Qafqaza yönəlib?

Birgə hava hücumundan müdafiə sistemi qurulur
Rusiya və Ermənistan üç türk dövlətini də yanına çəkib



Rusiya Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanla birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır. Baş qərargah rəisi - Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenkonun məlumatına görə, Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib və hazırda onun imzalanmasına hazırlıq işləri gedir. Onun sözlərinə görə, artıq Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.

General həmçinin xatırladıb ki, RƏM sisteminin yaradılması barədə Qazaxıstanla saziş 2013-cü ildə imzalanıb. Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın Tver şəhərində keçiriləcək.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanla birgə hava hücumundan müdafiə sistemini yaratmaqda məqsədi öz ətrafındakı hərbi qurumları gücləndirməkdən ibarətdir: "Rusiya Krımın işğalı və Donbasdakı separatçıları dəstəklədiyinə görə, Qərbin sanksiyaları ilə üz-üzə qalaraq təklənib. Ona görə də, ətrafında özünə yaxın müttəfiq axtarır. Ermənistan müttəfiqdən çox Rusiyanın köləsidir və bütün proseslərdə onun yanındadır. Rusiya üçün isə bu, yetərli deyil. Kreml istəyir ki, Tacikistan da, Qazaxıstan da yanında olsun. Halbuki, bəzi məsələlərdə həmin dövlətlərin mövqeyi tamam fərqlidi. Hər nə qədər Rusiya ilə yaxın münasibətdə olsa da, zaman-zaman Belarusiyanın Prezidenti Lukaşenko açıq şəkildə Rusiyanın siyasətini bəyənmədiyini dilə gətirib. Rusiya isə həmin ölkələri özündən asılı vəziyyətə salmaq üçün yeni-yeni ideyalar, qurumlar ortaya atır. Birgə hava hücumundan müdafiə sistemi də həmin ideyalardan biridir.
Yaradılacağı təqdirdə bu hərbi qurumun Azərbaycan üçün heç bir təhlükə vəd etmədiyini vurğulayan E.Şahinoğlu deyib ki, bu ölkələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əməkdaş olmalarına rəğmən, Dağlıq Qarabağ problemi ilə bağlı fərqli mövqelərdən çıxış edirlər: "Ermənistan Prezidenti Serj Sarkisyan Moskvaya səfəri zamanı Azərbaycanın atəşkəsi pozduğunu və bu məsələnin KTMT-nin Düşənbədə keçirilən zirvə toplantısında müzakirəyə çıxarmaq niyyətində olduğunu deyib. Amma bir məsələ var ki, KTMT-də Ermənistanın işğalçı siyasətinə Rusiyadan başqa heç kəs müdaxilə etmir. Yalnız Rusiya silah alması üçün Ermənistana 200 milyon kredit verir və ucuz qaz satır. KTMT üzvü olan Qazaxıstan da, Belarusiya da Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Hər iki ölkə başçısı bu mövqelərini dəfələrlə Sarkisyanın iştirak etdiyi tədbirlərdə də bəyan ediblər”.
Politoloq hesab edir ki, sözügedən ölkələrin hava hücumundan müdafiə sistemi yaratmasına Rusiya ilə Ermənistanın birgə təlimlərinin təfsilatı kimi baxmalıyıq: "Nə Qazaxıstan, nə Qırğızıstan, nə də Tacikistan Azərbaycan əleyhinə addım atmaz. Hətta günü sabahları bölgədə müharibə başlasa belə, onlar KTMT-də göstərildiyi kimi Ermənistanı dəstəkləyib, öz ordularını köməyə göndərməyəcəklər. Bu işlə ancaq Ermənistanın strateji müttəfiqi Rusiya məşğul olacaq. KTMT-yə üzv olan ölkələrdən Qazaxıstanla Belarusun Azərbaycanla iqtisadi-ticari münasibətləri və çox sıx siyasi əlaqələri var. Belarusiya borc axtaranda məhz Azərbaycan ona yardım əli uzatdı. Ermənistanın bu ölkələrin heç biri ilə iqtisadi-siyasi bağlılığı Azərbaycan qədər yüksək deyil. Bütün bunlar fonunda həmin ölkələrin Azərbaycan əleyhinə addım atacağını ehtimal belə etmirəm”.
Şəymən