Qanun dəyişir

Maliyyə hesabatını verməyən, şəffaflığa əməl etməyən siyasi partiyalara qarşı sanksiyaların tətbiq edilməsi beynəlxalq təcrübədə də rast gəlinir



"Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər ediləcək. Milli Məclisdən verilən məlumata görə, artıq bununla bağlı layihə hazırlanır. Layihədə siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı bəzi dəyişikliklər əksini tapacaq. Qanuna ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlamasında qanun layihəsini şərh edib: "Qanuna dəyişikliklərlə bağlı təkliflər var. Bu təkliflər siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə əlaqədardır”. Deputat deyib ki, qanuna təklif olunan dəyişikliklər əsasən maliyyə hesabatlarını təqdim etməyən partiyalarla əlaqədardır: "Burada da əsas məqsəd şəffaflığın təmin olunmasıdır. Maliyyə hesabatlarını təqdim etməyən partiyalar barədə qanuna dəyişiklik edildikdən sonra qərar qəbul ediləcək. Qanunda göstərilən tələblərə uyğun olaraq partiyalar ya fəaliyyət göstərəcək, ya da qanunları pozduqlarına görə ləğv ediləcək”. 

Sözügedən dəyişikliyi "Şərq”ə şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, maliyyə hesabatını verməyən, şəffaflığa əməl etməyən siyasi partiyalara qarşı sanksiyaların tətbiq edilməsi beynəlxalq təcrübədə də rast gəlinir. Partiya funksioneri bildirib ki, əgər kimsə qanunun tələblərinə əməl etmirsə, o zaman dövlət və ictimaiyyət qarşısında cavab verməlidir: "Dövlət tərəfindən maliyyələşən siyasi partiyalara sanksiyaların tətbiqi verilən vəsaitin dayandırılması və ya digər addımların atılmasıdır. Parlamentdə təmsil olunmayan siyasi təşkilatlarla bağlı isə konkret qərarların verilməsi mexanizmləri yoxdur. Belə halda məhkəməyə müraciət edilməlidir. Lakin məhkəməyə müraciət edən orqanın özü bəlli deyil. Əgər partiya dövlət əleyhinə fəaliyyət göstərirsə, yalnız o halda məhkəməyə müraciət mexanizmi var. Konkret maliyyə şəffaflığına əməl edilməməsi ilə bağlı mexanizmlər mövcud deyil. Ona görə də qanuna dəyişiklik edilməsinə ehtiyac var. Bütövlükdə cəmiyyətdə maliyyə şəffaflığının təmin edilməsi zəruridir. Bunu arzulayırıqsa, onda müvafiq addımları atmalıyıq”. E.Mirzəbəyli deyib ki, təmsil etdiyi partiyada bu barədə zərrə qədər narahatlıq yoxdur: "BAXCP maliyyə şəffaflığına maksimum dərəcədə əməl edir. Partiyamız maliyyə hesabatını hətta vaxtından tez MSK-ya təqdim edir və mətbuatda verir. Hesab edirəm ki, bu cür addımlar digər siyasi qurumlara nümunə olmalıdır. Əgər ölkədə fəaliyyət göstərən partiyalar maliyyə şəffaflığına əməl edirsə, digərləri isə etmirsə, o halda qanunun müəyyən mexanizmləri işə düşməlidir”.

İsmayıl