Atambayev Putinin komplimentlərini eşidəndən sonra Nazarbayevə qarşı daha aqressiv olur
Orta Asiyanın iki türk dövləti - Qazaxıstanla Qırğızıstan arasında gərginlik artmaqdadır. Hakimiyyətdən getməyə hazırlaşan Almazbek Atambayev Qazaxıstan lideri Nursultan Nazarbayevi Qırğızıstanın daxili işlərinə qarışmaqda ittiham edir. Həmçinin, Nazarbayevin 15 oktyabrda keçiriləcək prezident seçkilərində müxalifətçi namizəd Omurbek Babanovla görüşməsini pisləyir.
Bəzi ekspertlərə görə, Atambayev öz postunda keçmiş baş nazir Soronbay Jenbekovu görür və Babanovu "varis əməliyyatı”na təhlükə hesab edir. Buna görə Atambayev Qazaxıstan tərəfinə xəbərdarlıq da edib. Deyib ki, əgər Qazaxıstan lideri düzgün addım atmazsa, onlarla başqa dildə danışacaq. Hələlik Nursultan Nazarbayev Atambayevin ittihamlarına cavab verməyib. Qırğız ekspert Baxtiyar Erkimbayev yeni prezident seçiləndən sonra tərəflər arasında münasibətin düzələcəyini bildirib.
Onun sözlərinə görə, yaxın dostu olan Atambayev çıxışında emosional davranıb: "Qazaxıstan XİN etiraz notasında Qırğızıstan Prezidentinin iddialarını tənqid edib. Lakin bu açıqlamanın iki ölkə xalqları arasında möhkəm dostluq əlaqələrinə ziyan verə bilməyəcəyini vurğulayıb”. Qazaxıstan və Qırğızıstanın Avsrasiya İqtisadi İttifaqının üzvləri olduğunu xatırladan ekspert ölkələrarası münasibətlərdə gərginliyin saxlanacağını, lakin bunun heç bir ciddi nəticə doğurmayacağını deyib. Ekspertin fikrincə, Atambayev qeyri-rəsmi də olsa, Qazaxıstan üçün "persona non qrata” hesab olunacaq.
Gərginliklə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli baş verənləri Atambayevin siyasi oyunları adlandırıb. Ekspertin sözlərinə görə, Atambayev Putinin komplimentlərini eşidəndən sonra Nazarbayevə qarşı daha aqressiv olur:
"Nazarbayevin ünvanına deyilənlər böhtandır. Qazaxıstan liderinin qonşu ölkədəki seçkiyə qarışmasına ehtiyac yoxdur. Qırğızıstanda demokratiya nisbətən oturuşub, xalqın rəyi seçkilərdə həlledici rol oynayır. Əgər prezident seçkisində namizəd olan bir şəxs öz təşəbbüsü ilə Nazarbayevlə görüşürsə, bu o demək deyil ki, həmin şəxs mütləq Qırğızıstanın prezidenti olacaq. Axı Atambayev özü iddia edir ki, xalq kimi istəsə, ona səs verəcək. Məncə, Nazarbayevə qarşı irəli sürülən ittihamlar Atambayevin təxəyyülünün məhsuludur. Onun məqsədi Qırğızıstanla Qazaxıstanın arasını korlamaqdır”.
Analitik hesab edir ki, sifariş başqa mərkəzlərdən gəlib:
"Son zamanlar Qazaxıstanın sürətli inkişafı, ölkənin artan nüfuzu, Nazarbayevin türk dünyasını birləşdirmək məqsədi ilə gördüyü işlər Rusiyanın və ona tabe olan güclərin xoşuna gəlmir.
O məqsədlə regionda böyük nüfuz sahibi olan Nazarbayevi qaralamağa cəhd göstərirlər. Zənnimcə, bütün bunların hamısı süni surətdə qurulmuş oyunlardır. Bu oyunlar sadəcə türk birliyinə qarşı yönəlməyib, həm də türk dünyasının flaqmanı sayılan Qazaxıstanın zəiflədilməsinə və şəxsən Nazarbayevin nüfuzunun azaldılmasına yönəldilib. Əlbəttə, bunların hamısı boş və mənasız cəhdlərdir. Hər halda Atambayevin siyasi etikadan kənar ittihamları dövlət başçısına yaraşmır”.
İsmayıl