Qafqaz İslam Ordusunun döyüş əməliyyatları mətbuat səhifələrində





Bakının qurtuluşunun, Qafqaz İslam Ordusunun müzəffər yürüşünün 100-cü ildönümünü qeyd etdiyimiz bu günlərdə həmin dövrün ictimai-siyasi mənzərəsinin mətbuat səhifələrində dolğun işıqlandırıldığını görürük. İstər milli mətbuat, istərsə də zamanın bolşevik mətbuatında Qafqaz İslam Ordusunun döyüş əməliyyatları barədə xəbərlər verilirdi. Əlbəttə, milli mətbu orqanlar hadisələrə milli mövqendən yanaşır, bolşevik qəzetləri isə həqiqətləri mümkün olduğu qədər gizlətməyə çalışırdı.

Azərbaycan tarixində, eyni zamanda milli mətbuat tariximizdə şərəfli yer tutan o illərlə bağlı dövrün qəzetlərində maraqlı məqalələr, məlumatlar dərc olunub. Bu barədə tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlının "Qafqaz İslam Orduusu Cümhuriyyət dövrü mətbuatında” əsərində dəyərli məlumatlar var.

"Bakı Şurasının əxbarı”

A.Aşırlı yazir ki, Türk ordusunun Gəncəyə gəlişi, görülən işlər, könüllülərin ordu hissələrinə həvəslə yazılması və Osmanlı dövlətinin əlavə hərbi yardımı xəbəri Bakı Xalq Komissarları Sovetini, ələlxüsus da S.Şaumyanı, A.Caparidzeni yeni tədbirlər planı üzərində işləməyə sövq etdi. Bakıda cəm olan Erməni Milli Şurasının 4-5 min nəfərlik qüvvəsini Qırmızı Ordu ilə birləşdirən Şaumyan yazırdı ki, Türk ordusuna qarşı hücum əməliyyatında iştirak üçün Kürdəmirə göndərdiyi qüvvələrin sayı 13 min nəfərdən çoxdur. Bütünlükdə isə Qırmızı Ordunun sayı 18 minə çatdırılmışdı ki, bu hərbi qüvvənin də 60-70 faizindən çoxunu ermənilər təşkil edirdi. Rusiya tərəfindən Qırmızı Ordunun möhkəmləndirilməsi üçün ardı-arası kəsilməyən hərbi yardımlar göstərilirdi. "Bakı Şurasının əxbarı” və digər bolşevik mətbuatında "Moskvadan Bakıya yardım" başlığı ilə məqalələr, teleqraf xəbərləri dərc olunurdu. Qəzetlərin birində Stalinin cənubda olduğu, tezliklə Qafqaza gələcəyi, Bakıya yardım göndəriləcəyi xəbəri verilirdi.

Bakı-Tiflis dəmir yolu ilə hərəkət etməli olan Qırmızı Ordunun əsas qüvvələri Hacıqabul stansiyasına cəmləşəndən sonra iyun ayının 10-da hücum əmri verildi. Bolşevik-daşnak birləşmələrinin bu sistemli hücumu qarşısında hələlik Müsəlman Milli Korpusunun azsaylı bölmələri döyüşürdü. Gürcü polkovniki Maqolovun rəhbərlik etdiyi bu korpusun qərargahı Ucarda yerləşirdi. Zaqafqaziya
Seyminin göstərişi ilə bolşeviklərin qarşısını almaq missiyasını həyata keçirən bu
korpusun gürcü əsgərləri seym parçalandıqdan sonra geri çəkilmiş, çox az sayda
qüvvələri qalmışdı ki, bu qüvvələr də əsasən azərbaycanlılardan ibarət idi. "Bakı
Şurasının əxbarı" qəzeti Qırmızı Ordunun qarşısında zəif hərbi dəstənin
mövcudluğunun elə bir təhlükə törətmədiyini vurğulayaraq yazırdı: "General
Şıxlinski Şura qoşunlarının Gəncə üzərinə hücum etdiyini Tiflisə teleqrafla bildirir
və gürcü əsgərlərinin geri çəkilməməsini xahiş edir".
.
İyun ayının 11-də bolşevik-daşnak birləşmələri Sığırlı stansiyasında müdafiə xəttində dayanan Müsəlman Milli Korpusu üzərinə hücuma keçdilər və heç bir müqavimətə rast gəlmədən stansiyanı işğal etdilər. Bu o zaman idi ki, Qafqaz İslam Ordusu Gümrü və Qazax yolu ilə Gəncəyə doğru hərəkət edirdi və demək olar, ordu hələlik formalaşmamışdı. Milli qoşun hissələrinin zəif olduğunu görən bolşeviklər hücumu davam etdirib Kürdəmiri işğal etdilər. Bakı Xalq Komissarları Sovetinin mətbu orqanları, o cümlədən "Bakinski raboçiy” qəzeti "Cəbhədən məlumat” başlığı ilə bu xəbəri ön səhifəsinə çıxarmışdı: "İyunun 12-dən sonra düşmən qüvvələri ilə atışmadan sonra bizim qoşunlar Kürdəmir kəndini və stansiyanı ələ keçirib. Bir neçə əsgərimiz yaralanıb. Düşmən tərəfindən də itkilər var və onlar geri çəkilir”. Ağsunu, Şamaxını, Göyçayı işğal edən bolşeviklər erməniləri türklərdən qorumaq bəhanəsi ilə Azərbaycan türkləri yaşayan 50 kəndi yerlə-yeksan etmiş, xeyli sayda insanı süngüyə keçirib qətlə yetirmişdilər. Qocalara, körpələrə aman verilmir, qadınlar zorlanırdı. Əhali yurd-yuvalarından didərgin düşüb, ən təhlükəsiz yer hesab olunan Gəncəyə doğru hərəkət edir, bir qismi isə dağlarda sığınacaq tapırdı. Ordusuna qarşı ciddi təhlükə görməyən Şaumyan zəbt etdiyi rayonların ermənilərini səfərbər edir, onları təşkilatlandırır, türk ordusuna qarşı böyük qüvvə ilə mübarizə aparırdı. Belə ki, bolşcviklərin Göyçayda dayanan 20 minlik ordusu Gəncə üzərinə hücum əmri gözləyirdi.
Kürdəmir ətrafındakı döyüşdən sonra hər iki tərəf öz qüvvəsini yenidən qruplaşdırmağa, gücləndirməyə səy göstərdi. Gəncədən Müsəlman Milli Korpusunun zirehli qatarı türk qoşun hissələri ilə birgə Maqolovun sərəncamına göndərildi. Bütünlükdə isə Müsəlman Milli Korpusunun qüvvələri ilə türk qoşun hissələri Qafqaz İslam Ordusu adı altında komplektləşdirilərək üç qrupda döyüş
əmri aldı. Əsas dəstə Bakı-Tiflis dəmir yolu boyunca hərəkət etməli, biri Göyçay-Şamaxı istiqamətində, digəri isə Muğana doğru irəliləməli idi.

Bakı komissarları isə Moskvadan növbəti hərbi dəstəyi gözləyir, müvəqqəti olaraq cəbhədəki uğurlarını dilə gətirir, təbliğat aparır, əhalini "qara qüvvələr"ə qarşı mübarizəyə səsləyirdi: "Burjuaziya yatmayıb, işləyir. Onlar fəhlə sinfinə zərbə vurmaq və Bakı fəhlə sovetini yıxmaq istəyirlər. Siz isə buna imkan verməyin" ("Bakinski raboçiy”) - deyə qəzetlərdə əks-təbliğat aparılırdı.

Bolşevik mətbuatı susur

İyun ayının 16-da Qaraməryəm ətrafındakı döyüşdə daşnaklar qazandıqları müvəqqəti qələbədən "ruhlanmışdılar” və Şaumyan Moskvaya göndərdiyi təbrik teleqramında Qafqaz İslam Ordusunun 500 nəfər itki verdiyi vurğulanırdı. Korqanovun komandirlik etdiyi Qırmızı Ordunun bu qələbəsi münasibətilə Moskvadan Bakıya bir neçə zirehli maşın göndərildi. Qəzetlər yazırdı: "Marselyoza nəğmələri ilə texnikanı gətirən komandirlər istiqbal olunub. Bakının müdafiəsi üçün hərbi təyyarələr də gətiriləcək" ("Bakı Şurasının əxbarı” 13 iyun 1918-ci il).

Qafqaz İslam Ordusunun birgə uğursuz hərbi əməliyyatlarına ordudakı rus
və gürcülərin fərariliyinin də böyük təsiri olmuşdu. Qafqaz İslam Ordusunun
qərargah rəisi, podpolkovnik Nazim bəy bu barədə raportunda yazırdı: "Müsəlman-türk Azərbaycan Cümhuriyyətinin müdafiəsi də nəhayət öz ünsürünə, əsl öz övladlarına aid olan azərbaycanlı türk qanını sevgili milləti və məmləkəti üçün axıda bilər. Yoxsa gürcülər və ruslar vəziyyətin ciddiyyətini və təhlükəsini gördükdə dərhal aradan çıxmaq yolunu tuturlar" 22 Elə məhz buna görə də ordu yenidən komplektləşdirilən zaman qeyri-millətdən olan zabit və əsgərlər tərxis olundular.

Azərbaycanın fikir adamları da orduya dəstək olur, milli mətbuat səhifələrində
məqalələrlə çıxış edirdilər. Türk dünyasının siyasi fikir tarixində önəmli yerlərdən birini tutan Əhməd bəy Ağaoğlu "Kaspi", "Həyat", "İrşad" kimi qəzetlərdə milli ideologiya axtarışlarında nəzəri, siyasi, problematik yazılarla çıxış edirdi.

İyun ayının 18-də Müsüslü yaxınlığında Azərbaycan-türk qoşunları Qırmızı Ordu hissələri ilə qarşılaşdılar və bolşeviklər bu dəfə güclü müqavimət göstərə bilməyərək döyüş mövqelərini tərk etdilər. Uduzacaqlarını dərk edənlər geri çəkilməyə üstünlük verdilər. Qaraməryəm ətrafındakı döyüşlərdən sonra bir neçə günlük sakitlik yarandı. "Bakinski raboçi", "İzvestiya raboçix sovetov deputatov", "Bakı Şurasının əxbarı", "Zəhmət sədası", H.Vəzirovun rəhbərliyi ilə yenicə nəşrə başlayan "Əkinçi" qəzeti bolşevik qoşunlarının məğlubiyyət səbəbləri üzərindən sükutla keçir, cəbhədəki vəziyyət təhlil olunmurdu.

"Naşe znamya” qəzeti

Bir tərəfdən isə əhalidən silahları təhvil alırdılar. Bu isə müsəlmanların silahlı
ermənilər tərəfindən qətliamlarına, Azərbaycan türklərinin öz yurd-yuvalarından
qaçqın düşmələrinə əsas verirdi. Hətta "Bakı Şurasının əxbarı” qəzetində "Biz"
imzalı müəllif də baş verən dəhşətli hadisələri etiraf edirdi: "Kəndlərimizin
ehtiyacından biri də mühafizə məsələsidir. Bu kəndlərin əhalisi təvəqqe edirdilər ki, oraya erməni qoşunundan başqa, rus və beynəlmiləl qoşun göndərmək lazım və vacib olduğunu Şura hökumətinə məlum edək. Çünki onlar həqiqətən bolşevik hökumətinin bəy və xanlar söylədiyi kimi, erməni milli hökuməti deyil, beynəlmiləl bir səltənə olduğuna qənaət etmiş olsunlar". .


Şamaxı kəndlərində Şura hökuməti qurmaq üçün qurultaya getmiş bir
müsəlman bolşevikinin yazdığı kimi, Bakı Sovetinin əsas qüvvəsi silahlı ermənilər
və daşnaklardan ibarət idi ki, onlar da müsəlman əhalisinə terror edir, yurd-yuvalarından didərgin salır, qanlı olaylar törədirdilər. Məqalə müəllifi bütün bu
hadisələri ümumiləşdirərək erməni təhlükəsinə qarşı mübarizə əhval-ruhiyyəsində
olan insanların düşüncələrini belə qiymətləndirirdi: "Burada milli ruh hakimdir".
Azərbaycan türkləri isə Qaraməryəm ətrafında erməni-bolşevik ordusu ilə döyüşən
Qafqaz İslam Ordusunun gəlişini səbirsizliklə gözləyir, dağları aşaraq ordu
sıralarına qatılırdılar. Bütün bu imkanları ümumiləşdirən Nuru Paşa şübhə etmirdi ki, ilk uğursuzluğa baxmayaraq ordu mövcud vəziyyəti qaydasına qoyub, tam səfərbərliyə nail olmaqla hərbi təşəbbüsü ələ keçirə bilər. Ona görə də o, əlavə hərbi qüvvələrin göndərilməsini gözləmədən döyüşə hazırlaşmağa əmr verdi. Növbəti hücum planı iyunun 28-nə planlaşdırıldı. Fasiləsiz olaraq iki gün davam edən bu döyüşün nəticəsi olaraq Qafqaz İslam Ordusu Qaraməryəmin qərb hissəsinə nəzarəti ələ keçirdi. Havanın hədsiz dərəcədə isti keçməsi və susuzluq milli hərbi qüvvələrin iradəsini qıra bilmədi, təbiətin çətinliyinə hədsiz dərəcədə dözüm nümayiş etdirən ordumuz ilk dəfə nəzərəçarpan üstünlük əldə etdi.
İyun ayının 30-da qəfil hücumla sürətli döyüş taktikası həyata keçirib
Göyçayı zəbt edən Qırmızı Ordu hissələri çox keçmədi ki, Qafqaz İslam Ordusunun mübarizə əzminə tab gətirməyərək geri çəkilməli oldu. Gəncədən göndərilən hərbi yardımın, Ağdaşda toplanan könüllülərin vahid səngərdə döyüşü öz müsbət nəticəsini verdi. Çox ağır keçən savaş nəticəsində Qırmızı Ordu hissələri ciddi itkilərlə geri çəkildi və onların bir çoxu Moskvanın Bakıya yardımı olan zirehli avtomobillərin köməyi ilə xilas oldu.
Beləliklə, Göyçay və Qaraməryəm ətrafında iyunun 27-30 tarixlərində
davam edən döyüşlər Qırmızı Ordunun məğlubiyyəti ilə başa çatdı. Bolşevik
mətbuatı Göyçay uğursuzluğunu "Ordunun təcrübəsinin az olduğu" ilə izah edərək
səhifələrində "Təcili olaraq əsgər lazım olduğu" barədə elanlar dərc etməyə
başladılar. Bakı Xalq Komissarları Soveti iyun ayının 30-da 1893-1897-ci illərdə anadan olmuş gənclərin orduya səfərbərliyini elan etdi. Əmrə görə, Bakı şəhərində
müvəqqəti və ya daimi yaşayan həmin təvəllüdlü gənclər səfərbərliyə cəlb edilməli
idi.

"Naşe znamya" qəzeti məhz bu səfərbərliklə və onun nəticələri ilə bağlı yazırdı: "Elan olunmuş səfərbərliyin ilk üç günü olduqca sönük keçib. Təxminən 30 nəfər
xidmət üçün müraciət edib. İyulun 7-də hərbi xidmətdən yayınanlara qarşı sərt
tədbirlər həyata keçirilib"

Görülən bütün sərt inzibati tədbirlər, həbslər müsbət nəticə vermədiyindən
Bakı Xalq Komissarları Soveti müsəlmanlar arasında təbliğat aparılmasını məqsədə müvafiq hesab edərək bu işdə xalq ərzaq komissarı Mir Həsən Vəzirovun daha yaxşı çalışacağını düşünürdü. Belə bir missiyanı üzərinə götürən Vəzirov Bakı şəhər Dumasının binasında, iyul ayının 5-də müsəlmanlarla görüşündə deyirdi: "Bakı quberniyası dairəsində yaşayan millətlərin, bu xüsus müsəlmanların səfərbərlikdən baş qaçırmamalarını sidq-ürəkdən tövsiyə edirəm. Camaat, hər bir ixtiyar ermənilərin əlindədir deyirsiniz. Buna səbəb nədir? Bu ondan ötrüdür ki, ermənilərə Şura hökuməti "öl" dedikdə "ölərəm", "diril" dedikdə "dirilərəm" söyləyir. Siz camaat belə olsanız, əlbəttə, sizin əlinizdə də ixtiyar olar, siz də qeyri-millətlər kimi hər işin içərisində olarsınız. Bu gün erməniləri səfərbərliyə çağırdıqda ermənilər can və baş ilə xidmət etməyə hazır olduğu təqdirdə sizdən ancaq beş-on nəfər səfərbərliyə gəlir". Azərbaycan türkünün Bakı Xalq Komissarları Sovetinə mənfı münasibətini ciddiyyəti ilə açıqlayan Vəzirov əhalinin Türkiyənin hərbi yardımına necə həssas reaksiya verdiyini də söyləyir və təhdidə, psixoloji təsirə keçir: "O gün məhzərdə olan əhalinin bəziləri Türkiyənin adı gələndə ahlar çəkirlərmiş. Bu gün burada Şuraya əsgər olmaq istəməyən ağalar onu bilsinlər ki, Türkiyə buraya gələrsə, onları burada rahətdə buraxmayacaqdır. Bu vaxta qədər səfərbərlik nə olduğunu bilməmiş naz-pərvər oğulların sırtlarında otuz qundaq bir laşe Fələstin və Suriya cəbhələrinə göndəriləcəyi müvəhhəmdir. Hər bir hökumətdə belə olmuşdur. Türkiyənin səfərbərliyi elan olunduqda Ənvər Paşanın və xəlifei-islamın namlarına əfsanələr, hədyanlar söyləyəcəkdir" ("Bakinskiy raboçiy”, "Naşe znamya”).

Emosiyaya qapılaraq çox şeyləri etiraf edən, Bakıdakı hərbi vəziyyəti,
ictimai-siyasi ab-havanı anladan Vəzirov Azərbaycan türkünün bolşeviklərə olan
mənfı münasibətinin səbəblərini nədənsə açıqlamır. Bu münasibətin kökü 31
martdan - 30 min Azərbaycan türkünün qətlinə fərman verilən gündən başlayır.
Qan və din qardaşlarına güllə atmayan, əli silah tutan Azərbaycan türkləri isə bu
tarixi faciənin bir daha təkrarlanmaması üçün könüllü şəkildə Qafqaz İslam
Ordusunun sıralarına qatılırdı…

(ardı var)

Məlahət Rzayeva