
“Qara qutu” açılandan sonra qəzanın səbəbləri bilinəcək
“Bu tipdə olan təyyarələr artıq özünün istismar müddətini başa vurmaq üzrə olan köhnə təyyarələrdir”

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası dünən baş verən təyyarə qəzası ilə bağlı rəsmi məlumat yayıb. Administrasiyadan verilən məlumata görə, Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib. Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Türkmənistanın Marı şəhərinə yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.
Amma 9 ekipaj üzvündən 7-si həlak olub. Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.
Təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən biri 1953-cü il təvəllüdlü Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı olub.
İkinci pilot olan 1971-ci il təvəllüdlü Abdullayev Altay Oqtay oğlu isə Azərbaycan vətəndaşıdır.
Digər həmyerlimiz Əsədullayev Nazim Orucəli oğlu isə şturman olub. 1968-ci il təvəllüdlüdür. 1964-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rzayev Nadir Adıgözəl oğlu, bort-mühəndis olub.
Azərbaycan vətəndaşı olan Şahverdiyev Firdovsi Şir oğlu radio-operator olub. 1964-cü ildəndir. Bort operatoru olan həmyerlimiz Zülfiyev Azər Ağakişi oğlu 1973-cü il təvəllüdlüdür. Ukraynalı Zadnipryanets Ruslan Vladimiroviç texnik, 1969-cu il təvəllüdlüdür.
1955-ci il təvəllüdlü Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik olub. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlüdür.
Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Komissiyanın sədri - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.
Onu da deyək ki, "SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi "SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Birləşmiş Ştatlar da "SilkWay” şirkətinə və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına təyyarə qəzası baş verən əraziyə çıxış əldə etmək işində kömək edir. Səfirlikdən bildirilib ki, Birləşmiş Ştatlar ərazidə mümkün olan istənilən köməkliyi göstərəcək. Səfirlik təyyarənin qəzaya uğraması zamanı həlak olanların ailələrinə başsağlığı da verib.
Təyyarə qəzasında həlak olanlara görə sığorta ödənişi veriləcək.
"İpək Yolu Sığorta” şirkətindən verilən məlumata görə, təyyarə və ekipaj üzvləri sığortalanıb. Həm qəzaya uğrayan təyyarəyə, həm də ekipaj üzvlərinə görə sığorta ödənişi veriləcək. Amma sığorta ödənişlərinin məbləği hələlik açıqlanmır.
An-12 təyyarəsinin havaya qalxma zamanı qəzaya uğramasını "Şərq”ə şərh edən "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev hesab edir ki, qəzanın müxtəlif səbəbləri ola bilər. Bunu isə ancaq "qara qutusu” açılandan sonra bilmək olar:
"Təyyarə köhnə olduğu üçün texniki nasazlıq baş verə və ya yerdən vurulmuş ola bilər. An-12 tipli təyyarənin xarakteristikasına toxunan Ə.Əliyev deyib ki, bu tipdə olan təyyarələr artıq özünün istismar müddətini başa vurmaq üzrə olan köhnə təyyarələrdir. Görünür, qəzaya uğrayan təyyarənin hələ ki, uçmaq imkanları olduğu üçün istifadəsinə icazə verilib. Onun da deyim ki, sovet dövründə də ən çox qəzaya uğrayan An-12 tipli təyyarələr olub. Amma onu deyim ki, təyyarənin yoxlanılmadan havaya qaldırılmasına inanmıram. Əgər Bakıdan uçanda texniki xidmət göstərilməsə idi, o gedib ora çıxa bilməzdi. Görünür, qəzaya səbəb olan amil hər nədirsə sonradan baş verib”. Azərbaycana məxsus təyyarənin daha öncə də Əfqanıstanda vurulduğuna diqqət çəkən Əliyev deyib ki, bu dəfə də analoji hadisənin yaşanması istisna ehtimal deyil.
Şəymən