Qanlı “Sahil”: Gənclər arasında sürətlə psixopatlaşma gedir

İndi elə bir gərgin mühitdə yaşayırıq ki, itin hürməsi də qanlı cinayətə səbəb ola bilər






Son zamanlar bir-birinin ardınca qətl hadisələri baş verir. Bu dəfə isə 26 yaşlı gənc "Sahil”də qətlə yetirilib. Dava isə nə qız üstündə, nə də söyüş üstündə baş verib. Bir gəncin ölümünə, digərinin isə yaralanmasına səbəb itin yoldan keçən birinə hürməsidir. Nədənsə, son vaxtlar baş verən cinayət halları əsasən baş və ya boğaz kəsməklə həyata keçirilir. Maraqlıdır, cinayətlərin çoxalması və bunun xüsusən də əməli törədənin, məhz baş kəsməklə qurbanını öldürmək istəməsi nə ilə bağlıdır? Ekspert rəylərinə keçməzdən öncə nəzərinizə çatdıraq ki, Bakının Səbail rayonu ərazisində iki dost bıçaqlanıb. Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsindən verilən məlumata görə, bıçaqlanan şəxslərdən biri 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənov hadisə yerində dünyasını dəyişib. Onun ürək nahiyəsində və boğazında bıçaq xəsarətləri olub.

Digər yaralı 22 yaşlı Orxan Məmmədzadə isə qarın boşluğundan bıçaqlanıb. Onu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Xəstə həkim Mahir Mahmudovun iştirakı ilə əməliyyat edilib. Mahir Mahmudovun verdiyi məlumata görə, xəstə uğurla əməliyyat olunub. Bu gün onu reanimasiya şöbəsindən palataya köçürəcəklər: "Hazırda yaralının vəziyyəti stabil orta-ağırdır. Bıçaq xəstənin qarın nahiyəsindən dəydiyi üçün belə yaralar tədricən sağalır”.

Orxan Məmmədzadənin peşəkar idmançı olduğu bildirilir. O, boksçudur və tanınmış idmançı Əli İsmayılovun yetirməsidir. Hadisəni törədən gənc isə hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində axtarışlar davam edir.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət hadisəsini törətmiş şəxsin kimliyi müəyyənləşdirilib. Lakin bu, istintaq sirri olduğundan cinayəti törətməkdə şübhəli bilinən şəxs hələ yaxalanmadığından onun kimliyini açıqlamaq mümkün deyil.

"Qaqaş nolub, qarnının ağrısı nədir?”

Qeyd edək ki, dostu ilə birlikdə "Sahil” metrosu yaxınlığında bıçaqlanan Orxan Məmmədzadənin valideyni mətbuata açıqlamasında oğlu və dostunun heç nəyin üstündə hücuma məruz qaldıqlarını iddia edib: "Dostu ilə parkda it gəzdirirmişlər. İt yoldan ötən birinə hürüb. Bu da həmin insanın xoşuna gəlməyib. Mübahisə zamanı o, bıçaq çıxarıb. Görünür, şizofrenik olub. Ağıllı adam da, boş-boşuna adam öldürər? İndi həmin adamı axtarırlar”. Hadisə zamanı yaralanan Orxan Məmmədzadənin özü bildirib ki, qətlə yetirilən Həsən Həsənov qaydasız döyüşçü olub: "Həsən mənim dostum idi, iş yoldaşım olub. Hadisə belə oldu ki, biz bağda gəzirdik. Bir neçə qız itin yanından keçəndə it hürdü. Mən dedim ki, xanım, qorxmayın, dişləmir. Bu oğlan da bizdən təxminən 20 metr aralı idi. Gəlib bizə dedi ki, dişləyə də bilməz. Dedik ki, komanda versək dişləyər. Bu dedi yox, dişləyə bilməz. Mən gördüm ki, bu bizə "naqlı” ilişir. Dedim "qaqaş nolub, qarnının ağrısı nədir?” Bu da bıçağı çıxarıb iki dənə mənim qarnıma, iki dənə də dostuma vurdu. Adam tək idi, 27-28 yaşı olardı. Tanımadığımız adam idi”.
Qətlə yetirilən Həsənin subay olduğunu vurğulayan Orxan Məmmədzadə cinayəti törədən şəxsin həmin qızlarla birlikdə olmadığını da qeyd edib.

Boğaz kəsmə cinayətlərinin artmasında bir çox amillər mühüm rol oynayır

Psixoloq Dəyanət Rzayevin qənaətincə, cəmiyyət mənfi xarakterli əməllərin arxasınca getməkdə maraqlıdır. Baxın, bir nəfərin özünü yandırmasından sonra neçə nəfər eyni addımı atdı:

"Eləcə də, "Koroğlu” metrostansiyası yaxınlığındakı körpünü intihar məskəninə çevirdilər. Boğaz kəsmək də onu kimi... Deməyim odur ki, cinayətin hansı vasitə ilə törədilməsinin heç bir fərqi yoxdur. Bizi maraqlandıran onun həlli yollarının tapılmasıdır. Çünki boğaz kəsmə cinayətlərinin artmasında bir çox amillər mühüm rol oynayır. Sosial psixatriya sahəsinin Azərbaycanda inkişaf etmədiyini təəssüflə vurğulayan psixoloqun sözlərinə görə, uşaqlıqda yaşanan hadisələr, travmalar, arzu və istəklərinin puç olması, qəzəb, qisas, insanın gələcək həyatında arzuolunmaz məcraya yönələrək assosial motivlər yaradır. Ümumilikdə isə Azərbaycan cəmiyyətində sürətli psixopatlaşma gedir.

Bu gün Azərbaycan cəmiyyətində mədəniyyət deyə bir şey yoxdur. Buna görə də aqressivlik artıb. Aqressiya isə zaman-zaman cinayət hallarının artmasına səbəb olur. Boğaz kəsmək kimi tükürpədici dəhşətli cinayətlərin baş verməsinə səbəb yalnız aqressiya deyil”.

Hadisəni törədən şəxsin də psixopat biri olduğunu deyən D.Rzayev bildirib ki, 1993-cü illərdən üzü bu yana bu tipdə insanlara qarşı heç bir profilaktik tədbirlər görülməyib. Psixoloji pozuntuları olan insanlar istənilən halda özünü büruzə verir. Odur ki, orta məktəblərdə bu istiqamətdə ciddi tədbirlər görülməli və uşaqlar nəzarətə götürülməlidir. Uşaq yaşlarında onlar nəzarətə götürülmədiyi üçün gənclər bu cür aqressivləşib. Yəni sosial qayğılar, problem artdıqca, onlardakı çatışmazlıqlar daha da üzə çıxır. Davranışında problemləri olan uşaqlara qarşı zamanında profilaktik tədbirlər görülmədiyi üçün gəncliyimiz kütləvi şəkildə psixopatlaşıb. Hansılar ki, "avtoş”luq edib, maşını insanların üstünə sürür. İnsanlara bıçaq çıxarıb, boğaz kəsir: "Bunun bir səbəbi də cəmiyyətdə təbəqələşmənin getməsidir. İnsanla insan arasında fərq qoyuruq. Varlı ilə kasıba tamam fərqli münasibət sərgilənir. Sovet vaxtı isə statusundan asılı olmayaraq insan insandı”.

Psixoloqun sözlərinə görə, gəncləri cinayətə sövq edən amillərdən biri də işsizlikdir: "İş olsa gənclərin başı qarışar. Əlavə problemlərlə yüklənməzlər. Olan iş yerlərində də maaş azdır. Bu halda isə problemli insanlar xoşbəxt, gülərüzlü insanlara qarşı içində bir nifrət bəsləyir. Ona qarşı aqressivləşir.

Cəmiyyətimizdə yalnız dəli insanların psixoloqa getməsi kimi yanlış bir rəy formalaşıb...

Bir məsələ də bu cür cinayətlərin qarşısının alınması ilə bağlıdır. Bizim hüquq-mühafizə orqanları cinayətin üstünü açmaqla işlərini bitmiş hesab edirlər. Halbuki Azərbaycan kimi balaca bir ölkədə cinayətin üstünü açmaq o qədər də çətin iş deyil. Əsas iş baş verəcək cinayətin qarşısını almaqdır: "Bu gün bir gəncin ölümünə, digərinin isə xəstəxanalıq olmasına səbəb olan həmin adamın yaxınları, tanışları ilə söhbət aparsaq, əksəriyyəti deyəcək ki, "bir gün onun belə bir hadisə törədəcəyi bəlli idi. O, insanlara qarşı aqressiv idi”. Bu səbəbdən də psixoloji problemləri olan, insanlara qarşı aqressivlik nümayiş etdirən insanlar vaxtında nəzarətə götürülməlidir. Bu isə bizdə yoxdur. Sahə müvəkkilləri bu işlə ümumiyyətlə məşğul olmur. Bu prosesdə psixoloji gərginlik keçirən insanın yaxınlarının, qonşularının, dostlarının da üzərinə çox iş düşür. Çünki bizdə psixoloqlara münasibət birmənalı deyil. Cəmiyyətimizdə yalnız dəli insanların psixoloqa getməsi kimi yanlış bir rəy formalaşıb və bunun nəticəsidir ki, ölkədə psixopatlaşma gedir. Bunun üçün isə kompleks tədbirlər görülməli, stereotiplər qırılmalı və xüsusi proqramlar hazırlanmalıdır. Vaxtı ilə Nyu-York ən cinayətkar şəhər sayılırdı. Ancaq indi burada cinayət halları 84 faiz azalıb. Bizim də bu cür nəticə əldə etməyimiz üçün cinayət baş verməmişdən onun qarşısını almaq lazımdır. Yəni sosial strukturların, hüquq-mühafizə orqanlarının işi cinayət baş vermədən bunu önləməkdir. Hansı profilaktik tədbirlər görülür ki, insanlar polisdən qorxmasın? Cinayət hallarının artmasına səbəb insanlarla polislər arasında münasibətlərin olmaması, insanların polislərdən qorxmasıdır. Biz "polis mənim dostumdur” ifadəsini doğrulamalıyıq”.
D.Rzayevin sözlərinə görə, cinayətlərin artmasının bir səbəbi də insanların bir-birinə qarşı laqeydliyidir: "Hər kəs başını salıb aşağı, işi ilə məşğuldur. Ətrafında kim özünü öldürdü, kim-kimin boğazını kəsdi, heç kimi maraqlandırmır. Ümumiyyətlə, hansısa cinayət hadisəsi baş verəndə məlumat almaq üçün ilk öncə insanların qonşularına müraciət edilir. Ancaq qonşular məlumat vermir. Bizdə belə bir anlayış var ki, əgər mən qonşum haqqında hansısa bir məlumat versəm, mənə satqın deyərlər. Halbuki bu, yanlış bir fikirdir. Gərək hüquq-mühafizə orqanları insanlarla sıx əməkdaşlıq etsin. Cinayət baş verməmişdən əvvəl onlarda məlumat olmalıdır. Məsələn, qonşu qonşunu hədələyir, amma bunu heç kim gedib polisə çatdırmır və nəticədə hansısa cinayət halı baş verir”.

Biz "pioneri”, "komsomol”u gənclərimizin əlindən aldıq, əvəzində isə onlara heç nə verə bilmədik

Psixoloqun sözlərinə görə, yerlərdən əhalinin paytaxta axını da insanların aqressivləşməsinə, cinayətlərin artmasına səbəb olur. Onun sözlərinə görə, əvvəllər Bakıda az adam olduğu üçün problemlər, cinayətlər də az idi: "Qarabağ müharibəsindən, regionlarda işsizliyin artmasından sonra Bakı yükləndi. Bu gün şəhərdə adam əlindən tərpənmək olmur. Yollarda normal yerimək olmur. Hamı bir-biri ilə çiyin-çiyinə toxunur. Maşınlar bir- birinin belində gedir. İnsanları aqressivləşdirən də elə belə şeylərdi. Köhnə Bakıda hamı bir-birini tanıyırdı. Birinin o birinə əli dəyəndə də gülümsəyib, üzr istəməklə məsələ bağlanırdı. Bu gün isə eyni binada qalan insanlar bir-birini tanımır. Hərəsi bir rayondan gəlib. Küçədə çiyin-çiyinə toxunanda da bunu böyük hadisəyə çevirib, qan tökürlər. Eynilə bu hadisə kimi, itdi, hürüb-hürüb. Burada davaya çevirəcək, bir gəncin həyatına son qoyacaq, birini ağır yaralayacaq qədər böyük nə var axı?”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da hesab edir ki, Azərbaycanda boğaz kəsmə, adam bıçaqlama cinayətlərinin artmasının tək səbəbi işsizlik və ondan doğan sosial problemlərdir:

"Doğrudan da bu məsələ çox geniş yayılıb və bizim üçün çox ciddi bir problemə çevrilib. Xüsusən də, gənclərin mənəviyyatında ciddi aşınmalar gedir. Biz "pioneri”, "komsomol”u gənclərimizin əlindən aldıq, əvəzində isə onlara heç nə verə bilmədik. Gəncliyimizə nə vətənpərvərliyi, nə də insani dəyərləri düzgün aşılaya bilmədik. Kasıbçılıq içində böyüyən gənclər pulsuzluq ucbatından aqressivləşir. Varlı balalarının isə pulun çoxluğundan gözü heç nəyi görmür. İstədiyi insana qarşı istədiyi hərəkəti edir. Hesab edirəm ki, cinayətlərin qarşısını almaq üçün gənclərimizin başını işlə qatmalı və bu yolla onları maarifləndirməliyik. Bu mənada "ASAN” xidməti nümunə olaraq çəkə bilərəm. Bu qurum həm gənclərimiz üçün yaxşı iş yeridir. Həm də orada müştərilərə çox gözəl münasibət var. Bu cür tərbiyəvi iş yerlərinin sayını çoxaltmaqla gəncliyimizi yuvarlandıqları uçurumdan xilas edə bilərik. Bu zaman həm gənclərimiz iş-güc sahibi olar, həm də bir-birlərinə baxıb, mənəviyyət, bacarıq rəqabətinə girərlər. Bunlar olmadığı üçün gənclərimiz ya "avtoşluq” edir, ya da tin-bucaqda dava salırlar. Bu problemdən ancaq milli-mənəvi dəyərlərin artırılması istiqamətində kompleks tədbirlər keçirmək yolu ilə xilas olmaq mümkündür. Əks halda, heç nədən daha çox başlar kəsiləcək”.

Əvvəldən gənclər arasında dərin ədavətin olması istisna deyil

İctimai Tədqitatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, boğaz kəsmə cinayətlərinin artması kimi bir tendensiya yoxdur. İstənilən mübahisə zamanı əlində bıçaq olan adam qarşısındakına hücum edir. Bu vaxt onun əlindəki silah həmin adamın ürəyinə də, qarnına da, boğazına da dəyə bilər. Baş kəsmək isə o deməkdir ki, konkret olaraq hədəf alır və yerə yıxıb, başını bədənindən ayırır. Hansı ki, biz bu səhnənin İŞİD-çilər tərəfindən yayılan videolarının tez-tez şahidi oluruq. Görünür, parkda gənclər arasında dava düşüb və bu zamanda üstündə bıçağı olan şəxs qarşısındakıları bıçaqlayıb. Bıçaq da ölən gəncin boğazını kəsib və o, həyatını itirib. Bəzən boğazda xırda bir kəsik də ölümə səbəb olur. Çünki boğazdan yuxu arteriyası keçir. Ürəkdən beyinə gedən ən böyük arteriyalardan biridir. Hansı ki, biri sağ, digəri də sol tərəfdə olur. Onun azacıq kəsilməsi zamanı yüksək təzyiqlə qan fontan vurur. Digər şəxsin də bıçaq qarın nahiyəsinə təsadüf edib. Ciddi yerə toxunsa, o da ölə bilərdi. Yəni burada əsas məsələ boğaz kəsmək deyil”.
Hadisənin baş vermə səbəbinə gəldikdə isə kriminalist hesab edir ki, əvvəldən gənclər arasında dərin ədavətin olması və itin hürməsinin bu ədavəti qızışdırması da istisna deyil: "Ola bilər ki, gənclər heç tanış deyil və hadisə doğrudan da təsadüfən baş verib. Hər nə qədər qəribə görünsə də, indi elə bir gərgin mühitdə yaşayırıq ki, itin hürməsi də qanlı cinayətə səbəb ola bilər. Adi bir təsadüfdən o qədər böyük konfliktlər baş verir ki? Yol- hərəkət qaydalarına görə sürücülərin bir-birini təhqir etməsi, hətta maşından enib, əlbəyaxa olmaları adi hal alıb. Avtobus sürücülərinin sərnişinlərlə, digər sürücülərlə davasından danışmağa belə dəyməz”.

Şəymən