Qarabağ münaqişəsi ABŞ və Rusiyanın nəzarətinə keçib

Kerrinin Lavrovla 7 dəfə telefonla danışması Vyana görüşünə səbəb oldu
“Gündəmdə işğal edilmiş rayonların mərhələ-mərhələ azad edilməsi məsələsi durur”


"Azərbaycan ordusunun aprel zəfəri diplomatiyamızın əlini xeyli gücləndirib. İndi danışıqlar stolu ətrafında daha inamlı və daha haqlı mövqedən çıxış edirik”. Bunu Vyana görüşü ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli deyib. Ekspert bildirib ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə ABŞ və Fransanın yaxından iştirak etməsi Cənubi Qafqazdakı Rusiya inhisarının müəyyən qədər məhdudlaşdırılması deməkdir:

"Amerika birinci dəfədir ki, Dağlıq Qarabağ probleminə bu qədər israrla müdaxilə edir. Con Kerrinin Lavrovla 7 dəfə telefon danışığı məhz Vyana görüşünün baş tutmasına səbəb oldu. Moskvaya qalsa idi, yenə də yarımçıq görüş keçiriləcək, başdansovdu qərarlar qəbul ediləcəkdi. Budəfəki görüş isə əvvəlkilərdən həm hazırlıq səviyyəsinə, həm də məsələlərin müzakirəsinin sərtliyinə görə xeyli fərqlənir”.

Siyasi ekspertin sözlərinə görə, Vyana görüşündə danışıqlar prosesinin başlamasına bir ay vaxt verilib: "İyunda prezidentlər yenidən görüşəcək. O vaxta kimi isə ekspertlər və xarici işlər nazirləri sülh danışıqlarının ümumi yol xəritəsini hazırlamalıdır. Gündəmdə işğal edilmiş rayonların mərhələ-mərhələ azad edilməsi məsələsi durur. Əgər danışıqların ümumi əldə edilmiş razılaşmasına riayət edilməsə, müharibə variantı yenidən gündəmə gələcək və Ermənistan Azərbaycan ordusunun sarsıdıcı zərbəsini alacaq. Güman edirəm ki, ermənilər də, onların ağaları da əvvəlki dövrlərə nisbətən diplomatik oyunlardan əl çəkməyə məcbur olacaqlar”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli də bildirib ki, Vyana görüşündən sonra verilən bəyanatlar ümidvericidir: "Görüşün tam mahiyyəti bizə bəlli deyil. Şübhəsiz ki, danışıqlar prosesinin ictimaiyyətə açıqlanmayan məqamları da var. Amma orada verilən bəyanatlar ümidvericidir. ABŞ, Rusiya təmsilçilərinin, bütövlükdə isə bütün vasitəçilərin proseslərin gedişi ilə bağlı pozitiv bəyanatları var. Hətta növbəti danışıqların baş tutacağı təqdirdə problemin həllinə xeyli yaxınlaşacağı fikirləri də səsləndirilir. Bunların nə qədər real olub-olmadığını zaman göstərəcək. İndiki şəraitdə reallıqlar fərqlidir. Burada Azərbaycanın öz mövqelərini möhkəmləndirməsi qabarıq şəkildə görünür. Bu həm hərbi müstəvidə, həm də siyasi, beynəlxalq müstəvidə də özünü büruzə verir. Təbii ki, bu reallıqlar Ermənistanın mövqeyinə müəyyən təsir göstərir. Nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil siyasət yürüdən dövlət deyil”. E.Mirzəbəyli əlavə edib ki, Ermənistan hər hansı bir formada ciddi qərarlar qəbul etmək imkanında və potensialında deyil: "Əgər regional, beynəlxalq güclər bu prosesdə Ermənistana təzyiqlərini davam etdirərlərsə və onu münaqişənin həlli istiqamətində konkret addımlar atmağa sövq edərlərsə, o zaman təbii ki, prosesin irəliləməsində müəyyən qədər irəliləyişə nail olmaq olar. Ümumiyyətlə bu danışıq prosesi Azərbaycan üçün son mərhələdir. Ermənistanın təxribatlarına qarşı həyata keçirilən əməliyyatlar ona görə dayandırıldı ki, Azərbaycan beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarını eşitdi və sülh danışıqlarına sadiq olduğunu bəyan etdi. Lakin bu bəyanat, prinsiplər ölkəmizə növbəti mərhələdə daha sərt addımlar atmağa imkan verir”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da bəyan edib ki, danışıqlar istənilən halda davam etdiriləcək: "Cəbhədə ermənilər tərəfindən atəşkəs rejiminin pozulması hallarının nəzərəçarpacaq dərəcədə azalması Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü və orada əldə olunan razılıqla bağlıdır. Baxmayaraq ki, bu, heç bir tərəfdən açıq şəkildə bəyan olunmur, amma ehtimal etmək olar ki, orada tərəflər məhz atəşkəsin pozulmaması ilə bağlı üzərinə ciddi öhdəliklər götürüblər. Bu mexanizm işləyir və şübhə yox ki, bir müddət də işləyəcək. Ona görə ki, artıq 2 böyük dövlət bu məsələdə vasitəçiliyi bilavasitə öz üzərinə götürüb. Məsələ artıq ATƏT-in Minsk Qrupu həmsədrləri formatından çıxıb, artıq məhz ABŞ-Rusiya formatını alıb”.

İsmayıl