Rusiya iqtisadiyyatını Türkiyə vasitəsi ilə dirçəltmək istəyir
Rusiya prezidenti Vladimir Putinin dekabr ayının əvvəlində Türkiyəyə edəcəyi səfər hər iki ölkədə böyük müzakirələrə səbəb olub. Çünki Putinin böyük ümidlər bəslədiyi ikitərəfli geniş tərkibli görüşdə bir çox mühüm məsələlər müzakirə olunacaq. Analitiklərin əksəriyyəti Putinin Türkiyə səfərinin hər iki ölkənin maraqlarına uyğun olduğu qənaətindədirlər. Xüsusən, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Kremlin Türkiyə timsalında özünə yaxın tərəfdaş seçməsi təbiidir. Eyni zamanda Türkiyə üçün də Rusiya ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi sərfəli hesab olunur.
Bu səbəbdən Putin və Ərdoğan hakimiyyətlərinin 2020-ci ilə qədər Rusiya ilə Türkiyə arasında ticarət həcminin 35 milyard dollardan 100 milyard dollara çatdırmağa çalışması başadüşüləndir. Həmçinin, neft və qazla Qərbi təzyiqdə saxlayan Rusiya ilə enerji daşıyıcılarının Avropaya çatdırılmasında tranzit rolunu üzərinə götürməyə hazırlaşan Türkiyə arasında münasibətlərin yaxşılaşması hər iki dövlətin strateji maraqlarına cavab verir. ABŞ başda olmaqla Qərb ölkələrinin apardığı siyasət də Rusiya ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını zəruri edir. Belə ki, qarşılarında güclü Türkiyə görmək istəməyən Qərb ölkələri NATO üzvü olan dövlətə qarşı müxtəlif ssenariləri işə salır. Buna misal olaraq PKK terror təşkilatını, Yaxın Şərqdə müstəqil Kürdüstan dövlətinin yaradılması layihələrini göstərmək olar. Rusiya-Türkiyə yaxınlaşmasının Qafqaz və Yaxın Şərq bölgələrində sabitliyə təkan verəcəyi də şübhəsizdir. İqtisadi cəhətdən isə iki ölkənin əməkdaşlığı daha çox Türkiyənin xeyrinə olacaq. Çünki xidmət və yüngül sənaye iqtisadiyyatı yaxşı inkişaf etmiş Türkiyə iş adamları üçün Rusiya kimi böyük bir bazar olduqca cəlbedicidir.
İki dövlət arasındakı münasibəti şərh edən politoloq Fikrət Sadıqov vurğulayıb ki, son zamanlar Türkiyə Qərbin yaxın müttəfiqi sayılmır. Düzdür, Türkiyə NATO-nun üzvüdür və bir sıra məsələlərdə Qərbin mövqeyini, dəyərlərini bölüşür. Amma buna baxmayaraq, hələ də Türkiyəni Avropa Birliyinə qəbul etmirlər: "Bu baxımdan rəsmi Ankara Moskva ilə münasibətlərin yaxşılaşmasına üstünlük verir. Xüsusən, son aylar iki ölkənin partnyorluq əlaqələri xeyli inkişaf edib. Hətta əldə edilmiş razılığa görə Rusiya Türkiyədə atom elektrostansiyası tikməyi də boynuna götürüb. Münasibətlərin formalaşmasında Türkiyənin Avropa və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaması da diqqətə alınmalıdır. Bu baxımdan Rusiya Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Çünki Türkiyə kimi böyük bir dövlət Rusiya iqtisadiyyatını dirçəldə bilər. Zənnimcə, tərəflər arasındakı ikili münasibətlər daha da inkişaf edəcək”.
Amma buna baxmayaraq, ekspert hesab edir ki, Türkiyə ilə iqtisadi yaxınlaşma Rusiyanı düşdüyü böhrandan tamamilə xilas edə bilməz: "Türkiyə Rusiyanın bütün problemlərini həll etmək gücündə deyil. Rəsmi Ankaranın belə bir məqsədi də yoxdur”.
"Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərmi” sualına isə F.Sadıqov belə cavab verib: "Regional problemlər hər zaman iri dövlətlərin siyasətindən asılı olur. Şübhəsiz ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin Rusiya faktoru ilə bağlı olduğunu yaxşı bilir. Əgər Rusiya ilə yaxınlaşma kontekstində Türkiyə Dağlıq Qarabağ problemini ön plana çəksə və münaqişənin həlli ilə bağlı təşəbbüs göstərsə, Kremlin Azərbaycanla bağlı mövqeyi müəyyən qədər yumşala bilər. Təbii ki, ilk növbədə Türkiyə özü bunu etməli və Azərbaycanın yaxın müttəfiqi kimi məsələni gündəmə gətirməlidir”.
İsmayıl