Rusiya prezidenti Vladimir Putin terrorçu dəstə olan İraq Şam İslam Dövlətini (İŞİD) müdafiə edib. Kreml rəhbəri Misirə səfərindən öncə "Əl-Əhram” qəzetinə verdiyi müsahibədə bildirib ki, Qərb koalisiyasının hava hücumları "İslam dövləti” ilə bacara bilməz. Onun sözlərinə görə, bu qruplaşmaya qarşı tədbirlər təhlükənin miqyasına uyğun gəlmir: "BMT-nin Təhlükəsizlik Şurasının sanksiyaları olmadan İŞİD-ə qarşı tətbiq olunan bombardmanları qanunsuz sayıram”. Bu arada qeyd edək ki, ötən günlərdə Amerika adıçəkilən terror təşkilatına qarşı mübarizəyə 8,8 milyard dollar vəsait ayıracağını bəyan edib. Məlumata görə, həmin məqsədlə ABŞ-ın Dövlət Departamenti 3,5, Müdafiə Nazirliyinə isə 5,3 milyard dollar veriləcək. MN-ə ayrılacaq vəsait terrorçuların mövqelərinə aviazərbələrin həyata keçirilməsi üçün sərf olunacaq.
Putinin "İŞİD” dəstəyinin gizlinlərini şərh edən "Trend” İnformasiya Agentliyinin analitiki, tanınmış politoloq Arzu Nağıyev "Şərq”ə söyləyib ki, Moskvanın terrorçu qruplaşmanı dəstəkləməsi fikri kökündən yanlışdır.
Ekspertin qənaətincə, Rusiya prezidenti dəstəklə bağlı mövqe nümayiş etdirməyib: "Məlumdur ki, İŞİD hazırda dünya tərəfindən tanınan, ən qəddar terrorçu təşkilatlar siyahısında bəlkə də birincidir. Məhz buna görə də Kreml onu heç vaxt müdafiə etməz. Çünki onların bir qolu da Şimali Qafqaza, yəni Rusiyanın özünə gəlib çatır”.
A.Nağıyev onu da əlavə edib ki, Ağ Evin İraqda və Suriyada quru qoşunlardan istifadə edəcəyi və ümumiyyətlə, bu əməliyyatlara daha 8 milyard ayıracağı kimi bəyanatlarından sonra Moskva da narahatdır: "Suriyanı İran və Rusiya hərtərəfli dəstəkləyir. Hərbi və digər yardımlar göstərir. Əsəd rejiminin devrilməsi üçün isə ABŞ, məhz İŞİD-dən də istifadə edir. Buna görə də hava hücumları effekt vermir və bəlkə də verməyini istəməyənlər daha çoxdur. Putinin bəyanatı da bundan qaynaqlanır. Çünki İŞİD-in bombalanması ilə paralel Əsəd qüvvələri də bombalanır. Buna görə isə doğrudan da BMT-nin Təhlükəsizlik Şurasının sanksiyaları olmalıdır. Ola bilsin, Putin iddiasında bunları nəzərdə tutub”.
Politoloq Taleh Əliyev də bəyan edib ki, Vaşinqtonun İŞİD-ə qarşı mübarizəyə daha irimiqyaslı vəsait ayırması və terrorçuların zərərsizləşdirilməsi istiqamətində konkret addımlar atması Kremli narahat etməyə başlayıb: "Suriyada Əsəd rejimini iqtidarda saxlayan Moskvadır. Görünür, ABŞ terrora qarşı mübarizəyə başlayırıq deyib, Suriyanı vurmaq istəyir. Putin bunu anlayır. Ona görə də beynəlxalq hüquqa zidd mövqe sərgiləyir”.
Ayyət Əhməd