Putin Paşinyanı niyə qəbul etməyib? - Fikir ayrılıqları






"Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini qəbul etmir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, məhz Paşinyanın Davosdan birbaşa Moskvaya getməsi, Putin tərəfindən qəbul edilməməsi, Kremlin indiki hakmiyyəti ilə dərin fikir ayrılıqlarının təzahürüdür:

"Bura Qarabağ münaqişəsinin həll variantları da daxildir. Paşinyan Kremlin "Lavrov planını" qəbul etmir, Vaşinqtonla əlaqələrə üstünlük verir. Çünki, bu, onun hakmiyyəti üçün Moskva tərəfdən təhdid və təhlükədir. Kremlin ideoloqu, politoloq Aleksandr Duqin qeyd edir ki, Paşinyan Sarkisyanın vaxtı ilə razılaşdığı beş rayondan imtina edir. Amma Duqin bilərəkdən beş rayon əvəzində ortaya qoyulan şərtləri açıqlamır. Ona görə ki, beş rayonun əvəzində Kremlin şərti ölkəmizin əleyhinədir.

Həmçinin, Duqin vurğulayır ki, Paşinyan "aprel döyüşlərindən” sonra Qarabağla bağlı razılaşmaları pozub. Göründüyü kimi, Duqin Sarkisyanı müdafiə edir, Paşinyana nifrətini gizlətmir. Çünki məsələyə Rusiyanın geosiyasi maraqları kontekstindən yanaşır, eyni zamanda "Qarabağ klanı”nı dolayı yolla dəstəkləyir. Yaxşı olardı ki, Duqin deyərdi ki, "yeddi rayon qaytarılsın və Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin”.

Amma bunu dilinə gətirmir. Kremlə yaxın politoloqlar Sergey Makrov, Şevçenko və Duqin özlərini Azərbaycana dost sayırlarsa, ilk növbədə nala-mıxa vurmamalıdırlar. Konkret olaraq, ədalətli mövqe sərgiləməli, BMT qətnamələrini rəhbər tutmalıdırlar”.

Ekspertin sözlərinə görə, hazırda Vaşinqtondan verilən mesajlar Azərbaycan üçün məqbul sayıla bilər:

"Çünki Vaşinqtondan gələn bəyanatlarda yeddi rayonun qaytarılması ilə bərabər münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli qeyd edilir”.

İsmayıl