"Qış turizmi üçün təsislərimiz var, amma qiymətlər bahadır"





"Azərbaycanda qış turizmi daxili potensialın hesabına ayaqda qalır”.

Bunu "Sherg.az”a ölkəmizdə qış turizminin inkişafından danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O vurğulayıb ki, xaricdən gələn turist sayı hələlik lazımi səviyyədə deyil:

"Amma Azərbaycan vətəndaşlarının, xüsusilə Bakı sakinlərinin bayram, istirahət günlərində Qəbələ və Qusardakı turistik mərkəzlərə tez-tez getdiyini müşahidə edirik. Ona görə, qış turizmində müəyyən dinamika yaranıb. Xarici turistləri qış turizminə yönləndirmək üçün ciddi potensial var. Yüksək səviyyədə fəaliyyət göstərən təsislər var, amma qiymətlər bahadır. Qonşu Gürcüstan ucuz və sərfəli xidmət təklif etməklə bu sahədə də bizi qabaqlayır. Qış turizmi ilə bağlı MDB ölkələrindən və digər yerlərdən bu ölkəyə səfərlər artır.

Qusar rayonunda yerləşən "Şahdağ” Turizm Kompleksinə hər il büdcədən pul ayrılır. Çünki bu müəssisə Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir. Halbuki, kompleks tam gücü ilə işləsə, gəlir də qazandıra bilər. Ona görə, bu sahənin inkişafı üçün reklam çarxları, tanıtım layihələri həyata keçirilməlidir. Azərbaycana gələn turistlərin, xüsusilə qonşu ölkələrin, MDB dövlətlərinin, ərəb ölkələri vətəndaşlarının, qış turizmi ilə tanışlığını təmin etmək olar. Bunu həyata keçirmək üçün kifayət qədər potensial var”.

Aysel Aslan