Qadın zəif məxluq deyil
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Yerli televiziyalarda ailə problemləri, o cümlədən gender, demoqrafiya kimi məsələlər vaxtaşırı çözülür. Ailələrdə, cəmiyyətdə baş verənlər müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin mövzusu ailədir. Fakt budur ki, son illər ölkədə boşanmaların sayı artıb, ailədaxili münaqişələrdən əziyyət çəkənlər həddindən artıq çoxdur. Bir çox ailələrdə qadınların hüquqlarının pozulması, onların analıq heysiyyətinin tapdanması halları var. Qadınlar döyülür, təhqir edilir, bəzən insan alverinə, fahişəliyə cəlb edilir. Bu, bəlli məsələdir. Boşanma tempinin yüksələn xətt üzrə getməsi isə insanları daha çox narahat etməlidir. Hazırkı dövrdə sağlam, problemsiz ailə qurmaq olduqca çətindir. Ailənin təməlinin möhkəm özüllər üzərində qurulması vacib faktordur ki, ailələr nə qədər çətinə düşsələr də dağılmasın.
Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.
Ölkəmizdə gender tendensiyasının başlaması tarixi daha əvvələ gedir. Bu özünü ilk növbədə 19-cu əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra ictimai həyata xeyriyyəçi kimi qatılması ilə göstərib.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları islam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir. O zaman belə bərabərliyə nəinki Şərq, bir çox Avropa dövlətləri belə həsəd apara bilərdi. Araşdırmalar göstərir ki, Cümhuriyyət dövründə hüquqi təməli qoyulmuş gender bərabərliyi prinsipi sovet dövrü ərzində həm hüquqi, həm də real baxımdan əksər hallarda həyata keçirilib. Qadının kişilərlə bərabər azadlığı, hüququ, imkanı, təhsili problemi həllini tapıb. Amma o dövrün ideologiyası, istər-istəməz, qadınların tam olaraq potensialının üzə çıxmasına mane olub.
Bu gün qadınların savadlanması, müxtəlif sahələrdə çalışması, öz hüquqlarını bilməsi cəmiyyətin müəyyən qrupu tərəfindən birmənalı qarşılanmır. Təəsüf ki, insanların böyük əksəriyyəti hətta zorakılığa məruz qalsa belə qadınları günahlandırır, qadının hər zaman müti olmasının vacibliyini bildirir. Nə qədər acı olsa da qeyd edək ki, qız uşaqlarının təhsil almasını lazımsız bilən, ona təhsil verməkdən boyun qaçıran ailələr var. Halbuki savadlı qadın eyni zamanda dünyagörüşlü ana deməkdir. Sabahısı gün o, öz övladının hərtərəfli inkişafına kömək olaraq cəmiyyətdə öz yerini tutan bir fərdi formalaşdıracaq.
Axır vaxtlar bir sıra sosial terminlər məişətimizə daxil olub. Tez-tez gender problemindən danışılır, demoqrafiya məsələləri gündəmə gətirilir. Təbii ki, bunlar yaxşı haldır. Məqsəd qadınların cəmiyyətdəki yerini möhkəmlətmək, xanımların ailə daxilində, cəmiyyətdə, iş prosesində pozulan hüquqlarını qorumaq, onların kişilərlə bərabər hüquqlu olmasının əyani şəkildə görsənməsi və s. məsələlərin həyata keçirilməsidir.
Bəs hazırkı cəmiyyətimizdə gender bərabərliyi hansı səviyyədədir? Ümumiyyətlə qadınla kişinin bütün məqamlarda bərabərliyi düzgündürmü, yoxsa burada müəyyən hədlər mövcuddur?
Qadınlar həmişə güclüdür...
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Azərbaycan qanunvericiliyində qadın və kişi bərabərliyi öz əksini tapıb: "Bütün sahələr üzrə gender bərabərliyi özünü göstərir. Təbii ki, müəyyən istisnalar ola bilər, məsələn, ağır iş şəraitində qadınların kişilərlə bərabər olması mümkün deyil. Gender bərabərsizliyi ilə bağlı kifayət qədər hadisələrlə rastlaşmışıq. Bu, erkən ərə verilmə, selektiv abortlar, qadının ailədə məişət zorakılığına məruz qalması, qərar qəbuletmədə qadınların sayının az olması və s. hadisələrdə əksini tapır.
Qadınla kişinin eyni hüquqa malik olması ilə bağlı limiti qadın qoyur, yəni qadın hara qədər kişi ilə bərabər olmaq istəyir? Qanunvericilik gender bərabərliyinə bütünlüklə icazə verir, amma qadın özünü hara qədər potensial hesab edir? Bax, bu, qadının daxili aləmindən asılıdır. Məsələn, mənim özüməməxsus limitim var, fikirləşirəm ki, bir qadın olaraq filan işə gücüm çatmaz. Amma dünya praktikasında göstərilir ki, güləş, qaydasız döyüşlər, sürücülük və digər ağır iş şəraitində qadınlar kişilərlə bərabərdir.
Hesab etmirəm ki, qadın zəifdir. Cəmiyyətin hər birimizə dərk etdirmək istədikləri fikir budur ki, qadın zəifdir. Lakin qadınlar həmişə kişilərdən dəfələrlə güclü olub. Bütün məsələlərdə - həm psixoloji, həm fiziki, həm də ideoloji baxımdan qadın daha güclüdür. Sadəcə olaraq müəyyən qısnamalar qadını bu fonda göstərir ki, o çox zəifdir və gücü yoxdur”.
Cəmiyyətimizdə kişi diktatı özünü ehtiva edir...
Millət vəkili Zahid Orucun fikrincə, gender bərabərliyi dünyada bütün dövlətlərin cəmiyyətdə bərqərar eləməyə çalışdığı bir siyasət, yaşam formasıdır: "Biz sovetlər birliyi kimi bir keçmişə malikik, orada qadınlar və kişilər arasında bərabərlik qoyulmuşdu və bu, böyük yol keçmişdi. Xanımların elmdə, təhsildə, idarəetmədə çəkisi xüsusi bir səviyyəyə çatmışdı. Azərbaycan cəmiyyəti bir qədər Şərq mentallığına malikdir, yəni kişi diktatı, patrialxal sistemin özünəməxsus cəhətlərini özündə ehtiva edir. Bu başa düşüləndir, bir sıra hallarda kişi diktatının müsbət tərəflərini inkar etmək olmaz. Qadınların kişilərə nisbətən daha üstün hüquqi təlimatı könüllü hadisə kimi təzahür edir, lakin bunun əksi də var.
Cəmiyyətimizdə zorakılıq faktları da mövcuddur. Bu hal dövlət tərəfindən ali məram kimi elan olunub, hətta ondan ötrü xüsusi bir komitə də yaradılıb. Düşünürəm ki, bu fonda nəzərə almalıyıq ki, istənilən halda bu gün dövlət rəhbərliyi sistemində, parlamentdə qadınlar aparıcı yer tuturlar. Elmlə, təhsillə gələcəkdəki konfiqurasiya dəyişə bilər. Yəni, göründüyü kimi biz artıq qız uşaqlarını mətbəx əşyaları ilə böyütmürük, onları fərqli bir ideallara sahib etməyə çalışırıq. Sovet dövləti haqqında çoxlu diskussiyalar gedir, amma diplomu cehizin ayrılmaz atributuna çevirməyin nəyi pis idi ki? Bunun arxasında həqiqətən də elm almaq istəkləri dayanırdı və ona görə də xanımlarımız təhsil baxımından nə qədər güclənəcəksə, Axundovun, Sabirin, C. Məmmədquluzadənin bir qədər ürək ağrısı, bir qədər də rişxəndlə yazdıqları hadisələr baş verməyəcək. Yoxsa Azərbaycan xanımı Dərviş Məstəli şahı çağırıb Şahbazın Avropaya gedən yolunu bağlamaq üçün cindarlıqmı etməlidir? Düşünürəm ki, Azərbaycan qadını Parisi dağıtmaq yerinə, həyat yoldaşı ilə getmək, təhsil almaq, uğurlu bir şəkildə yoldaşının yanında olmaq, cəmiyyətdə öz yerini tutmağa çalışmalıdır.
Etiraf etməliyik ki, qanımızda patrialxallıq yaşanır, kişi diktatı hissi var, bunu gizlətmək olmaz. Heç kəs ailədə bu mühüm hakimiyyətdən imtina etmək istəməz, bu elə bir yerdir ki, hamı söz sahibi olmaq istəyər”.
Ölkəmizdə kişi kultu həmişə yüksək olub...
Azərbaycan cəmiyyətinin tarixən qadına xüsusi hörmət göstərən bir cəmiyyət kimi tanındığını deyən kulturoloq Aydınxan Əbilov bu gün də ölkəmizdə qadınların kifayət qədər hüquqa malik olduğunu düşünür:
"Hətta klassiklərimizin əsərlərində də baş qəhrəmanlar qadınlar idi və bu qəhrəmanlar simasında qadına, ümumiyyətlə gender bərabərliyinə xüsusi fikir veriblər. Nə qədər qəribə səslənsə də, maraqlı bir nüans var -Azərbaycan dinində insanı qadın və kişiyə ayırmırlar, yəni cins mənsubiyyəti bizdə yoxdur. Bu baxımdan tarixi məqamlarda qadınlara müəyyən basqılar olsa da, Azərbaycanda qadınlar həmişə sərbəst olublar. Hətta müsəlmanların yaşadığı ölkədə qadına qarşı bu qədər azadlıq, dəyər verilməsi Avropa tədqiqatçıları tərəfindən həmişə təəccüblə qarşılanıb.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda biz çox ölkələrdən qabaq qadına seçim azadlığı verdik. Sovet dönəmində qadınlar artıq məsul vəzifələrə keçməyə başladılar və Sevil hərəkatı Azərbaycan cəmiyyətində əksini göstərirdi. Sevil və sevilkimilər çadranı atan, yəni gender bərabərliyini tələb edən Azərbaycan qadınları bir daha nümayiş etdirdi ki, müəyyən məqamlarda problem olsa da, qadınlarımız istədiyi azadlığı, dəyərləri tez əldə edə bilirlər. Bu baxımdan Azərbaycan cəmiyyətində qadının xüsusi rolu var. Ən azından bizdə qayınana və ana, baldız, gəlin kultu var. Mahnılarımızın da böyük əksəriyyəti xanımlara həsr olunub”.
A.Əbilovun sözlərinə görə, son zamanlarda qadınlar liberal Avropa dəyərlərindən sui-istifadə etməyə başlayıblar, hətta qanunvericilik səviyyəsində belə qadınlara daha çox üstünlük verilir: "Bunu nikahın pozulmasında, ailə-məişət problemlərində və digər məsələlərdə görə bilərik. Məsələn, indiyə qədər Azərbaycanda qadınların kişilərə aliment verməsi olmayıb, amma nikah pozulandan sonra qadınların həm əmlak, həm də aliment alması kütləvi hal alıb. Bu da nümayiş etdirir ki, bəzən xanımlarımız onlara verilən üstün cəhətlərə bir qədər natural münasibət bəsləyirlər və daha çox şey əldə etmək istəyirlər. Beləliklə ailə münasibətlərində mənfi tendensiyalar artır. Hər halda bura islam ölkəsidir və sözsüz ki, kişi, ağsaqqal, ər, oğul, ata kultu həmişə yüksək olub və bəzən ailə münasibətlərində bu önəmli götürülür. Lakin son zamanlar kişi kultu zəifləyib deyə günü-gündən ailələrdə problemlər artır, qadınların boşanma məsələsi asanlaşdığına görə nikahlar pozulur, hətta doğulan uşaqların böyük hissəsinə tək qadın tərəfindən ərizə verilərək şəhadətnamə alınır. Belə hallar bir qədər mənəvi aşınmaya aparıb çıxarır, məncə bu, təhsillə, intellektual səviyyə ilə bağlıdır.
Avropa qadını maarifliçiklə, intellektual səviyyəni artırmaqla qadın-kişi arasındakı konfliktləri aradan qaldırırlar və gender bərabərliyini əldə edir. Amma bizdə intellektual səviyyənin aşağı olması və qadınlarımızın azadlığın intellekt, təhsil və yüksək estetik kulturoloji dəyərlərlə sığortalanmalı olduğunu fikirləşməməsi problemlər yaradır. Azadlığı savadsız adama verəndə o ya liberalcasına hər şeyi dağıtmaq, ya da daha çox sərbəstlik istəyir, bu da onun yaşadığı cəmiyyətin dağılmasına aparıb çıxarır.
Son vaxtlar Azərbaycanda iş yerləri əsasən xanımlar üçün açılır, qadınların işlə bağlı problemi yoxdur, amma kişilərimiz işsizlikdən əziyyət çəkir. Bəzi xanımlar işləyirlər, karyera sahibidirlər və özləri maşın alıb sürürlər, lakin qadınların böyük əskəriyyəti müxtəlif şirkət sahibləri və digər varlı adamların onlar üçün aldığı maşınları sürür. Xanımlarımız ərə gedib 6 ay sonra boşanırlar, evin və digər mülklərin bir hissəsini də məhkəmə vasitəsilə alırlar, sonra da bir uşaqla cəmiyyət üçün böyük problem yaradırlar. Onların əksəriyyəti yüngül həyat tərzi keçirir və bu, cəmiyyətdə ciddi problemlərin kəskinliyini nümayiş etdirir”.
Yeganə Bayramova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür