“Qarımış qızlar” elə də çox deyil

“Biz əksinə, nikaha girməyə tələsənlər artıb deyirik” Mehriban Zeynalova: “Bu gün gec ailə həyatı quran qızlar daha çox təhsil almış və öz tayını tapa bilməyənlərdir”
Lalə Mehralı: “Qızlarımız addımını ağıllı atır, əvvəl təhsil alıb özünə karyera qurur, öz qazancı olandan sonra ailə barədə düşünür”


Azərbaycanda erkən nikahlarla yanaşı, gec ailə qurma problemi də son zamanlar aktuallaşıb. Cəmiyyətimiz üçün təhlükə doğurmadığından bu məsələ əvvəllər müzakirə edilmirdi. Ta ki namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev prezidentliyə namizədlərin debatında "evdə qalmış” xanımların problemlərindən danışana qədər. O, çıxışında prezident seçilərsə, bu problemləri həll edəcəyini bildirmişdi.

Qeyd edək ki, Azərbaycanın kənd yerlərində 23 yaşında qızı olan valideyn istər-istəməz narahat olur ki, onun övladı evdə qalıb. Əgər kənd yerlərində qızlar 23-24 yaşınadək ərə getmirsə, artıq qonşular, qohumlar, yadlar arasında dedi-qodu başlanır. Bu səbəbə görə də kənd yerində valideynlər qızlarını tez ərə verməyə çalışırlar, nəinki şəhər yerində. Gəncləri isə zamanın su kimi axıb getməsi bir o qədər də maraqlandırmır. Onların bu həyatdan öz gözləntiləri var...

Ekspertlərin fikrincə, ailə qura bilməyən qadınların əksəriyyəti alan olmadığı üçün yox, ona elçi düşən oğlanları bəyənmədiyi üçün evdə qalır. Qızlar təhsilli, evi, daimi işi, pulu olan ər arzusuyla yaşayır və beləcə yaş ötür. Özündənrazılıq, eqoistlik, lovğalıq da bəzi qızların ərə getmə yoluna sədd çəkir.
Araşdırmalar göstərir ki, Azərbaycanın hansısa ucqar bölgəsində qızların qarımasının digər səbəbi həmin regionda iş yerlərinin olmaması səbəbindən oğlanların oranı tərk edərək iri şəhərlərə, xarici ölkəyə - Rusiyaya- getmələridir. 

Uzun müddət başqa yerdə işləyən oğlanlar geri qayıdanda vaxtilə onlarla həmyaşıd qızların artıq yaşlı olduğunu görür, daha az yaşı olanlara elçi düşürlər.
Təəssüf ki, Azərbaycan cəmiyyəti "qarımış qızlar”a pis münasibət göstərir. İctimaiyyət arasında çoxları belə düşünür ki, "o qızın nə isə problemi var ki, 30 yaşadək ərə getməyib”. Halbuki, bu, düzgün yanaşma deyil.

Dini ehkamlara, olacağa inananlara söykənən bəzi adamlar isə hesab edirlər ki, qızların qarıması, ailə qura bilməməsi, bəxt, qismət, taledir və bunu Tanrı belə yazıb...

Doğrudanmı Azərbaycanda qızların ərə getməsi problem səviyyəsinə qalxıb, yoxsa Razi Nurullayev məsələni çox şişirdib?

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın nikah yaşı keçmiş qızlarla bağlı qənaəti belədir: "İndiki halda konkret olaraq evdə qalan qızların sayının çox olduğunu söyləmək çətindir. Ola bilsin ki, karyera qurmağa başı qarışan, real seçim etmək uğrunda mübarizə aparan qızlar nikahı yubandırır. Biz əksinə, nikaha girməyə tələsənlər çoxalıb deyirik. Amma seçim ucbatından ləngiyən qızlar elə də çox deyil. Bu gün gec ailə həyatı quran qızlar daha çox təhsil almış və öz tayını tapa bilməyənlərdir. Nəinki evdə qalsın və ya kimsə onunla evlənməsin. Vaxt var idi, evdə qalmış qızlar problemi daha geniş vüsət almışdı. Hazırda isə evliliyə şüurlu şəkildə yanaşanların problemi var”.

M.Zeynalova qeyd edib ki, bu məsələdə az da olsa, mental xüsusiyyətlərin müəyyən təsiri ola bilər: 

"Lakin indiki mental xüsusiyyətlər əvvəlkilərdən fərqlənir. Bunlardan biri dediyim kimi, seçim və evliliyə addım atmaqda cürət etməməkdir. İndi "məni heç kim almır, evdə qalmışam” kimi stereotiplər dağılıb. Hətta bəzi hallarda ilk addımı atan qadınlar olur. 20-30 il bundan qabaq qadının ilk addımı atması pis qarşılana bilərdi və bu, qadının əxlaqsızlığı kimi qiymətləndirilirdi. Lakin indi ailə qurmaq istiqamətində təklif, qadın tərəfindən də ola bilir”.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq- jurnalist Lalə Mehralı:

- Bu problemdirmi və bunun statistikası aparılırmı, bilmirəm, amma məncə, "evdə qalmış qızlar” ifadəsi qeyri-etikdir. Evdə qalmaq nə deməkdir? Qadın əşya deyil, maket, müqəvva deyil, onun haqqında bu cür kobud ifadələr dilimizə və etikamıza yaraşmır. Mental dəyərlərin heç vaxt tapdanmadığı ölkələrdə qadın qul kimi alınmır, satılmır. Bizdə də həmçinin. Əgər qızlar gec ailə qurmaq istəyirsə, bunu evdə qalmaq kimi qələmə vermək nəyə lazımdır? Qızlarımız addımını ağıllı atır, əvvəl təhsil alıb özünə karyera qurur, öz qazancı olandan sonra ailə barədə düşünür. 

Çox düz edir! Siz boşanmalardan sonra aliment məhkəmələrində olan vəziyyətləri düşünün. Qadın işləmir, hakim uşağı anaya verir, ata aliment ödəməli olur, gah ödəyir, gah ödəmir, ana qalır etinasız və məsuliyyətsiz atanın verəcəyi bir neçə manatın ümidinə. Öz qazancı olsa, övladına özü baxa bilsə, bunun nəyi pisdir ki?

Mən öz müşahidələrimə görə deyə bilərəm ki, ölkəmizdə gec ailə quran qızlarımızın sayı deyildiyi kimi çox deyil. Maraqlıdır ki, bəzən gec ailə qurmaq yaşını 25-26 göstərirlər. Əgər gec ailə qurmaq 25-26 yaş üçün deyilirsə, bu gec deyil, əsl vaxtıdır. 19-20 yaşda ailə quran qızlarımız o qədər çoxdur ki, təhsilini bitirib karyerasını quran və 25-26 yaşda ailə quran qızlar "evdə qalmış” kimi qələmə verilir.

Şəymən