Qanun işləməyə başladı

Türkiyədə müxalifət liderləri istintaqa cəlb olunub
“Əsas məqsəd terrorla əlaqəsi olan millət vəkillərinin cinayət məsuliyyətinə cəlb edilməsi olsa da, qanun daha geniş miqyasda tətbiq olunacaq”


Türkiyədə 57 millət vəkili barəsində istintaq başlayıb. Məlumata görə, 117 cinayət işindən 94-ü Xalqların Demokratik Partiyası, 16-sı Cümhuriyyət Xalq Partiyası, 3-ü Milliyyətçi Hərəkat Partiyası, 4-ü isə AKP millət vəkilləri barəsindədir.

Cinayət işi açılanlar arasında Səlahəddin Dəmirtaşla yanaşı, MHP sədri Dövlət Baxçalı və CHP lideri Kamal Kılıçdaroğlunun da adları var. Xatırladaq ki, mayın 20-də deputatların toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı konstitusiyaya dəyişiklik edilib. Bu dəyişiklik terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığını aradan qaldırmağa və onlara qarşı cinayət işi açılmasına imkan verir. Məsələni "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, dəyişiklik təkcə terrorla mübarizə kontekstində qəbul olunmayıb. Ekspertin sözlərinə görə, əsas məqsəd terrorla əlaqəsi olan millət vəkillərinin cinayət məsuliyyətinə cəlb edilməsi olsa da, qanun daha geniş miqyasda tətbiq olunacaq: "Toxunulmazlıq hüququnun ləğv edilməsi digər cinayət tərkiblərini də özündə ehtiva edir. Dəyişikliyə səs verən millət vəkilləri bunun fərqində idilər. Çünki elə deputatlar var ki, onların qanunsuz əməlləri haqqında dəfələrlə cinayət işi açılıb. Amma millət vəkilləri "toxunulmaz” olduqları üçün istintaqı davam etdirmək mümkün olmayıb. Artıq onları cinayət məsuliyyətinə cəlb etmək mümkündür”. N.Miri bildirib ki, bütün vətəndaşlar qanun qarşısında bərabər olmalıdır: "Adi vətəndaşa tətbiq olunan qanun eyniylə millət vəkillərinə və dövlət məmurlarına da tətbiq edilməlidir. Bu yöndə ayrı-seçkiliyin olması doğru yanaşma deyil və ədalətsizlikdir. Fikrimcə, bu məsələ siyasi səhnədə hansısa xaos yaratmayacaq. Ola bilər ki, hakimiyyətdə olan siyasi qüvvələr bundan qisasçılıq üçün istifadə etsinlər, kimlərisə cəzalandırsınlar. Əlbəttə, bu da yolverilməz haldır. Çünki qisasçılıq tendensiyası toplumda ciddi parçalanma yarada bilər”.

İsmayıl