Putin ABŞ-a hazırlaşır, amma nəticə olmayacaq

İqtisadi və maliyyə problemi getdikcə ölkə daxilində dərinləşir



Rusiya Prezidenti Vladimir Putin sentyabrda Nyu-Yorkda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının sessiyasında iştirak edəcək. Kreml rəhbərinin ali yığıncaqda çıxış edəcəyi və daha sonra Prezident Obama ilə görüşəcəyi də deyilir.

Səfər 15-22 sentyabr tarixlərində baş tutacaq. Ekspertlər Putinin ABŞ səfərini müxtəlif aspektdən dəyərləndirirlər. Bir sıra politoloqlar hesab edirlər ki, Putin-Obama görüşü baş tutarsa, Qərblə Rusiya arasındakı bəzi siyasi və iqtisadi gərginliklər aradan qalxa bilər. Hətta bu səfərin Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir qədər yumşaldacağı iddia olunur. Məsələyə münasibət bildirən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov isə hesab edir ki, Rusiya Prezidentinin ABŞ səfəri gözlənildiyi kimi hər hansı uğur gətirməyəcək. Bunun isə səbəbləri var: "Rusiya Ukraynanın Milli Təhlükəsizliyini və suverenliyini məhv edəcək siyasətini yenə də davam etdirir. Buna görə də Qərb və Avropa heç bir halda Rusiyaya güzəştə getmək fikrində deyillər. Bu o halda mümkündür ki, Rusiya xarici siyasətdə köklü dəyişikliklər etsin və işğalçı siyasətindən əl çəksin. Lakin indiki şərait onu göstərir ki, Rusiya nəinki işğalçı siyasətdən əl çəkmək fikrində deyil, əksinə, əlavə olaraq bir neçə ölkəni təhdid edərək öz ərazisinə qatmaq fikrindədir”. F.Məmmədov deyib ki, Putin bu cür siyasəti ilə tarixdə ad qoymaq istəyir: "Onun hədəfi keçmiş postsovet məkanını az da olsa, bərpa etməkdir. Lakin Putin buna nail ola bilməz, çünki zaman və tarix çox dəyişib. İndiki halda Qərb və Avropa yeni imperiyaların yaranmasına izn verməyəcək”.

Politoloqun fikrincə, Rusiya özü çirkab içindədir. İqtisadi və maliyyə problemi getdikcə ölkə daxilində dərinləşir: "Bu baxımdan yaxın gələcək Rusiya üçün nikbin görünmür. Bütün bu hadisələri analiz etdiyimiz zaman əminliklə deyə bilərik ki, Qərb və Avropa ilə tərəfdaşlığı möhkəmləndirmək zəruridir. Əks təqdirdə, Rusiya təcavüzü artıq demək olar qapıdadır. Düşünürəm ki, bütün bu məlumatlardan xəbəri olan Qərb və Avropa liderləri bir daha Putinə aqressiv siyasəti durdur deyə çağırış edəcəklər. Əgər bütün bu çağırışlar heç bir nəticə verməsə, o zaman Qərb üçün alternativ variantlardan istifadə qaçılmaz olacaq”.

İsmayıl