Bəlkə bir adamın ailəsində 4 nəfər var...
Onların hamısına mobil telefon hədiyyə alıb, bunu necə qadağan etmək olar?!
Ölkədə mobil telefon qıtlığı yarana bilər. Dövlət Gömrük Komitəsi mobil telefonların ölkəyə gətirilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb. Bu barədə DGK-nin sədri Aydın Əliyev Yardımlıda vətəndaşlarla görüşü zamanı deyib. Komitə sədri bildirib ki, bu cür qadağalar qonşu ölkələrdə, o cümlədən Türkiyədə də var.
Türkiyə vətəndaşları ölkəyə yalnız 2 ildən-bir mobil telefonları ya poçtla, ya da şəxsən gətirə bilirlər. Mobil telefonların şəxslər vasitəsilə ölkəyə gətirilməsi qaydalarının sərtləşdirilməsində məqsəd isə, deyilənə görə, vergidən və gömrük rüsumlarından yayınmaların qarşısını almaqdır. Məlumdur ki, bəzi vətəndaşlar şəxsi istifadə adı altında ölkəyə gətirdikləri mobil telefonları satışa çıxarır. Belədə vergidən və gömrük rüsumundan yayınma halı baş verir. Üstəlik, mobil telefonların bəzən oğurluq olduğu da üzə çıxır.
Hüquqşünas Ələsgər Məmmədli isə "Şərq”ə açıqlamasında bildirdi ki, topdansatışı qadağan etmək çox çətin bir işdir və demək olar ki, mümkün deyil:
- Bir şəxs özü ilə ölkəyə 2 mobil telefon gətirə bilər. Mobil telefonların sayı 2-dən çox olarsa və onun satış məqsədilə alındığı təsdiqlənərsə, artıq vergi və gömrük rüsumu ödəməli olur. Ancaq bəlkə bir adamın ailəsində 4 nəfər var və onların hamısına mobil telefon hədiyyə alıb, bunu necə qadağan etmək olar?! Vətəndaş yalnız o halda vergiyə və gömrük ödəmələrinə cəlb edilə bilər ki, onun mobil telefonları məhz satış məqsədilə ölkəyə gətirdiyi məlum olsun. Bunu isə artıq gömrük işçiləri müəyyənləşdirməlidir. Gömrükdəkilər çox gözəl bilir ki, kim nə məqsədlə hara gedir, hardan gəlir. Gömrükçülər, alverçi ilə sadə vətəndaşı çox yaxşı ayırd edirlər. Təbii ki, ildə bir neçə dəfə, hətta dəfələrlə xarici ölkələrə səfər edən, getdiyi ölkəyə uyğun da müəyyən mallar gətirən konkret şəxslər var. Onların hamısını sərhəd-keçid məntəqələrində də tanıyırlar, gömrük orqanı əməkdaşları da bu şəxslərin kimliyinə bələddir. Bu şəxslər alver etdiklərini heç gizlətmir də. Alver edənlərlə sadə vətəndaşlar onsuz da biri-birindən seçilir. Bir adama ildə bir dəfə hansısa xarici ölkəyə səfər etmək nəsib olubsa və o, oradan ailə üzvləri üçün ucuz mobil telefon alıbsa, bunu ona qadağan etmək olmaz. Qanunda da bu, yoxdur.
Mobil telefonların bəzən oğurluq olmasına gəlincə, Ə.Məmmədli hazırkı sistemlə oğurluq malların aşkar edilməsinin asan olduğunu dedi:
- Mobil telefonların qeydiyyatdan keçirilməsi sistemi mövcuddur və hazırda da bu sistem işləyir. Şəxsin mobil telefonunun "e-mail kod”u qeydiyyata alınır. Bu sistem ölkədə fəaliyyət göstərən
bütün mobil operatorlara aiddir. Mobil telefonun kodu şəbəkədə qeydiyyata düşdükdə, onun oğurluq olub-olmadığı da avtomatik bilinir. Çünki hər telefon bir şəxsin adına qeydiyyatdadır. Telefon oğurluq olacağı təqdirdə sistemdə bu, onsuz da bilinəcək və o telefonu işlətmək mümkün olmayacaq. Qaydaların sərtləşməsi saxta mobil telefonların yayılmasına qarşı mübarizə məqsədi daşıyacaqsa, normaldır. Amma xırda bir hala görə, ümumən hamıya ölkəyə mobil telefon gətirilməsinə qadağa qoymaq düzgün olmaz. Bu, vətəndaşlar üçün lazımsız problem yaradar.
Məlahət Rzayeva