Qarabağ münaqişəsinin həlli Qərb-Rusiya qarşıdurmasından asılıdır

Rusiyanın arxası yerə vurulmayana qədər cəbhə xəttində hərbi əməliyyatlar davam edəcək




Qarabağ üzrə amerikalı ekspert Sabina Freyzer Dağlıq Qarabağda "təsadüfi müharibə”nin başlanma ehtimalından danışıb. Ermənilərin illər keçdikcə Dağlıq Qarabağ ətrafı ərazini güzəştə getmək istəmədiklərini deyən Freyzer münaqişənin həlli ilə bağlı aparılan danışıqların 2011-ci il Kazan görüşündən sonra dalana dirəndiyini bildirib.

Xatırladaq ki, Freyzer bundan əvvəlki çıxışında da Ermənistan-Azərbaycan arasındakı münaqişənin tezliklə tənzimlənməsinin vacibliyini vurğulayıb. Torpaqlarımızın işğala məruz qaldığını və Avropada ən çox qaçqının Azərbaycanın payına düşdüyünü diqqətə çatdıran ekspert deyib ki, münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Almaniyanın Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Uve Halbax da Qarabağda müharibənin başlanma ehtimalının hər keçən gün yüksəldiyini bəyan edib. Halbaxın sözlərinə görə, Cənubi Qafqazdakı münaqişə tam dondurulmuş deyil: "Biz Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hələlik nəzarət etməyin mümkün olmadığı hadisələri diqqətlə izləyirik. Qoşunların təmas xəttində vəziyyət qəflətən, bəlkə də bilməyərəkdən gərginləşə bilər. Vəziyyət nəzarətdən çıxarsa, təsadüfən müharibə başlaya bilər. Biz 20 ildən çoxdur münaqişənin hərbiləşməsinə yol verməməyə çalışırıq. Lakin əhəmiyyətli nəticələr əldə etməmişik. Fikrimcə, səbəb xarici qüvvələrdə deyil, kompromisə getmək istəməyən daxili qüvvələrdədir”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin sözlərinə görə, Rusiya Qarabağda atəşkəsi və daim atəşkəsin pozulması vəziyyətini ona görə yaradıb ki, istənilən vaxt müharibə etmək, Qərbin Azərbaycandakı maraqlarına, kommunikasiya xətlərinə, boru kəmərlərinə zərbə vurmaq asan olsun: 

"İndi real müharibə Rusiya ilə Qərb arasında gedir. Təbii ki, qarşıdurmada məğlub və qalib olmalıdır. Yox əgər belə olmazsa, yəni Qərb və Rusiya razılıq əldə edərsə, onda Qarabağ münaqişəsinin həlli yenə də uzanacaq. Ancaq Qərb qalib gələrsə, münaqişə bizim xeyrimizə həll olunacaq”. V.Quluzadə son günlər cəbhədəki gərginliyin arxasında birbaşa Rusiyanın dayandığını deyib: "İrəvan cəbhədəki gərginlikdən daxili narazılığı sakitləşdirmək üçün istifadə edir. Yəni "biz müharibə vəziyyətindəyik, Azərbaycan bizi dağıtmaq istəyir, hər şeyə dözməlisiniz” deyə, sadə erməniləri ələ almaq istəyir. Lakin hər şey böyük geosiyasi oyunun bir parçasıdır. Rusiyanın arxası yerə vurulmayana qədər cəbhə xəttində hərbi əməliyyatlar davam edəcək”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu isə bildirib ki, Ermənistanın Azərbaycanla müharibə aparmasının əsas səbəbi iki dövlətin hərbi gücləri arasındakı fərqin sürətlə Ermənistanın ziyanına dəyişməsidir. Ona görə də düşmən ölkə nəyin bahasına olursa-olsun, müharibəyə başlamağa can atır. Politoloqun fikrincə, cəbhədə yaranmış gərginlik həmsədrlərlə erməni rəhbərliyinin birgə fəaliyyətinin nəticəsidir: "Baş verənlər heç də təsadüfi deyil. Ermənistan indiki müharibə planını reallaşdırmaqda ATƏT-in Minsk Qrupunun dəstəyinə arxalanır. Eyni zamanda ermənilər Rusiya və İrandan gen-bol yardım alacaqlarını da yaxşı bilirlər. Fikrimcə, Azərbaycan real müharibə ilə üz-üzədir. Bu müharibəni də biz yox, ermənilər başlayır”.

M.Əhmədoğlu deyib ki, Azərbaycan müharibəni nisbətən uzaq zamanda başlamaq istəyir. Ermənistan isə ən yaxın zamanda müharibəyə başlamağa məcburdur: "Sarkisyan öz xalqını o səviyyəyə qədər qırdırmalıdır ki, ermənilər Qarabağı unutsun. Ermənistanın daxili vəziyyəti ağırdır, Sarkisyan buna məcburdur”.

Politoloq əlavə edib ki, müharibənin qarşısını alan tədbirlərə ciddi ehtiyac yaranıb: "İlk növbədə həmsədrlər müharibənin necə başlanmasının izahını verməlidirlər. Ermənistanın necə hərbiləşdiyini, kasıb ölkənin silah-sursat üçün haradan pul tapdığını deməlidir. Ancaq istənilən halda Azərbaycan Ordusu öz sözünü deyəcək. Ermənistanın preventiv zərbə strategiyası Milli Ordumuzun zərbələri ilə neytrallaşdırılacaq”.

İsmayıl