Qarpız ölüm gətirir?

Eyyub Hüseynov: “İstehlakçılar qarpız alarkən bilməlidirlər ki, nitritlərsiz və süni kübrələrsiz qarpızların çəkisi 4-5 kq-dan artıq olmur”




Bakıda qida zəhərlənməsindən ölüm faktları qeydə alınıb. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb. Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Faktlarla bağlı araşdırma aparılır.

Ekspertlər isə hesab edir ki, zəhərlənmələrə səbəb qarpızın mövsümündən əvvəl istehlak edilməsi ilə bağlıdır. Ancaq qarpızı təhlükəli edən təkcə vaxtından tez yetişdirilməsi deyil, həm də məhsuldarlığın bol olması üçün istifadə olunan müxtəlif kimyəvi maddələrdir. Məhz kimyəvi maddələrin çoxluğu qarpızı mövsümündə də zəhərə döndərir.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov vətəndaşları qarpızı vaxtında, yəni avqustun 1-dən etibarən almağa çağırıb. Onun sözlərinə görə, insanlar qarpız alarkən daha iri deyil, nisbətən kiçik qarpızlar almağa diqqət yetirsinlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zəhərlənmələrin səbəbini Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətsizliyində görür: "Dövlət büdcəsi hesabına alınan səyyar laboratoriyalar kənd təsərrüfatında çalışan insanlara xidmət etmir, həmçinin yerlərdə, aqronom məsləhəti yoxdur. Ona görə də hələ bu zəhərlənmələr davam edəcək”.

Qarpızın tərkibinə vurulan kimyəvi maddələrdən danışan ekspert deyib ki, qarpızı istənilən vaxt alıb yemək olar. Sadəcə qarpızların yetişdirilməsində istifadə edilən peristit və nitritlərin miqdarı gərək məhdudlaşdırılsın: "Müəyyən normalar çərçivəsində olsun. Bazarda əllərində primitiv aparatla guya nitritlərin miqdarını yoxlayırlar. Ancaq Kənd Təsərrüfatının əməkdaşları bunları bilmirlər. Bununla yanaşı, qarpız yetişdirənlər nə qədər mümkündürsə, azot kübrələri alırlar və nitritlər vururlar ki, böyük qarpızlar yetişsin və satsınlar. Hətta pulyonka altında belə erkən normal yetişdirilmiş qarpızı da hər vaxt yemək olar”.

AİB sədrinin sözlərinə görə, istehlakçılar qarpız alarkən bilməlidirlər ki, nitritlərsiz və süni kübrələrsiz qarpızların çəkisi 4-5 kq-dan artıq olmur: "Bundan əlavə, normal qarpıza bıçaq vurarkən partlamalıdır. Qarpız kəsilərkən qabığının qalınlığı yarım sm-dən artıq olmamalıdır. Qarpızın içərisi çəhrayı rəngi çıxmaqla tünd qırmızı və al qırmızı olmalıdır. Qarpızın özəyi ən yeməli yeridir. Orada ağ damarlar deyilən hissələr gözə çarpmamalı və yaxud çox nazik tük şəklində olmalıdır. Azərbaycanda satılan qarpızların 98 faizi GMO məhsullardır. Yəni balaca tutumlu qarpızlardır. Çünki böyük qarpız növləri artıq yoxdur. Həmçinin qarpız öz-özünə mikrob əmələ gətirən qida məhsulu deyil və yalnız kimyəvi zəhərlənmə ola bilər”.

Şəymən