Cütlük razıdırsa, xəstəliyə baxmayaraq evlənə bilərlərMusa Quliyev: “Əslində xəstəlik aşkarlanan şəxslər müalicə üçün bir müddət nikahlarını təxirə salsalar, daha yaxşı olar”
İyulun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyənlərdən müvafiq icra hakimiyyətlərinə digər lazımi sənədlərlə yanaşı, tibbi arayış da tələb edilir. Səhiyyə Nazirliyindən mətbuata verilən məlumata görə, həmin tarixdən indiyə qədər 33 412 nəfər tibbi müayinədən keçib. Onların bəzilərində QİÇS, siflis və talassemiya xəstəlikləri aşkarlanıb.
"Nikah haqqında” qanunun qəbulu ölkədə yayılmaqda olan QİÇS, hemofiliya və talassemiya kimi təhlükəli, genetik xəstəliklərin qarşısını almağa yönəlsə də, bu xəstəlik daşıyıcılarının nikaha daxil olmaqdan imtina etmədiklərini görürük. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə bunun normal hal olduğunu bildirib: "Bizim qəbul etdiyimiz qanun xəstəlik səbəbindən insanların nikaha daxil olmasını qadağan etmir, bu, şəxslərin ixtiyarına verilir. Bu tədbirin üstün cəhəti xəstəlikləri barədə tərəflərin məlumatlı olmasıdır. Bu halda ailə qurmağa hazırlaşan cütlük nikaha daxil olmaqdan imtina etməsə də, şəxslər hansı xəstəlik daşıyıcısı olduğunu bilir, bu yöndə müalicə alır. Bu insanların sağlamlıq vəziyyətinin özlərinə və biri-birlərinə məlum olmasını, gələcəkdə sağlam uşaq doğulmasını ehtiva edən qanundur. Mən hətta xəstəliyi olan və nikaha daxil olmaqdan imtina etməyən Azərbaycan gənclərini alqışlayıram. Görünür, sevgi üstündə qurulan nikahlardır ki, xəstəliyə də üstün gəlib”. Millət vəkilinin fikrincə, əslində xəstəlik aşkarlanan şəxslər müalicə üçün bir müddət nikahlarını təxirə salsalar, daha yaxşı olar: "Gələcəkdə belə hallar olarsa, nikahı bir müddət ertələmək və ya müəyyən qoruyucu tədbirlər həyata keçirməklə yarana biləcək problemin qarşısını ala bilərlər”. Bununla belə M.Quliyev hesab edir ki, QİÇS kimi təhlükəli xəstəlik daşıyıcısının nikaha daxil olması onların seçimidir: "Şəxs bunu gizlətmirsə və qarşı tərəf də bunu qəbul edirsə, bu, normaldır. Qanunda qeyd edilir ki, xəstəlik daşıyıcısı tərəf-müqabilini məlumatlandırmadığı təqdirdə cinayət məsuliyyəti daşıyır. Bu, insanların seçimidir. Heç kimin xəstəliyə görə insanları diskriminasiyaya qoymağa haqqı yoxdur”. "Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, QİÇS daşıyıcısı olan birinin bu xəstəliyini bilə-bilə başqa birinə ötürməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Yox əgər xəstənin özünün də belə bir virus daşıyıcısı olduğundan xəbəri yoxdursa, burada heç bir cinayət tərkibi yoxdur. Faktiki olaraq, analiz vermədən bu xəstəliyin müəyyənləşdirilməsi, aşkara çıxarılması mümkünsüzdür. Gənclərin HİV daşıyıcısı olduğunu bildiyi halda ailə qurmaq istəyinə təəssüfləndiyini vurğulayan ekspert deyib ki, bu, ən azı cahillikdir: "Uzun müddət HİV-ə yoluxmaq ölüm hökmünə bərabər tutulub. Amma son zamanlar bu yanaşma nisbətən yumşalıb. Çünki indi QİÇS-ə yoluxan heç kəs ölmür. Xəstəliyin radikal müalicəsi olmasa da, antivirus terapiyası ilə insanlar ömürlərinin sonuna qədər yaşaya bilərlər”. Bununla belə Z. Mustafayeva da hesab edir ki, gənclərin evlənəcəyi şəxsin QİÇS kimi təhlükəli xəstəlik daşıyıcısı olduğunu bilməsinə rəğmən nikaha daxil olmasına heç bir məhdudiyyət yoxdur. Qanunda insanların bu seçiminə müdaxilə nəzərdə tutulmayıb: "Əvvəla onu deyim ki, virus daşıyıcısı olan şəxslərin ətrafındakı insanları bu barədə məlumatlandırmaq kimi bir məsuliyyəti yoxdur. Çünki QİÇS hər bir insanın şəxsi problemi və öz xəstəliyidir. Amma hər bir HİV daşıyıcısı evlənəcəyi, yəni, birbaşa təhlükə altında olan şəxsə bu bəradə ətraflı məlumat verməyə borcludur. O ki qaldı qarşı tərəfin onu qəbul edib-etməməsinə, bu onun şəxsi qərarıdır. Ailənin belə qızlarının QİÇS daşıyıcısı olan bir oğlanla nikahına mane olmaq səlahiyyəti yoxdur. Burada bütün məsuliyyət cinsi partnyor olmağa hazırlaşan qadının üzərinə düşür. Bu qərar müəyyən qədər riskli olsa da, qanunsuz deyil. Əslində, Azərbaycanda da belə ailələr var. Neçə ailə var ki, faktiki olaraq, kişi QİÇS daşıyıcısıdır, yoldaşı da bunu bilir. Amma onlar qorunduqları üçün qadın bu xəstəliyə yoluxmayıb, evliliklərində də heç bir problem yoxdur. Onu da deyim ki, müalicə aldığı təqdirdə virusun həcmi o dərəcədə azalır ki, onu başqasına ötürmək olmur. Bu zaman da QİÇS-ə yoluxan adam təhlükəli hesab olunmur”.
Şəymən