Ekspertlər Azərbaycan Prezidentinin müşavirədəki çıxışını dəyərləndirdilər
Qarabağ münaqişəsi mərhələli həll olunmalıdır
Həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təsir göstərməlidir
Ekspertlər Azərbaycan Prezidentinin müşavirədəki çıxışını dəyərləndirdilər
Ekspertlər Azərbaycan Prezidentinin müşavirədəki çıxışını dəyərləndirdilər
İyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirib.
Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırıb. "Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”- deyən Prezident Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb: "Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir. Ümumiyyətlə, bu ilin altı ayında ölkəmiz xarici siyasətdə fəallıq nümayiş etdirib. 10-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Mənim xarici səfərlərim də beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə xidmət edib. Bu əlaqələr davam edəcək”.
"2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”
Dövlət başçısı ölkənin iqtisadi inkişaf proseslərindən də danışıb. Prezident cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib: "Ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalıb. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. 2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq. Strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlər davam etdiriləcək”. Dövlət başçısı ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını da verib: "İdxaldan maksimum dərəcədə asılılığı aradan götürmək, ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalıdır. Bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün rəqabətə girməliyik. Çünki dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır, böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər. Ona görə də öz məhsulumuzla bu bazarlara girmək üçün gərək böyük səylər göstərək”. Dövlət başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı da tapşırıqlarını verib: "Bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi, xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafı istiqamətində işlər davam etdirilir”. Bundan əlavə, Prezident İlham Əliyev "ASAN xidmət”in fəaliyyətinə toxunaraq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini diqqətə çatdırıb. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən Prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə etdi.
"İşğalçı dövlət torpaqlarımızı azad etməlidir”
Millət vəkili Elman Məmmədov Prezidentin "Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır” sözünə münasibət bildirib. Deputat bunun tam yerində söylənilmiş fikir olduğunu deyib: "ATƏT-in Minsk Qrupu, BMT, həmsədr dövlətlər və Ermənistan uzun illərdir deyirlər ki, müharibə olmasın və danışıqlar yolu ilə problem həll olunsun. Təbii ki, biz də bunu istəyirik. Biz də deyirik ki, torpaqlarımız işğaldan azad olunsun. Ancaq onlar bunu sözdə deyirlər, əməldə etmirlər. 25 ildən artıqdır ki, boş sözlər deyilir. Əgər belədirsə, onda ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri niyə bu işğalçı, cırtdan, terrorçu dövlətə təzyiq göstərib onu məcbur etmirlər ki, o öz hərbiçilərini, ordusunu Azərbaycan torpaqlarından çıxarsın. Cənab Prezident dəfələrlə söyləyib ki, onların bu yaramaz hərəkəti Azərbaycanı hərbi gücdən istifadə etməyə məcbur edəcək. Əgər həmsədr dövlətlər müharibənin olmasını istəmirlərsə, onların qoruyub himayə etdiyi işğalçı dövlət torpaqlarımızı azad etsin. Əks halda, müharibə qaçılmaz olacaq”.
"Azərbaycan Prezidenti düzgün mövqedədir”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bildirib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərə düzgün yanaşır. QAT sədrinin sözlərinə görə, beynəlxalq təşkilatların ədalətsiz mövqeyi münaqişə ilə bağlı yanaşmada öz əksini tapır: "Ermənistanın barışmaz mövqedə qalması da Qərbin münasibətlərində əks olunur. Çünki Vyana, Sankt-Peterburq görüşündən sonra Ermənistan yenə də özünün köhnə ampluasında qalıb. Varşavada keçirilən NATO Sammitində də bəzi məsələlərə aydınlıq gəldi. Məlum oldu ki, işğalçı ölkə heç bir halda yumşalmaq fikrində deyil. Bu mənada hesab edirəm ki, Azərbaycan Prezidenti düzgün mövqedədir. Məhz buna görə də Prezident haqlı olaraq ötən gün Nazirlər Kabinetinin iclasında dedi ki, həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir.
Hətta ölkə rəhbəri Ermənistana da bir mesaj ünvanladı ki, əgər işğalçı dövlət özünü bu cür apararsa, Azərbaycan tərəfi başqa metodlara əl ata bilər. Hesab edirəm ki, bu, müharibə mesajı idi. Əgər aprel hadisələrindən ermənilər dərs götürmədilərsə, növbəti dəfə eyni hallar təkrarlana bilər”.
"Prezident müşavirədə mühüm məqamlara toxundu”
Millət vəkili, iqtisadçı Vahid Əhmədov da bəyan edib ki, Prezident iclasda görüləcək işlərlə bağlı mühüm məqamlara toxunub: "Dövlət başçısı ölkədə sənayenin inkişafı, kənd təsərrüfatında müəyyən artımın olması, ərzaq təhlükəsizliyinin təmin olunmasının planlarını açıqladı. Prezidentin müşavirə zamanı dərman zavodlarının tikilməsi məsələsinə toxunması həm Azərbaycan, həm də əhali üçün çox böyük əhəmiyyət kəsb edir. Bundan başqa turizm sektorunun inkişaf etdirilməsi, ixrac-idxal əməliyyatları ilə bağlı məsələlər haqqında fikirlərini bildirən dövlət başçısı vurğuladı ki, ixracı stimullaşdırmaq üçün bəzi məhsullar Azərbaycanda istehsal edilməlidir”. Ölkənin 6 aylıq iqtisadi göstəricilərinə gəlincə, V.Əhmədov söyləyib ki, dünyada gedən prosesləri nəzərə alsaq, vəziyyət ürəkaçan deyil: "Dünyada ciddi iqtisadi böhran gedir. Neftin dünya bazarında qiymətinin ucuzlaşması milli valyutaların da dəyərdən düşməsinə səbəb olur. Problemlərin həddindən artıq olduğu bir zamanda Azərbaycan iqtisadiyyatını da qoruyub saxlamaq çox çətindir. Azərbaycan neft ixrac edən ölkə olduğu üçün milli valyutamız da birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. Belə olanda tənəzzül ölkəmizdən də yan keçmir və iqtisadi göstəricilərin azalmasına səbəb olur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlət başçısı zərərin minimuma endirilməsi istiqamətində mühüm addımlar atır ki, cəmiyyətimiz bu problemlərdən əziyyət çəkməsin”.
İsmayıl