser tanıyıram - biri mənəm, biri də Tolik (Tarix Əliyev- X.R.). Bizə güvənməyən insan yoxdur, çünki işlərimiz göz qabağındadır. Amma bizim adımıza xələl gətirən insanlar var ki, prodüserlikdən çox, başqa işlərlə məşğuldurlar”.

Təranə Səmədova bəzi adını prodüser qoyanların müğənnilərin inamını itirəcək işlərlə məşğul olduqlarına görə özlərinə olan etibarı itirdiklərini söylədi: "Prodüserlərə güvənini itirən müğənnilər yanlarında qohumlarını gəzdirirlər və onlara etibar etməyə çalışırlar. Məsələyə digər tərəfdən yanaşanda, görün hansı müğənnilərin qohumu onun üçün ağlagəlməz proyektlər edib? Qohumu ilə işləyən bütün müğənniləri tanıyıram. Yaxşı sənətçilərin prodüserə hər zaman ehtiyacı var. Müğənninin dünyaca tanınmış olması üçün prodüserin rolu çox böyükdür. Bu təkcə Azərbaycana aid deyil. Azərbaycanda müğənninin, prodüserin o qədər çox gəliri olmalıdır ki, sərhədləri aşacaq bir layihəyə yatırmaq imkanı olsun. Azərbaycanın daxilində yaxşı iş baha başa gəlir. Müğənninin burada qazandığı pul ancaq elə bura yatırmağa bəs edir. Maksimum Röya qədər pul qazanmaq lazımdır ki, öz pulunun hesabına dünya bazarlarına gedib çıxa biləsən. Müğənninin ən azı Aygün Kazımova kimi çoxlu tanışı, əlaqələri olmalıdır ki, layihələri sərhədləri aşa bilsin. Xaricdə tanınmaq heç bir müğənniyə pulsuz başa gəlmir”.

Prodüser Səbuhi Arif isə söhbətimiz zamanı Avropa ölkələrinə baxanda bizdə prodüser strukturunun başqa formada qurulduğunu dedi. Onun sözlərinə görə, Azərbaycanda prodüserlər sənətçilərin maddi işlərini özləri həll edirlər: "Bizdə pulu verən müğənni olduğu üçün daha çox onların sözü keçərli olur. Müğənnilərin tanınmasında 70-80 faiz prodüserlərin əməyi var. Çünki onlar müğənnilərin bütün işlərini görür. İndi hamı özünə prodüser deyir, əslində bu işi bilən adam azdır. Prodüser gərək müğənni ilə işləməyin bütün prosedurlarını bilsin. Səhnəyə yeni gəlmiş ifaçının əvvəlcə potensialına baxmaq lazımdır. İfaçı üçün əsas onun səsidir, daha sonra xarici görünüşü və növbəti mərhələlər. Ondan sonra fotosessiya, mahnı seçimi, PR, ifaçının efirə çıxarılması, klip çəkilişləri və sair həyata keçirilir. Müğənniləri məşhurlaşdıran prodüserlərimiz var. Düzdür, həmin prodüserlərin sonda qədir-qiyməti bilinməyib. Belə ki, prodüser müğənnini gətirir yaxşı yerlərə, sonra aralarında soyuqluq olanda müğənni başqası ilə işləməyə başlayır. Avropada isə hər iki tərəf qanunla işləyir”.

Səbuhi Arif prodüserlərin müğənnilərə toy tutması ilə bağlı da danışdı: "Əgər prodüser gedib müğənniyə toy tutursa, bu, artıq prodüserlik deyil, maklerlikdir. Disk daşımaq başqa şeydir, menecerlik və prodüserlik isə tamam başqa. Bilirsinizmi, yaxşı, istedadlı prodüserlər var və bir o qədər də işini bilməyənlər də fəaliyyət göstərir. İndiyə kimi kimlə işləmişəmsə hamısı mənə güvənib, başqalarına cavabdeh deyiləm. Elə prodüser var ki, efir adı ilə müğənni aldadır və ya toyu baha danışır, gətirib müğənniyə pulu az verir. Bir çox müğənnilər də istəmir ki, xeyrini başqasına versin, ona görə də qohumlarına müraciət edir. Bir-iki nəfər pis prodüserə görə hamının adı pis olur”.

Tahirə