Qarabağın arzuolunmaz şəxsləri...

Onlar nə qədər “qara siyahı”ya düşsə də, işlərindən çəkinmirlər



Dağlıq Qarabağ münaqişəsinin həllinin illərlə uzanması, separatçıların işğalda saxladığı Azərbaycan ərazilərində fəaliyyət istiqamətlərini genişləndirməyə vüsət yaradır. Azərbaycanın əleyhinə olan ermənipərəst qüvvələr isə separatçı rejimə yardımçılıqla məşğuldurlar. Azərbaycanın icazəsi olmadan Qarabağa turist səfərlərinin təşkil edilməsi, orada müxtəlif adlar altında tədbirlər keçirilməsi artıq adi hala çevrilib. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində, beynəlxalq səviyyədə tanınan ərazilərinə bu cür səfərlərin təşkilini, tədbirlərin keçirilməsini hər dəfə pisləyir, bəyanat verir, bu şəxsləri "qara siyahı”ya salır. Amma bunun effektsiz olduğunun illərdir şahidiyik. Qarabağa müxtəlif xarici ölkə vətəndaşlarının, jurnalistlərinin, rəsmilərinin Azərbaycanın qanunlarını pozaraq səfər etməsi tez-tez baş verir. Ən acınacaqlısı isə artıq iş adamlarının işğalda olan ərazilərimizə, separatçıların əlində olan qondarma "respublika”ya köç etməsi, ayaq açaraq orada biznes fəaliyyətinə başlamasının şahidiyik.

Bir müddət öncə Rusiyadan olan biznesmen, German Sterlikov Qarabağa köçdü. Orada çörək zavodu açacağını bildirdi, dəyirman inşasına başladı. Hətta rusiyalı milyarderin arvadı Alyona Sterlikova da moda evi yaratmaq planlarını açıqladı. Bununla yanaşı, Sterlikova Şuşada moda sərgisi də təşkil etdi. Rəsmi Bakı Sterlikov ailəsini qara siyahıya saldı, etirazını bildirdi. Hətta Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə, milyarderə cinayət işi də açıldı. Azərbaycanın işğalda olan ərazilərində biznes fəaliyyəti ilə məşğul olmaq niyyətini ortaya qoyanlardan biri də İsveçrə Konfederasiyasının vətəndaşı, "Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakes oldu. Bununla bağlı da Azərbaycan etiraz bildirdi, həmin iş adamının adı "qara siyahı”ya salındı, beynəlxalq axtarışa verildi. Amma bu tədbirlərin effektsizliyini gördük.

"Qara siyahı”nın effektsizliyi...

Məsələ ondadır ki, bu cür tədbirlərdən başqa Azərbaycanın atacağı hansısa addım yoxdur. Səbəb isə, ərazilərin erməni separatçılarının hələ də işğalda olmasındadır.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur: "Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlığı, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir. Buna görə də, Qarabağda gedib biznes fəaliyyəti ilə məşğul olmaq yolverilməzdir. Ümumiyyətlə isə işğal olunmuş Azərbaycan torpaqlarına Azərbaycanın icazəsi olmadan səfər etmək qanunun kobud şəkildə pozulması deməkdir. Biz bunun qarşısının alınması istiqamətində tədbirlər görürük. O adamların adları "qara siyahı”ya salınır, arzuolunmaz şəxs hesab olunurlar. Bütün mümkün tədbirlər həyata keçirilir ki, bu tip insanlar öz çirkli niyyətlərindən yayınsınlar”.

"Azərbaycanın qanunları orada işləmir”

Bu cür səfərlər, Qarabağda iş qurulması hallarını ekspertlər, ziyalılar, ictimaiyyət üzvləri şiddətlə qınayırlar. Qarabağı təmsil edən millət vəkili Elman Məmmədov bildirib ki, xarici ölkə vətəndaşlarının, xüsusən də biznesmenlərin işğal olunmuş ərazilərimizə səfər etmələri qanuna tamamilə ziddir. Deputat vurğulayıb ki, onlar səfərdən başqa, daha da dərinə gedib Qarabağda biznes fəaliyyəti ilə məşğul olurlar, iş qururlar, ermənilərlə birlikdə müştərək müəssisələr yaradırlar: "Bunlar beynəlxalq hüquqa zidd addımlardır, BMT-nin nizamnaməsinə uyğun deyil. Rəsmi Bakı bu məsələləri daimi diqqətdə saxlayır, münasibətini bildirir, biznesmenlərin vətəndaşı olduğu ölkələrə etiraz notası göndərir. Bəyanat verilir, onlar "qara siyahı”ya salınırlar, arzuolunmaz şəxs hesab olunurlar. Amma onların Dağlıq Qarabağa getmələrinə, orada fəaliyyətlərinə başqa cür maneə yarada bilmirik. Çünki bu gün həmin ərazilər Ermənistanın, işğalı altındadır. Azərbaycanın qanunları orada işləmir”.

"İş adamları Qarabağa səfər etməmişdən qabaq, danışıqlar aparırlar”

E.Məmmədov deyib ki, ən pisi həmin biznesmenlərin özbaşlarına separatçıların əlində olan ərazilərə getməmələridir: "Etirazımızı bildirəndə, biznesmenlərin mənsub olduğu dövlətlər bizə cavab verirlər ki, "biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Biznesmenlər ora gedirlərsə, iş qururlarsa, dövlətin yox, özlərinin şəxsi təşəbbüsləridir”. Hesab edirəm ki, bu çox riyakar, qeyri-səmimi bir münasibətdir. Təbii ki, yalan danışırlar. Çünki iş adamları Qarabağa səfər etməmişdən qabaq, danışıqlar aparırlar. Ermənistanda həmin şəxslərin mənsub olduqları dövlətlərin səfirlikləri var, nümayəndəlikləri var. Biznesmenlər səfirliklərlə əlaqələr yaradırlar, iş qurmaq istədiklərini bildirirlər. Təbii ki, rəsmi İrəvan da buna beşəlli razılıq verir”. Deputat bu insanların məqsədlərinin bəlli olduğunu söyləyib: "Bu günə kimi Qarabağ probleminin həllinin qəsdən ləngidilməsinə səbəb zaman qazanmaq, bundan istifadə edərək hazırkı status-kvonu qoruyub saxlamaqdır. Qarabağdakı separatçı rejimi bir az da inkişaf etdirməkdir. Bununla həm də Azərbaycanın səbrini yoxlayırlar. Fikirləşirlər ki, Azərbaycanı bu yolla ermənilərin xeyrinə nəyəsə təhrik edə biləcəklər. Bir neçə il də keçdikdən sonra bildirəcəklər ki, biz buraya filan miqdarda kapital yatırmışıq, biznesmenlərimiz fəaliyyət göstərirlər. Azərbaycan anti-terror əməliyyatlarına başlayanda, narazılıq edəcəklər. Necə ki, indi Rusiya Suriyada maraqlarının olduğunu, orada kontingentinin olduğunu deyir. Bunların hamısı məkrli uzaqgörənliklə hesablanmış tədbirlərdir.

"İstəyirlər ki, ermənilərin xeyrinə həll variantı tapsınlar”

Millət vəkili bunun qarşısını almağa cavabdeh qurumların olduğunu da xatırladıb: "Cavabdeh, ATƏT və onun münaqişənin sülhlə həllinə yardımçı olduğunu deyən Minsk Qrupu. Həmçinin də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında beş qətnamə qəbul etmiş BMT var. Bu qurumlar məsələyə ciddi yanaşmalıdırlar. Bunun qarşısının tam alınmasının isə bircə yolu var, o da torpaqların işğaldan azad edilməsidir. Mandat Minsk Qrupuna verilib, zəhmət çəkib sülhə, danışıqlara zərər gətirən fəaliyyətdən həm İrəvanı, həm də separatçıların əlində olan işğal olunmuş Azərbaycan torpaqlarına səfər edən, orada iş quran xarici ölkə biznesmenlərini bu yoldan çəkindirsinlər. Əgər buna həmsədrlər mane olmurlarsa, məsələyə göz yumurlarsa, demək məqsədləri münaqişəni həll etmək yox, hazırkı vəziyyəti qoruyub saxlamaqdır. İstəyirlər ki, ermənilərin xeyrinə həll variantı tapsınlar. Təbii ki, Azərbaycan dövləti də, xalqı da buna imkan verməyəcək. Azərbaycanın bircə yolu var - öz ərazilərində anti-terror əməliyyatı keçirib, ərazilərini erməni terror qruplaşmasından azad etməkdir.

Qanacaqsızlıq... Həyasızlıq...

Əslən Qarabağdan olan ziyalı, yazıçı Seyran Səxavət bunun birinci mənəvi tərəfinin ağırlığına diqqət çəkib: "Təsəvvür edin, mən gedə bilmədiyim torpaqlarıma xaricdən, tanıdığımız-tanımadığımız insanlar gəlib - gedirlər. Bu mənə də, torpaqları işğalda olan insanların hər birinə də çox pis təsir edir. İşğal müddəti o qədər uzandı ki, Qarabağ sanki bulanlıq xatirəyə dönüşür. Digər yandan da, sanki dünya bizə qarşıdır. 20 ildir ki, Azərbaycanın əraziləri erməni terrorçuları tərəfindən işğal olunub, amma dünya dövlətləri susurlar. Görünən odur ki, dünyanı insanlıq yox, nəfs idarə edir. Bu böyük bir fəlakətdir. Azərbaycanın işğal altında olan torpaqlarına gəlib konsert verənlərin, iş quranların həyasızlığı var. Dünya ictimaiyyəti deyilən, əslində maraqlı dövlətlərin dediyi ilə oturub duran bu toplumun qanacaqsızlığı da mövcuddur. Faktiki olaraq orada iş quranlar Azərbaycan xalqının hüquqlarını kobud surətdə pozurlar. Bu onu göstərir ki, dünyada ikili standarta söykənən siyasi antisanitariya hökm sürür”. Yazıçı qeyd edib ki, Qarabağa gələn, orada iş quran biznesmenlərin, moda göstərənlərin, qazanc götürənlərin qarşısını Azərbaycan almaq istəyir: "Rəsmi şəkildə bəyanat verilir, etiraz olunur. Amma bu bəyanatlarla, nota ilə həll edilmədiyini görürük. Başqa bir problem də, bizim torpağımızın işğalda olmasıdır, orada separatçı ermənilərin qoşunlarının yerləşdirilməsidir. Torpaqlarımız əlimizdə deyil ki, hüquqlarımızı pozanların yerindəcə cavabını verək. Amma bunun qarşısının alınmasına gücümüz də var, israrımız da. Məsələni həll etməyin bir yolu var, o da ərazilərimizə sahib çıxıb, terrorçulardan təmizləmək yoludur. Ondan sonra kimi istəyərik, icazə verərik iş qurmağa, biznes fəaliyyəti göstərməyə. Kimi də istəmərik, ərazilərimizə buraxmarıq”.

"Məqsəd qondarma respublikanı beynəlxalq birliyin subyektinə çevirməkdir”

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov bildirib ki, qondarma Dağlıq Qarabağ Respublikasında separatçı rejim hökm sürməkdədir: "Bu rejimi dünyanın heç bir ölkəsi, hətta Ermənistan da tanımayıb. Deməli, bu rejim beynəlxalq hüquqdan kənarda olan rejimdir. Azərbaycan dövlətinin ərazisi olan Dağlıq Qarabağa hər hansı bir təşkilatdan, qurumdan, dövlətdən səfər reallaşdırılan zaman rəsmi Bakının icazəsi alınmalıdır və məsləhətləşmə aparılmalıdır. Ondan sonra bu və ya digər addım atılmalıdır. Təəssüf ki, bu, dəfələrlə təkrarlanan faktdır ki, qondarma Dağlıq Qarabağ Respublikasına ayrı-ayrı beynəlxalq təşkilatlardan, dövlətlərdən səfərlər olur. Bu səfərləri Azərbaycan tərəfi çox mənfi qarşılayır. Bu halda bizim əsas təsir mexanizmi kimi Xarici İşlər Nazirliyinin tərtib etdiyi siyahı var. Arzuolunmaz şəxslər siyahısı. Həmin siyahıya salınırlar, Azərbaycanın digər ərazilərinə gəlişinə qadağa qoyulur. Amma hadisələrin gedişatı göstərir ki, beynəlxalq hüquqda tətbiq olunan bu mexanizm indiki halda lazımi effekti vermir”. Politoloqun sözlərinə görə, Ermənistan dövləti, eyni zamanda qondarma Dağlıq Qarabağ Respublikası ciddi cəhdlə çalışır ki, belə səfərlərin sayı çoxalsın: "Özləri təşəbbüslə çıxış edirlər ki, belə səfərlər reallaşsın. Məqsəd qondarma respublikanı beynəlxalq birliyin subyektinə çevirməkdir. Onun dövlət kimi tanınmasına nail olmaqdır. Eyni zamanda Dağlıq Qarabağ danışıqlarında da tərəf kimi iştirakına nail olmaqdır. Belə mexanizmlərdən biri xarici ölkələrdən, beynəlxalq təşkilatlardan rəsmi şəxslərin qondarma respublikaya səfərini gerçəkləşdirməkdir. Onlar bu istiqamətdə də müntəzəm şəkildə işləyirlər. Hətta bir qədər də irəli gedərək, biznesmenləri göndərirlər ki, separatçıların əlində olan ərazilərdə iş qursunlar”. Deputat məsələnin həlli üçün bir sıra təkliflər də səsləndirib: "Bir qədər çevik addımlar atmaq olar. Hesab edirəm ki, ilk növbədə, Avropa parlamentinə müraciətlər olunmalıdır. Bununla bağlı Avropa İttifaqının təmsilçiləri ilə təmaslar qurulmalıdır. Avropa İttifaqının Azərbaycan nümayəndəliyi bu məsələ ilə bağlı ciddi fəaliyyət göstərməlidir. Bir sözlə problem ən yüksək səviyyədə müzakirə predmetinə çevrilməlidir. Təkcə passiv şəkildə onları "qara siyahı”ya salmaqla problemi həll etmək mümkün olmur”.

Fikirlərdən belə aydın olur ki, problemin aradan qaldırılmasının yolu torpaqların işğaldan azad edilməsi, Azərbaycan qanunlarının öz ərazilərində keçərliliyini təmin etməkdir. Yoxsa biz bundan sonra da Qarabağa səfərlərin şahidi olacağıq, orada biznes fəaliyyəti göstərmək üçün köç edənləri də görəcəyik.

Anar Bayramoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.