Qərb Kremli küncə sıxır

Rusiyaya qarşı sanksiyaların əhatə dairəsi genişlənəcək
“İndiki məqamda iddialar dolaşır ki, Rusiya neftinin alınmasından imtina edilsin. Rusiya beynəlxalq bank sistemindən uzaqlaşdırılsın”



Avropa Birliyi (AB) Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə razılaşıb. Qərar sentyabrın 2-də AB ölkələri səfirlərinin iclasında qəbul edilib. Bunu sentyabrın ortalarında nazirlər də təsdiqləməlidir. Rusiyaya qarşı həmin sanksiyaların müddəti sentyabrın 15-də başa çatır.

Söhbət Rusiyanın hüquqi və fiziki şəxsləri, habelə Ukraynadakı rusiyapərəst separatçılardan, ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasından gedir. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 150 nəfərə şamil edilir. Bir sözlə, Krımın ilhaqına görə 37 şirkət və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, ABŞ və digər dünya ölkələri də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

AB-nin qərarını şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, sanksiyalar hələ ki genişləndirilməyib: "Sadəcə, müddətinin daha 6 ay uzadılması barədə razılıq əldə olunub. Növbəti addım isə sanksiyaların tərkibinin genişləndirilməsi ola bilər. Məsələn, indiki məqamda iddialar dolaşır ki, Rusiya neftinin alınmasından imtina edilsin. Rusiya beynəlxalq bank sistemindən uzaqlaşdırılsın. Bu məsələlər reallaşarsa, Rusiya çox ağır zərbə alacaq. Amma bu yaxınlarda Almaniyanın kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Olland Putinlə görüşdülər. Razılığa gəldilər ki, Ukraynaya xüsusi status verməklə Rusiya qoşunları oradan çıxarılsın. Moskvanın isə bu razılaşmaya nə qədər sadiq qalacağı bilinmir. Hələ ki, Kreml Ukraynanın Şərqindəki əyalətlərə xüsusi status verilməsi haqqında parlamentin qərarını gözləyir. Bundan sonra şimal qonşumuz həmin bölgəyə müdaxilədən əl çəkərsə, Qərblə münasibətləri müəyyən qədər yumşala bilər”.

Ekspertin sözlərinə görə, Amerika təkcə sanksiyalarla kifayətlənməyərək, öz qoşunlarını Rusiya ilə sərhədləri olan ölkələrdə yerləşdirməkdə davam edir: "Məsələn, Baltikyanı respublikalara artıq öz qoşunlarını yeridiblər. Oraya xüsusi tank bölmələri gətirilib. Polşaya quru qoşunlarının müəyyən hissələri yerləşdirilib. Belə bir şəraitdə Rusiya kifayət qədər konstruktivlik göstərməyə çalışmır. Onun yaxın Şərqlə bağlı tutduğu mövqedə də Qərblə rəqabət yolunu seçib. Əlbəttə, bu, Qərbin xoşuna gəlmir. İŞİD və s. terror təşkilatlarına qarşı mübarizədə Moskva Qərbin yoluna maneə yaratmağa çalışır. Bu da onu göstərir ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər”.

Müsahibimizin sözlərinə görə, Moskvaya tətbiq olunan sanksiyalar Qərbin özünə də ziyan vura bilər: "Qərb Rusiyanın bazarlarından məhrum olub. Qərb şirkətləri Moskva bazarlarından böyük gəlirlər əldə edirdi. Üstəgəl, dünya iqtisadiyyatının inkişafı qarşılıqlı əməkdaşlıq fonunda baş verir. Bu gün isə dünyada iqtisadi böhran yaranıb. Bu böhranın birinci elementi özünü neftin qiymətinin düşməsində, istehsalın azalmasında, inflyasiyanın güclənməsində və milli valyutaların ucuzlaşmasında göstərir”.

Q.Hüseynli düşünür ki, Qərblə Rusiya arasındakı qarşıdurmanın vəd etdiyi neqativ hallar Azərbaycandan yan keçməyəcək: "Azərbaycan neft-qaz istehsal edən ölkədir. Neftlə-qazın qiymətinin düşməsi ölkəmizə mənfi təsir göstərir. Son dövrlərdə neftin qiymətinin ucuzlaşması ilə əlaqədar olaraq ölkəmizin gəlirləri azalıb. Əlbəttə, bütün bunlar Qərb-Rusiya qarşıdurmasının gətirdiyi bəlalardan irəli gəlir. Qarşıdurma davam edərsə, bunun ölkəmizə təsiri daha da böyük ola bilər. Bir sözlə, dünyanı böhrandan xilas etməyin yolu Qərb-Rusiya konfliktinin nizama salınmasından keçir”.

Ayyət Əhməd