Qarabağ separatçıları meydan sulayır

Paşinyan sussa, sonu betər olacaq



Dağlıq Qarabağ separatçılarının təmsilçisi meydan sulayır, baş nazir Paşinyanı aşağılayır, onun həbsxanadakı rəqibinə açıq dəstək verir”. Bunu "Şərq”ə politoloq Elxan Şahinoğlu deyib. Ermənistandakı daxili çəkişmələri dəyərləndirən analitik bildirib ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı xəbərdar etmişdi ki, onlar Ermənistanın daxili işlərinə qarışmasınlar: "Yəni baş nazirə ağıl öyrətməsinlər, hətta Paşinyan bu məqsədlə Saakyanı təcili İrəvana da çağırmışdı. Ancaq deyəsən, separatçılar Paşinyanın xəbərdarlığını qulaqardına vururlar. Qondarma Dağlıq Qarabağ respublikasının Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan erməni saytlarından birinə müsahibəsində deyib ki, eks-prezident Robert Koçaryanın hakimiyyəti devirmək maddəsi ilə ittiham olunması onda gülüş doğurur: "Hakimiyyətdə olan şəxs hakimiyyəti necə devirə bilər?” 

Balasanyan baş nazir Nikol Paşinyanı misal gətirərək, "bu ona bənzəyir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün hakimiyyətə qarşı çıxır”. 

Göründüyü kimi, Vitali Balasanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə imzaladıqları bəyanatda "xalqları sülhə hazırlamaq lazımdır” müddəasını da anlamadığını bu sözlərlə ifadə edib: "Sülh sazişi olmadan xalqları barışığa necə hazırlamaq olar?”. Başqa sözlə, separatçılar danışıqların hazırkı gedişindən də narazıdır”.

Siyasi şərhçinin sözlərinə görə, əslində Balasanyan "lideri” Bako Saakyanın düşündüyünü deyir: "Cavab vermək növbəsi Nikol Paşinyandadır. Paşinyan Xankəndindən ona qarşı uzanan ittihamlara sussa, separatçılar onu zəif bilib daha çox üstünə gedəcəklər. 

Biz isə Xankəndi ilə İrəvan arasındakı bu "mesajlaşmanı” diqqətlə izləməli və öz faydamız üçün istifadə etməyi bacarmalıyıq. Ancaq bunu bacarmaq üçün usta gedişlər və gərəkli informasiyaların kənara yayılmasını təmin etmək lazımdır”.

İsmayıl