“Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda görüş planlaşdırılır”

Lavrov: “Ermənistan Dağlıq Qarabağın statusunun birtərəfli qaydada müəyyən olunmayacağını bəyan edib”


"Moskva Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunun qarşısını almağı və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir”.
"RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Əlbəttə, indi ən əsas məsələ yeni itkilərdən qaçmaq və hər cür atəşkəs pozuntusunun qarşısını almaq, bunun üçün işlək mexanizmlər, tədbirlər hazırlamaqdır”, - deyə o, söyləyib.

Nazir qeyd edib ki, 5 il əvvəl o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri bu məsələni altına imza atıblar: "Onlar insidentlərin araşdırılması və etimadın möhkəmləndirilməsi mexanizminin yaradılmasına razılaşdılar. ATƏT-ə bu məsələ ilə məşğul olmaq həvalə edildi və ATƏT nümayəndələri müxtəlif variantlı təkliflər ortaya atdılar. Lakin təəssüf ki, 2012-ci ildə məsələ irəliyə getmədi. İndi biz istəyirik ki, tərəflər bu məsələyə qayıtsınlar. ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu təşviq edirik”.

Nazir bildirib ki, Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağına dair xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək.

O, vurğulayıb ki, Ermənistan bu məsələni müzakirə etmir: "Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək”.
Rusiya xarici işlər naziri bəyan edib ki, Yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır.(apa)
"Görüş planlaşdırırıq, çünki məsələ yüksək diqqət tələb edir. Yəgin ki, tezliklə təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Axı bu iş belə kollektiv format tələb edir”, - deyə o vurğulayıb.