Qarabağ probleminin həllində 3+1 variantı...

Elman Nəsirli: “Əgər Almaniya kansleri Angela Merkelin vasitəçilik niyyəti reallaşarsa, ATƏT-in Minsk Qrupu “üçlük”dən kvartetə keçə bilər”



Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların heç bir nəticə verməməsi və ermənilərin təxribatçı hücumlarla regiondakı vəziyyətin daha da gərginləşməsi ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini yenidən tənqid hədəfinə çevirib. Qurumun əhəmiyyətsiz olduğunu deyən bəzi ekspertlər ümumiyyətlə həmsədrlərin fəaliyyətinə xitam verilməsini tələb edirlər.

Amma qrupun tamamilə ləğv edilməsindənsə, format dəyişikliyinin zəruri olduğunu irəli sürən siyasətçilər də var. Onların fikrincə, ABŞ, Fransa və Rusiyadan ibarət olan indiki "üçlüyə” Almaniya və Türkiyə də əlavə olunmaqla "beşlik” şəklində format yaratmaq lazımdır. Yalnız bu halda həmsədrlərin fəaliyyətindən müsbət nəticə gözləmək olar. Hamıya məlumdur ki, həmsədr ölkələrdən Rusiya və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin yaradılmasındakı rolu, eyni zamanda Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi sənədlərlə sübuta yetirilib. Fransanın ermənipərəst siyasəti də dəfələrlə özünü büruzə verib. Ona görə də adıçəkilən üç dövlətin Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv mövqe tutacağını gözləmək sadəlövhlük olardı.

Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Əslində Almaniyanın prosesdə iştirak məsələsi təsadüfən gündəmə gəlməyib. Dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Angela Merkelin danışıqlarda vasitəçilik etmək istəyi ilə çıxış etməsi Azərbaycan ictimaiyyətinin ümidlərini bir az da olsa artırıb və müsbət mənada müzakirələrin başlamasına səbəb olub. Daha sonra millət vəkili Azay Quliyev ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilərək qurumun 5 həmsədrdən ibarət olmasını təklif edib.
"5-lik” formatını almaniyalı ekspert, xarici əlaqələr üzrə mütəxəssis Riçard Kiessler də dəstəkləyib və Almaniyanın münaqişənin həlli prosesində iştirak etmək istədiyini bəyan edib. Kiessler bildirib ki, Almaniya ATƏT-in Minsk Qrupunun 11 üzvündən biri olduğuna görə, təklif edilən məsələnin reallaşması ciddi problem yaratmamalıdır: "Münaqişənin həllində vasitəçiliyi əsas oyunçular həyata keçirirlər. Almaniya kanslerinin bəyan etdiyi kimi, Berlin Minsk prosesində yardımçı ola bilər. Xanım Merkelin də qeyd etdiyi kimi, indiyə qədər Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

"Türkiyə bu məsələdə müsbət rol oynaya bilər”

Azərbaycanın ən yaxın strateji tərəfdaşı olan, dostluq və qardaşlıq əlaqələrinə sahib olduğumuz Türkiyə də dünyanın ən isti münaqişələrində körpü, açar rolunu oynayan nüfuzlu dövlətlərdən biridir. Bu baxımdan Türkiyənin həmsədrlərin "5-liyində” yer alması Azərbaycan üçün əvəzedilməzdir. Çünki qardaş ölkənin Dağlıq Qarabağ problemi ilə bağlı birbaşa rəsmi Bakının mövqeyini dəstəklədiyi şübhəsizdir. Rusiyalı politoloq, şərqşünas Yevgeni Baxrevski də Minsk Qrupunun mənasız olduğunu deyib və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün başqa mexanizmin tələb olunduğunu bildirib. Politoloq münaqişənin həllində Türkiyənin mümkün vasitəçilik missiyasına pozitiv yanaşıb: "Türkiyə bu məsələdə müsbət rol oynaya bilər”. Almaniyanın Qafqaza heç bir aidiyyəti yoxdur deyən politoloq vurğulayıb ki, münaqişənin həlli üçün yeganə təsirli format İran-Rusiya-Türkiyə üçlüyü ola bilər: "Türkiyə Fransanı ermənipərəst hesab edir. Onların fikrincə, Almaniyada güclü türk diasporunun olması almanları azərbaycanpərəst edəcək”. Baxrevskinin szölərinə görə, ATƏT Minsk Qrupu əvvəlki fəaliyyəti ilə məşğul olacaqsa, sərhəddə ölümlərin sonu gəlməyəcək.

"Türkiyənin prosesə daxil edilməsi Ermənistanın müttəfiqi olan Rusiyanın və ermənipərəst mövqe tutan Fransanın mövqeyini tarazlaşdıra bilər”

Sankt-Peterburq Dövlət Universitetinin dosenti, politoloq Aleksandr Sotniçenko da bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun dəstəklədiyi Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş formatından çox narazıdır. Onun fikrincə, həmsədrlər tərkibinə Azərbaycanın müttəfiqi kimi Türkiyənin daxil edilməsi Ermənistanın müttəfiqi olan Rusiyanın və ermənipərəst mövqe tutan Fransanın iştirakını tarazlaşdıra bilər. Həmçinin, Minsk Qrupu vasitəçilər formatını daha dinamik edər. Bu, Avropa İttifaqında Fransa ilə müqayisədə daha neytral mövqe tutan Almaniyaya da aiddir”. Lakin rusiyalı politoloq Türkiyə və Almaniyanın vasitəçi kimi çıxış etməyə razılıq vermələrinə şübhə ilə yanaşıb və bunu dünya iqtisadi böhranının olması ilə izah edib: "Minsk Qrupunun hazırkı üzvlərini mövcud ləng format qane edir. Buna görə də vəziyyəti heç kim dəyişdirməyəcək”. Sotniçenko qeyd edib ki, Azərbaycan adından belə təkliflərin irəli sürülməsi göstərir ki, problem əvvəlki kimi aktualdır, lakin bu formatda həll oluna bilməz.

"Həmsədrlər tərəflərin xahişi ilə fəaliyyət göstərir”

Günlərdir mediada müzakirə olunan formatın genişləndirilməsi təkliflərinə nəhayət ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də reaksiya verib. Uorlikə görə, indiki format tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə üsuldur. Diplomat bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün üzərlərinə götürdükləri öhdəliklərə tam sadiqdirlər: "Biz ATƏT sədrinin mandatı çərçivəsində, tərəflərin xahişi ilə fəaliyyət göstəririk. Nə qədər ki, tərəflər vasitəçi rolumuzu faydalı hesab edir, biz sülhün əldə olunmasına yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik”.

"Dünyada etimadsızlıq mühiti formalaşıb. Beynəlxalq təşkilatlar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir”

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, professor Elman Nəsirlinin sözlərinə görə, təkcə ATƏT-in Minsk Qrupu deyil, ümumiyyətlə beynəlxalq münasibətlər sisteminin əsas subyektləri olan təşkilatların özündə bu gün ciddi böhran yaşanmaqdadır: "Dünyada bir etimadsızlıq mühiti formalaşıb. Beynəlxalq təşkilatlar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu baxımdan xüsusilə seçilir. 1992-ci ildən bəri həmsədrlərin işinə nəzər saldıqda, onların tamamilə fəaliyyətsiz olduğunu görmək mümkündür. Həmsədrlər sadəcə bir şeylə öyünürlər ki, guya onların vasitəçiliyi olmasaydı, münaqişə çoxdan müharibəyə çevriləcəkdi. Belə çıxır ki, həmsədrlərin vəzifəsi heç də münaqişəni həll etmək deyil, sadəcə olaraq müharibəyə transformasiyanın qarşısını almaqdır. ATƏT-in Minsk Qrupunun indiki formatının saxlanmasında həmsədrlər maraqlıdır. Təbii ki, onların fəaliyyətsizliyi Ermənistanı da qane edir. Yəni Azərbaycan istisna olmaqla digər bütün tərəflərin mövqeyi üst-üstə düşür.

"Almaniyanın prosesdə iştirakı "3+1” variantında mümkün ola bilər”

Almaniya və Türkiyənin həmsədr kimi prosesə qatılması məsələsinə münasibət bildirən politoloq deyib ki, əgər Almaniya kansleri Angela Merkelin vasitəçilik niyyəti reallaşarsa, ATƏT-in Minsk Qrupu "üçlük”dən kvartetə keçə, yəni "dördlük” ola bilər: "İstisna edilmir ki, 3+1 variantında da Almaniyanın iştirakı mümkün ola bilər. Necə ki, Almaniya İranın nüvə proqramı ilə məsələdə 5+1 variantında iştirak edir. Yəni bu sahədə təcrübəsi var. Ancaq düşünürəm ki, Almaniyanın həmsədr olması məsələsində erməni tərəfi bütün gücü ilə buna qarşı çıxmağa səy göstərəcək. ATƏT-in köhnəlmiş bir prinsipi var. Bu, konsensus prinsipidir. Həmin konsensusa görə, qurum üzvlərindən biri yekun qərara "yox” dedikdə həmin qərar keçmir. Yəni orada səs çoxluğu prinsipi işləmir. Bir dövlətin qarşı çıxmağı əksəriyyətin razılığına üstün gəlir. Faktiki olaraq, elə bir vəziyyət yaranıb ki, nə ATƏT-in Minsk Qrupu bir iş görə bilir, nə də onun formatının dəyişdirilməsinə imkan verilir. Şahmat dili ilə desək, "pat” vəziyyətidir.

"Ən düzgün yol, cənab Prezidentin də vurğuladığı kimi, yalnız və yalnız güclənməkdir”

Amma Türkiyənin prosesdə iştirakı qəlizdir. Çünki Ermənistan ciddi-cəhdlə bu prosesin əleyhinə çıxır və mane olmağa çalışır. Buna görə də Türkiyə Minsk Qrupunun 11 üzvündən biri olsa da, Dağlıq Qarabağ münaqişənin həllində ilk "üçlüyə” və ya "beşliyə” girə bilmir. Fikrimcə, indiki vəziyyətdə ən düzgün yol, cənab Prezidentin də vurğuladığı kimi, yalnız və yalnız güclənməkdir. Biz gücümüzün elə bir həddinə gəlib çata bilərik ki, fəaliyyəti sıfıra bərabər olan həmsədrlər Azərbaycanın hər an müharibəyə başlayacağından ehtiyat edərək cırtdan Ermənistanı sülhə məcbur etsinlər.

İsmayıl