Qiymət siyasəti yanlışdır...

AZAL ucuz aviareysləri ləğv etdi, narazılıq var
Nə qədər ki özəl şirkətlər AZAL-la rəqabət səviyyəsinə çatmayıb, bu problemin həlli real görünmür





Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti - "Buta Airways”in fəaliyyətə başlaması ilə əlaqədar olaraq oktyabrın sonundan "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tariflərində bir sıra dəyişikliklər olub.

"AZALJET” aşağıbüdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq edilir. Qeyd edək ki, "AZALJET”-in ləğv olunması xaricə gedib-gələn vətəndaşların ciddi narazılığına səbəb olub. Çünki Azərbaycan Hava Yollarına məxsus aşağı büdcəli bu brend 3,5 saata qədər olan reysləri həyata keçirirdi və bu da sərnişinlər üçün nisbətən uzuc olurdu. AZAL-ın yeritdiyi yanlış qiymət siyasətini dəyərləndirən ekspertlər hesab edirlər ki, ölkədə rəqabət mühiti yaranmayınca, mövcud problemlər öz həllini tapmayacaq.


İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, AZAL-ın qiymətlərinin bu qədər baha olması ölkədə rəqabət mühitinin olmaması ilə bağlıdır. Bütün inhisarçılar kimi AZAL da bazarda öz mövqeyini qorumağa çalışır və bu inhisarçı mövqeyin ona gətirdiyi dividendləri toplamaqla məşğuldur. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. Müştərinin seçim imkanı məhdud olduğuna görə AZAL istədiyi qiyməti "diktə edə bilir”.


AZAL ətrafında ciddi rəqabət apara biləcək şirkətləri görməlidir ki, müştərilərinin həmin şirkətlərlə əməkdaşlığının qarşısını almaq üçün özünün qiymət siyasətini dəyişib, daha çevik addımlar atmalıdır. Əslində səbəblər çoxdur. AZAL rəhbərliyinin özünün müxtəlif bəhanələri də var. Amma başlıca amil rəqabət mühitinin olmamasıdır. Nə qədər ki özəl şirkətlər AZAL-la rəqabət səviyyəsinə çatmayıb, bu problemin həlli real görünmür. Xarici şirkətlərin bazara girməsinə maneələr aradan qaldırılmalıdır. Rəqabətli mühit olsa, bəlkə "AZAL” da düzələr, normal işləməyi öyrənərlər. Ən azından Gürcüstandakı kimi 12 şirkətin bazarda birbaşa fəaliyyəti nəzərə çarpmalıdır. Qonşu ölkədə seçim olduğundan qiymətlər kifayət qədər ucuzdur. Bu səbəbdən də Azərbaycan vətəndaşlarının əksəriyyəti Gürcüstan üzərindən xaricə səfər etməyə üstünlük verirlər. Çünki AZAL-ın çevikliyi və araşdırması yox səviyyəsindədir. Şirkətin apardığı siyasət həm ölkə vətəndaşlarının xaricə səfərlərini məhdudlaşdırır, həm də xaricdən ölkəyə daha çox turist gəlməsinə mane olur. Azərbaycan turizm və aviadaşımalar sahəsində vəziyyəti dəyişmək istəyirsə, AZAL-ın inhisarçılığına yol verilməməli, bazara başqa aviaşirkətlər buraxılmalıdır.

N.Cəfərlinin sözlərinə görə, AZAL dövlət şirkəti olduğu üçün dövlət istədiyi addımı ata bilər. Amma hökumətin ata biləcəyi ən gözəl addım o ola bilər ki, AZAL-ın əlindən xidmət sahəsini alsın. 

Ola bilməz ki, uçuş şərtlərini həyata keçirən şirkət həm də xidmət sahələrində dominant olsun. AZAL-ın yerüstü xidmətlərinin həddindən artıq baha olmasını vurğulayan ekspert bunu birbaşa AZAL-ın diktə etdiyini deyib: "Hökumət ən azından yerüstü və aeroport xidmətlərini ayırmalıdır. İkinci olaraq da birbaşa bazara çıxış üçün müraciət edən xarici şirkətlərə lisenziya verilməsi prosesini sadələşdirmək və sürətləndirmək lazımdır”.
"AZALJET” brendinin ləğvinə gəldikdə isə ekspert onsuz da bu brendin bir o qədər də effektli olmadığını deyib. "AZALJET” xidməti ucuz uçuş anlayışına tamamilə zidd idi. Özüm bunun şahidi olmuşam. Əgər bilet xərci və əl baqajından başqa yük olarsa, əlavə 50 avro xərc çəkilməli idi, üstəlik, yemək xərci səfərin qiymətini qiymətli edirdi. Nəticədə əvvəl adi qaydada aldığımız bilet "AZALJET” brendi ilə ucuz xidmət adı altında yenidən baha qiymətə satılırdı”.

AZAL-ın dünyada ən bahacıl aviaşirkət olduğunu deyən iqtisadçı-ekspert Elçin Bayramlı bu şirkətin astronomik qiymətləri ilə tanındığını qeyd edib: "Eyni məsafəni digər şirkətlər 2-3 dəfə, bəzən 5 dəfə ucuz aparırlar. Bunun səbəblərini doğrusu aydınlaşdıra bilmirəm. Əgər burda monopoliya olsaydı, deyərdim ki, onunla bağlıdır. Lakin aviabazarda xeyli yerli və xarici şirkətlər var və AZAL-ın baha qiyməti ilə razılaşmayanlar onlarla uça bilərlər. Düzdür, onların da qiymətləri elə də aşağı deyil, lakin hər halda AZAL-la müqayisədə sərfəlidir. Üstəlik, bir çox sərnişinlər qonşu ölkələrə keçib ordan uçurlar və 2 təyyarə dəyişmələrinə baxmayaraq həmin məntəqəyə AZAL-ın bir reysindən daha ucuz başa gəlir”.

E.Bayramlının sözlərinə görə, baha qiymətlərə baxmayaraq AZAL-la uçanlar çox olur. Belə çıxır ki, onun qiymətləri sərnişinləri narahat etmir. Çünki tələb yüksək olmasa, AZAL qiymətləri salardı: 

"Demək, tələbat yuxarıdır ki, salmır qiymətləri. Məncə, sərnişinlər heç də narazı deyillər bu baha qiymətlərdən, olsaydılar, AZAL-ı boykot edərdilər. Hamısı digər şirkətlərə üz tutardı, AZAL da məcbur olub qiymətləri endirərdi”.

İqtisadçının fikrincə, aviabazara yeni loukoster aviaşirkətləri buraxılmalıdır. Bu zaman həm rəqabət güclənəcək, həm də sərnişinlər hərəsi büdcəsinə görə seçə biləcək: 

"Misal üçün, Macarıstanın "Viazyr”, Rusiyanın "Pobeda” və s. bu kimi şirkətləri, o cümlədən yaranacaq yeni yerli loukoster aviakampaniyalarını bazara buraxmaq olar və bu da son nəticədə qiymətlərin enməsinə gətirib çıxarar”.

Şəymən