Qardabani rayonunun bələdiyyəsi vətəndaşların etimadını qazanıb

Rəfi Orucov: “Bizim işimiz yerli infrastrukturlara nəzarət etmək, sakinlərin hüquqlarını qorumaq, şikayətlərini aradan qaldırmaq və insanların təkliflərini dəyərləndirməkdir”
“Yaxın günlərdə bütün rayon və kənd orta məktəblərində yeni “mandatur” ştatı yaradılacaq”


Müasir dövlətlərin çoxunda yerlərdə yaranan məsələlər yerli özünüidarəetmə sisteminin vasitəsilə həll edilir. Çünki yerli özünüidarəetmə, bələdiyyə orqanları hüquqi dövlətin və demokratik cəmiyyətin həyatında mühüm rol oynayır. Yerli özünüidarəetmə qeyri-dövlət sistemidir və ictimai-kütləvi hakimiyyətdir. Onu dövlət idarəetməsi hesab etmək olmaz. Bu cür hakimiyyət cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakını təmin edən xalq hakimiyyəti sayılır.

Bir çox ölkələr də bələdiyyələr qanun çərçivəsində yerli əhəmiyyətli bir çox məsələləri sərbəst surətdə həll etmək imkanına malikdirlər. Bu məsələdə nümunə kimi Avropanı və yaxud da Türkiyəni göstərmək lazım deyil. Elə qonşu Gürcüstanda bələdiyyələrə verilən səlahiyyətlərlə və bu orqanların çoxsahəli fəaliyyəti tanışlıq yetərlidir. Gürcüstanda bələdiyyə sistemi Azərbaycanın yerli özünüidarəetmə sistemlərindən xeyli fərqlidir. Burada ilk növbədə məhəllə polisləri, polis post-patrul xidməti bələdiyyələrə tabe etdirilib. Polislər yerli hakimiyyətlə əməkdaşlıq etdiyinə görə, törədilmiş cinayətin üstü vaxtında açılır. Pasport-masa xidməti də DİN-in tabeçiliyindən çıxarılaraq bələdiyyələrə verilib. Vətəndaşlar şəxsiyyət vəsiqəsi və xarici pasportları növbə gözləmədən 10 gün ərzində ala bilirlər. Hərbi xidmətə çağırış da bələdiyyələrin səlahiyyətləri daxilindədir. Qonşu Gürcüstanda əhalinin sosial yardıma ehtiyacı olan təbəqəsini müəyyənləşdirmək də bələdiyyələrin səlahiyyətlərinə aiddir. Bələdiyyənin ayırdığı nümayəndələr kəndləri gəzərək ehtiyacı olanları siyahıya alır və onlara ayın sonunda davamlı olaraq müəyyən məbləğdə yardım göstərilir. Bizdə isə əhaliyə ünvanlı sosial yardımların verilməsi nəyin bahasına başa gəlir, hamıya bəllidir... Əslində Azərbaycandan fərqli olaraq Gürcüstanda yerli özünüidarə orqanları bir il tez formalaşıb. Gürcüstanın bələdiyyə sistemini fərqləndirən ən əsas cəhət struktur fərqliliyidir. Gürcüstanda bələdiyyələr qanunverici orqan olan "sakrebulo”lar, icraedici orqan olan "qamgeoba”lardan ibarətdir. Bu idarəetmə orqanını Gürcüstanda hətta kiçik parlament adlandırırlar. "Sakrebulo”ların üzvlərini xalq, "qamgeoba”ların sədrlərini isə "sakrebulo”lar seçir.

Gürcüstanda nümunəvi fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarından biri də Qardabani rayon bələdiyyəsidir. Qardabani rayonunda kifayət qədər azərbaycanlı yaşayır. 75 min əhalisi olan rayonda azərbaycanlılar əhalinin çox faizini təşkil edir.

Qardabani bələdiyyə sədri Vaja Qenqaşvili ilə görüşümüzdə də gürcü bələdiyyələrinin necə işlədiyinin əyani şahidi olduq. Özünü deputat, rəhbərlik etdiyi bələdiyyəni "mini parlament” adlandıran V.Qenqaşvili bizi çox mehribancasına, gülərüzlə qəbul etdi. Söhbətimiz əsnasında sədr Qardabani bələdiyyəsinin gördüyü ümumi işlərdən və gələcək planlardan danışdı. Demokratik prinsiplər çərçivəsində fəaliyyət göstərdiklərini vurğulayan Qenqaşvili bildirdi ki, bələdiyyə daha çox əhalidən gələn təklifləri, şikayətləri araşdırır və onun həlli üçün imkanlar axtarır: "Bizə üz tutan heç bir vətəndaşı geri çevirmirik. Onların hamısının dərdini dinləyirik və bacardığımız qədər köməklik etməyə çalışırıq. Bələdiyyəmizin səlahiyyəti çox olduğu üçün bizə müraciət edən, şikayətini bildirən vətəndaşlar çox olur”.

Məlumat üçün bildirək ki, qonşu Gürcüstanda bələdiyyə orqanları həmin rayonun inkişafı üçün dövlət tərəfindən ayrılan büdcəyə birbaşa nəzarət edirlər. Həmin rayonda yerli əhalinin bütün siyasi, ictimai, sosial və mədəni problemləri bələdiyyə qurumları tərəfindən araşdırılır və həll edilir. Buna görə də sədrlə söhbət zamanı Qardabani bələdiyyəsinin içi və çölü şikayətçi insanlarla dolu idi. Qenqaşvili dedi ki, milli və dini ayrıseçkilik etmədən bütün vətəndaşların şikayətinə baxılır və onların təklifi diqqətlə dinlənilir”.
Onu da qeyd edək ki, Gürcüstan rayon bələdiyyələri regionla bağlı həyata keçirilən bütün iqtisadi, sosial layihələrin işləmə mexanizminə yaxından nəzarət edir.

Soydaşlarımızdan söz açan Qenqaşvili vurğuladı ki, son illər azərbaycanlılar gürcü dilini öyrənməyə xüsusi maraq göstərirlər. Buna görə də rayon orta məktəblərində gürcü dilinin tədrisinə xüsusi önəm verilir: "Gürcü dilini öyrənmək təkcə azərbaycanlıların özü üçün yox, eyni zamanda dövlətimiz üçün də zəruridir. Çünki bizim yerli kadrlara ehtiyacımız var. Tbilisidən gürcü müəllimi gətirməkdənsə, bu dili mükəmməl öyrənib tədris edən azərbaycanlı bizim üçün daha əlverişlidir. Ona görə də dil işinə xüsusi önəm veririk”.

Qenqaşvili milli azlıqların durumundan da söz açıb: "Gürcüstanın heç bir yerində milli azlıqlarla bağlı problem yoxdur. Milliyətindən və dinindən asılı olmayaraq hər kəsin hüquqları yüksək səviyyədə qorunur. Bunu öz soydaşlarınız da sizə təsdiqləyə bilərlər”.

Qenqaşvili ilə söhbətimizə yekun vurduqdan sonra bələdiyyə sədrinin müavini, soydaşımız Rəfi Orucovla  görüşdük. Rəfi Orucov dinamik, gənc kadrdır. O, Qaracalar orta məktəbini bitirib və 2007-ci ildə Moskva Dövlət Universitetinin Gürcüstan filialında hüquq ixtisası üzrə təhsil almağa başlayıb. 2011-ci ildə isə ali təhsilini başa vurub. İş həyatına mühafizə xidmətində başlayan həmyerlimiz 2013-cü ildə Qardabani icra strukturlarında hüquqşünas kimi fəaliyyət göstərib. 2014-cü ildə Qardabani rayonu Qaratəhlədə "Gürcü Arzusu” Partiyasının Niçveli blokundan yerli özünüidarəetmə orqanına namizədliyini verib və 87 faizlə qələbə qazanıb. Bir müddətdən sonra bələdiyyə sədrinin müavini seçilib. Qardabani bələdiyyəsinin funksiyalarından danışan R.Orucov da bəyan edib ki, təşkilatın əsas qayəsi yerli sakinlərin müxtəlif problemlərini həll etməkdir: "Bizim işimiz yerli infrastrukturlara nəzarət etmək, sakinlərin hüquqlarını qorumaq, şikayətlərini aradan qaldırmaq və insanların təkliflərini dəyərləndirməkdir. Buna görə də, vətəndaşların iştirakı ilə tez-tez iclas keçiririk və metodlar tətbiq etməklə əhalinin təkliflərini müzakirə edirik. Daha sonra bələdiyyə adından şikayət və təkliflərlə bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlayırıq”.

R.Orucovun sözlərinə görə, yaxın günlərdə bütün rayon və kənd orta məktəblərində yeni "mandatur” ştatı yaradılacaq: "Orta məktəblərdə fəaliyyətə başlayacaq mandaturlar təhsil ocaqlarındakı kriminal hadisələrə nəzarət etmək, dərsə davamiyyəti yoxlamaq, şagirdlərin nizam-intizam qaydalarına əməl etməsinə nail olmaq kimi funksiyaları həyata keçirəcək”.

Sədr müavini deyib ki, sakinlərin təklifi ilə həyata keçirilməsi planlaşdırılan digər mühüm bir layihə kəndlərdə uşaq bağçalarının yaradılması ilə bağlıdır: "Artıq bununla bağlı işlər yekunlaşmaq üzrədir. Biz aidiyyəti orqanlara müraciət etmişik. Yaxın günlərdə kəndlərdə hər cür şəraitlə təmin olunmuş 19 uşaq bağçası fəaliyyətə başlayacaq. Çünki iş-güc sahibi olan valideynlər uşaqlarının sahibsiz və baxımsız qalmalarından əziyyət çəkirlər. Ona görə də bizə müraciət edərək bu problemi aradan qaldırmağımızı xahiş etdilər”.

Qardabani bələdiyyəsinin həyata keçirdiyi və sakinlərin razılığına səbəb olan əhəmiyyətli xidmətlərindən biri də tibbi sahədə görülən işlərdir. Bələdiyyələr yerli əhalinin tibbi sığortasına ciddi önəm verir. Xəstəliyi olan, müalicəyə ehtiyac duyan imkansız sakinlərin əsas dayağı da elə yerli bələdiyyə orqanlarıdır. Bu isə əhalinin böyük məmnunluğuna və razılığına səbəb olur.

Ümumiyyətlə, bələdiyyə sisteminin yüksək fəaliyyət göstərdiyi Qardabani rayonunda demək olar ki, heç kim ciddi problemlə üzləşmir. Əhalinin dərdləri də tez zamanda yerli özünüidarəetmə orqanları tərəfindən həll edilir. Biz də ümid edirik ki, qonşu Gürcüstanda fəaliyyət göstərən bələdiyyə sistemi, yerli özünüidarəetmə orqanlarının müstəqilliyi və canfəşanlığı eynilə Azərbaycanda da tətbiq olunacaq.

Vüqar Nəzərli,
Bakı-Qardabani-Bakı