“Bura öz doğma qızımın yalanı üzündən düşmüşəm. 16 yaşlı qızımın mənə atdığı böhtan ailəmi dağıtdı”
Ehtiyaclar sonsuzdur. Bəşər cəmiyyəti mövcud olandan sanki ehtiyaclar da onunla bir doğulub - maddi və mənəvi ehtiyaclar. Bütün bu ehtiyacları birləşdirən ortaq cəhət var ki, o da insanın var olması üçün vacib amillərdir. Amma maddi ehtiyaclarımız mənəvi ehtiyaclarımızı üstələyəndə o zaman əsl insanlıqdan çıxırıq. Bəzi insanlar düşünür ki, maddiyyat olmadan mənəviyyatdan söhbət gedə bilməz. Bu, belə deyil.
Məsələn, biz qadınlar bəzən bir kəlmə şirin sözü neçə-neçə qarın dolusu yeməkdən üstün tuturuq. Xoş təbəssümə ehtiyac duyuruq. Əks cinsin nümayəndəsinin düşüncələrini gözlərindən oxumaq istəyirik. Bildirməsini istəyirik bizə olan sevgisini... Bir dəstə çiçəklə və bəzən həyətdən dərilmiş bir ədəd qızılgüllə bütün qəbahətlərini bağışlamaq istəyirik... Özəl günləri xatırlamasını istəyirik... Onun üçün bütün işlərdən önəmli olduğumuzu bilmək üçün... Sevdiklərimizin diqqətinə ehtiyac duyuruq.
"Qadın zərif məxluqdur” deyirlər. Zəif yox. Zərif yaradılanlar kimi onun da qayğı və diqqətə ehtiyacı var. Bu ehtiyaclar ödənilməyəndə qadın zərif bir gül kimi solur, ya da başını aşağı dikir. Özünü tənha və lazımsız hiss edir. Halbuki, bəşəriyyətdəki bütün xoş əməllərin başında qadın durur. Bütün gözəlliklər qadın əlində rahatlıq, dinclik tapır. Bəs onda nədən bu əməyin ehtiyacını lazımınca qiymələndirməyək? Axı bu gün ətrafımızda olan tanıdığımız, tanımadığımız bir çox qadınların bu diqqətə ehtiyacı var, dostlar.
Bu gün müxtəlif səbəblərdən həyatları dağılan qadınlar da var. Hərdən onları da yada salaq. Hərdən ailəsindən uzaq düşən, tənha qalan, ailəsindən, uşaqlarından ayrılan. Bəzən kiçik yaşlarından qadınlığını unutmağa məcbur olan qadınları ittaham etmədən onların taleyi ilə maraqlanaq.
Bu maraq bizi "Sevgililər günü”ndə tənha olan, həyatdan küskün düşən qadınların ünvanına - Qadın sığınağacına apardı.
Dar küçələrin apardığı çətin yol
Dar küçə ilə gəlib çatdıq Qadın sığınacağına. "Təzəpir” məscidinin yaxınlığında olan dar küçələrlə yürüyüb çatdıq mənzil başına. Köhnə, bəlkə də ötən əsrdən qalan sınıq salxaq pilləkənlə qalxıb köhnə taxta bir qapını döydük. Qapını bizə gec açdılar. Görünür, sığınacağın sakinləri hərə öz dərdi ilə baş-başa qalanda döyülən qapı səsinə önəm vermirlər. Bir də niyə önəm versinlər ki? İnsanın qulağı o zaman qapıda qalır ki, gözlədiyi kimsə olsun. Bu sığınacağın sakinləri kimsəni gözləmirlər. Bəlkə də o qapının döyülməsini xəyal edirlər, amma hər gün yaşadıqları acı real həyat bu xəyallardan onları uzaqlaşdırır. Onlar da artıq yavaş-yavaş qəbul edirlər ki, bu qapını onların yaxınları döyməz.
Biz dəvətsiz qonaq olsaq da, o qapını döydük. Nəhayət, qapını bir xanım açdı. Baxışlarında soyuq bir ifadə var idi. "Xoş gəlmisiniz” belə deyən olmadı. Bunu biz də pis qəbul etmədik. Tanımadıqları birinə "xoş gəlmisiz” necə desinlər ki?
İçəri daxil olanda oranın nəmişlikdən qoxlayan soyuq divarları diqqətimizi çəkdi. Qış ayında çöldə hava nə qədər soyuq olsa da, içəridəki soyuqluq daha buz kimi idi. Görünür, bu soyuqluq təkcə havanın soyuq olması ilə bağlı deyildi. Sığınacağın sakinlərinin buzlaşmış baxışları oranı sanki buzlaşmış məkana çevirmişdi.
Ayaqqabımızı çıxarmağı məsləhət görmədilər. Dedilər soyuqdu, üşüyərsiz. İçəri daxil olduq. Cırıldayan köhnə taxta döşəmədən otağa keçdik. Üzümüzə ilk əvvəl bir xanım çıxdı. Baxışlarında ümid axtaran bir qadını xatırladan bir cizgi hiss olunurdu. Gülərək "Salam. Mən sizi tanıdım” dedi. Hər zaman efirlərdə haqlı tənqidlərinizi görmüşəm. Sizə hörmətim var. Bir gün sizi həyatda görəcəyimi ağlıma belə gətirmirdim” dedi.
Evdəkilərlə salamlaşdıqdan sonra gəlişimizin səbəbini söylədik. Bildirdik ki, sığınacaqda məskunlaşan qadınların həyatı ilə maraqlanırıq. Onların həyat yolunu öyrənib mənəvi dəstək olmaq istəyirik.
Onlarla həmsöhbət olmaq ümidi ilə sığınacağın qapısını döymüşük.
Elə bu məqamda qapının kənarından mənə baxın əslində çox gənc bir xanımın soyuq tərzdə "mən heç kimə müsahibə verməyəcəm” deyə səsini eşitdim. Təxminən 18-19 yaşlı bir qızın baxışlarında olan soyuqluq onun insanlara olan inamsızlığından xəbər verirdi. Həyat onu yaşından daha tez sərtləşdirə bilmişdi. Danışmaqdan, əslində bölüşməkdən qaçan gənc qızın inamsız cizgiləri onun haqqında çox söz deyə bildi.
Bu məqamda bayaq bizə yaxınlaşan üzündə tənhalıq qadın ifadəsi olan xanım bizə çay içməyi təklif etdi. Təşəkkür edib, bir az ev sakinləri ilə söhbət etdik. Sonra yavaş-yavaş təklikdə bir neçəsi ilə həmsöhbət olmaq imkanımız yarandı.
İlk həmsöhbətim məni qapıdan qarşılıyıb tanıdığını söyləyən o qadınla oldu.
Dar otaqda sınıq-salxaq divanın üstündə qadınla söhbətə başladıq. Ordakıların heç biri adının çəkilməyini istəmədi. Hərənin özünə görə bir səbəbi var idi. Ona görə də sığınacaq sakinlərinin adlarını sizə şərti təqdim etməli oluruq.
Deyirlər insanda sonuncu ölən ümidlərdi. Mən də ümidi qırılan qadının həyatını sizlərlə də bölüşmək istədim.
Bu gün bir çox qadınlar müxtəlif səbəblərdən ailələrindən, evlərindən kənarda ağır şəraitdə həyatlarını yaşamaq məcburiyyətindədirlər. Kimisi qadınların qoruya bilən ictimai birliklərə, qadın sığınacaqlarına üz tutur, kimisi də bunların mövcudluğundan belə xəbərsiz olub pis yollara düşür, əxlaqsız həyat tərzi yaşayır, insan alverinin qurbanlarına çevrilirlər.
Onlar insanlara inanmır...
"Təmiz dünya” İctimai Birliyi müxtəlif səbəblərdən ailəsindən, evindən uzaq düşən, çarəsiz qalan, onlara pənah gətirən qadınların ümid qapısına çevrilib. Biz də onların vasitəsilə sığınacaq həyatı yaşayan qadınlarla həmsöhbət olmaq imkanı əldə etdik.
Təbii ki, bir reallığı da qeyd edək ki, başqa ölkələrdə də qadın sığınacaqları mövcuddur. Ancaq onların şəraiti ilə bu gün Azərbaycanda olan qadın sığınacaqları arasında böyük fərq var.
Bir az aşağıda biz qısa da olsa, müəyyən fərqləri qeyd etməyə çalışarıq.
Burada olan hər bir sakin istədiyi insanla telefonda rahat əlaqə yarada bilir
Uzağa getməyək, Türkiyədə qadın sığınacaqlarının şəraiti və qanunları bir qədər fərqlidir. Sığınacaqlarında məskunlaşan qadınların ev şəraitləri daha yaxşıdı. Onlar belə məkanlarda özlərini daha güvənli hiss edirlər. Bundan əlavə sığınacağa gələnlərə də müəyyən qanunlar bildirilir. Sığınacaqda məskunlaşan qadınların ən azı həyatlarına zərər gəlməməsi, onların insan alverinin qurbanlarına çevrilməməsi üçün qadınların mobil telefon işlətməsi qadağan olunur. Nəzərə alsaq ki, bu gün mobil telefon ən asan ünsiyyət vasitəsinə çevrilib və elə telefonlar vasitəsilə də ünsiyyət yaratmaq asandır, məkanı təyin etmək də mümkündür. Onda elə sığınacaqlarda qadınların həyatı sığortalansın deyə mobil telefondan istifadə qadağan edilir. Ən azı orada yaşadıqları müddətdə. Bu, ilk növbədə onların təhlükəsizliyi məqsədilə görülən tədbirlərdən biri kimi qiymətləndirilə bilər.
Sığınacaqda olduğumuz zaman başa düşdük ki, burada olan hər bir sakin istədiyi insanla telefonda rahat əlaqə yarada bilir. İstədikləri yerə gedə, istədikləri insanlarla görüşə bilmək imkanına sahibdirlər. Bu halda onların həyatını sığortalamaq, onların insan alverinin qurbanı olmamasını təmin etmək nə qədər real görünə bilər. Bizdə isə sığınacaqda məskunlaşan xanımlarımızın hamısı mobil telefondan, internetdən rahatlıqla istifadə etdikləri də diqqətimizdən qaçmadı.
Üstəlik, çox çətin şəraitdə olan yaşam şəraiti, nəm otaqlar. Soyuq, istilik sistemi olmayan evdə yaşamaq və digər problemlər də başqa ölkələrlə müqayisə oluna bilməz.
Sığınacaq sakininin şərti adı - Xəyalə
Bu xanımın həyatı 16 yaşlı qızına görə bir gecənin içində alt-üst olub. Ailəsinin razılığı ilə ailə quran Xəyalə xanım 3 övlad sahibidir. Ailə qurduğu ilk gündən həyat yoldaşının işgəncələrinə, sərt qadağalarına dözən bu qadın həyatı ilə barışaraq övladları üçün yaşamağa üstünlük verib. Uzun illər bağlı qapıda yaşayan Xəyalə xanım qayınanası, həyat yoldaşı tərəfindən mənəvi işgəncələrə məruz qalsa da, o, həyatını övladları üçün yaşamağa həsr edib.
O günə qədər ki, 16 yaşlı qızının bir yalanı onun bütün həyatını dağıdıb. Daha dəqiq desək, bir yalan təkcə bu qadının yox, bütün ailənin bəlkə də faciəsinə çevrilib.
Xəyalə xanımla sığınacaqda söhbətimiz zamanı onun acı həyat hekayəsinin şahidi olduq.
- Xəyalə xanım, sığınacağa necə gəlib düşdünüz?
- Allah heç kimi bu vəziyyətə, belə sınağa çəkməsin. Heç vaxt ağlıma gəlməzdi ki, bir gün belə bir həyat yaşamaq məcburiyyətində qalacam.
- 3 övladınız var. Bura gələnə qədər də ailəniz olub. Səbəb nə oldu ki, sığınacağa gəlib düşdünüz?
- Bura öz doğma qızımın yalanı üzündən düşmüşəm. 16 yaşlı qızımın mənə atdığı böhtan ailəmi dağıtdı.
- Qızınız sizə böhtan atıb?
- Bəli... (Ağlayır). Allah heç kimi belə imtanaha çəkməsin. Doğma balamın yalanının qurbanı oldum. 3 övladım var. Qızımın birinin 16 yaşı var. Şəkidə yaşamışam bura gəlib düşənə qədər. Çox hökmlü bir ərim olub. Mən evdən çölə icazəsiz çıxa bilməmişəm. Uşaqlar böyüyənə qədər də demək olar ki, ev dustağı olmuşam. Ailədə yoldaşım məni nə qədər incitsə də, uşaqlarıma görə dözüb oturmuşam ki, təki ailəm dağılmasın.
Uşaqlarıma da hər zaman nəzarət etmişəm. Qızımın istədiyi bir oğlan olub. Mən bilməmişəm. Amma gözüm kor olaydı. Əvvəl vaxtlar hiss etməmişdim. Oğlan da onunla 3 ay danışıb, görüşüb söhbət ediblər. Mənim xəbərim olmayıb. Bir gün qızım məndən soruşdu ki, mama, "uksus” nədir? Bu sual məni yerimdən oynatdı. Dedim, qızım, niyə görə soruşursan? Dedi ki, heç, qızlar danışırdı, mən də səndən soruşdum. Dedim, mama qurban, bir soruşdun, bir də heç vaxt soruşma. Yadından çıxart, pis şeydi. Adamın içini yandırır. Ertəsi gün hardansa "uksus” əldə edib. Gedib oğlanın qapısına. İstədiyi oğlan ona deyib ki, sən hələ uşaqsan, ailə quran vaxtın deyil. Biz ayrılaq. Mən uşaqlarımla dost olmağa çalışmışam ki, sirlərini mənimlə rahat bölüşə bilsinlər. O qızım da həmin oğlanın qapısında "uksus” içib.
Tahirə Məmmədqızı
(davamı var)