"Qidanın tək tibbi deyil, texnoloji tərəflərinə diqqət etmək lazımdır"








"Qida Təhlükəsizliyi Agentliyi (QTA) çox ləng işləyir”.

Bu barədə "Sherg.az”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O vurğulayıb ki, birlik adından agentliyə məktub ünvanlayıb:

"Lazımi məsələlərdə təmənnasız köməkliyimizi QTA-ya təklif etmişik. Bir müddət əvvəl də Səhiyyə Nazirliyində mütəxəssislərlə söhbətimiz oldu. Təhlükəsiz qidanın tək tibbi tərəfinə deyil, həm də texnoloji tərəflərinə diqqət göstərmək lazımdır. Ölkə başçısının fərmanında və QTA-nın əsasnaməsində göstərilir ki, qidanın xammalını yoxlamaq lazımdır.

Təəssüf ki, agentliyin direktoru ilə görüşə bilmədim. Lakin rəsmi məktubumu göndərdim və yazılı şəkildə tənqidlərimi bildirdim. Ümid edirəm ki, agentlik tez bir zamanda işlərinə start verəcək, ictimaiyyətlə çalışmalarına başlayacaq”.

Qeyd edək ki, yeni yaradılan Qida Təhlükəsizliyi Agentlik 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb. Agentlik Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir.

Aysel Aslan