Qız doğulduğuna görə uşağı atmazlar

Psixoloq deyib ki, nəslin davamçısı həm qız, həm də oğlan ola bilər
“Oğlanlar var ki, hələ də bacılarının hesabına yaşayırlar. Bacılarının da yox, hətta bacılarının həyat yoldaşlarının pulu hesabına dolanırlar”





Sumqayıtda yeni doğulan qız uşağının ailəsi tərəfindən tərk edilməsi günün əsas müzakirə predmetidir. Əvvəllər bu cür hallar ölkəmizin ucqar rayonlarında yaşanırdı, ancaq son zamanlar iri şəhərlər də qız uşaqlarına qənim kəsilib. Başqalarının yanında "nə fərqi, qız ya oğlan, əsas odur ki, xeyirli övlad olsun” desək də, nədənsə, oğlan uşaqlarının dünyaya gəlmə xəbəri valideyn və onun ətrafını qız uşaqlarının doğulma xəbərindən daha çox sevindirir.

Ta dədə-babadan da oğula "arxa, düşmən çəpəri”, qıza isə "duz yükü” kimi baxan valideynlər olub. Bu gün də var, çox güman ki, sabah da olacaq... Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. Valideynlərin qız uşaqlarına qarşı biganə münasibəti barədə çox eşitmişik. Ancaq Sumqayıtda yaşanan məlum hadisə daha dəhşətlidir. Belə ki, ailəsi dünyaya qız olaraq gəldiyi üçün bu uşaqdan imtina edib. Hazırda uşaq Sumqayıt şəhər 5 nömrəli xəstəxanada saxlanılır. Tibb bacılarının bildirdiyinə görə, 4 aydan çoxdur ki, ailəsi ondan imtina edib: "Uşaq tibb bacılarının nəzarətindədir, vəziyyəti yaxşıdır. Tibb bacıları bildirdilər ki, bu, ailəsi tərəfindən imtina edilərək bura gətirilən ilk qız uşağı deyil - 4 belə uşaq olub. Dediklərinə görə, onlardan 2-si uşaq evlərinə yerləşdirilib, 1-i isə xəstə olduğu üçün ölüb. Xəstəxanada qalan yeganə uşaq bu qızdır. Tibb bacıları bildirdilər ki, yəqin bu uşaq da yaxın vaxtlarda körpələr evinə yerləşdiriləcək. Uşağı ilk dəfə görəndə, bu barədə eşidəndə dəhşətə gəldik, axı ailəsi qız olduğu üçün ondan necə imtina edə bilər? Buna necə ürəkləri gəlib? Anlamağa çətinlik çəkirəm. XXI əsrdə belə ailələr də var, çox təəssüf”.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun fikrincə, nəsil davamçısı olduğu üçün oğlan uşaqlarını qızlardan üstün tutmaq doğru yanaşma deyil: 

"Ancaq çox təəssüflər olsun ki, günümüzdə Azərbaycan cəmiyyətində qız uşaqlarına qarşı biganə olan valideynlər var. Hətta bəzən elə olur ki, oğlan övladı olması üçün kişilər başqa qadınlarla münasibətə girirlər. Bunu belə əsaslandırırlar ki, nəslin davamçısı oğlandır. Əslində bu, yanlış təfəkkürdür. Nəslin davamçısı həm qız, həm də oğlan ola bilər. Xüsusən indiki dövrə nəzər yetirsək, xanımların kişilərdən daha aktiv, daha məsuliyyətli olduğunu görərik. Elə ailələr var ki, 3 oğul, bir qız uşaqları var, lakin valideynə baxan yenə qızlardır. Bütün bunlar onu göstərir ki, qız övladlarının nəslin davamçısı ola bilməyəcəyinə dair düşüncə kökündən yanlışdır. Kollektiv təhtəlşüurumuzda, etnopsixologiyamızda kök salmış bu cür fikirlərdən uzaqlaşmaq lazımdır. Bundan uzaqlaşmadıqca, ailələr dağılır, ailədaxili konfliktlər və boşanmaların sayı artır”.

Psixoloqun sözlərinə görə, özünə güvənən ata-ana heç vaxt "oğlum-qızım” söhbətləri etməz. "Valideyn həmişə düşünməlidir ki, övladları sağlam düşüncəli olsun. "Aslanın erkəyi dişisi olmaz”. O qədər oğlanlar var ki, yaşa dolmalarına baxmayaraq yenə də valideynlərinin üzərindədir. 

Oğlanlar var ki, hələ də bacılarının hesabına yaşayırlar. Bacılarının da yox, hətta bacılarının həyat yoldaşlarının pulu hesabına dolanırlar. Başqa vaxt namusdan, qeyrətdən danışırlar. Xeyli sayda ailələr var ki, ata-ana qızlarının himayəsindədir. Ona görə deyirəm ki, düşüncənin özü yanlışdır. Əgər o ailə körpə qız olduğu üçün atıblarsa, ciddi sosial tədbirlər, maarifləndirmə işləri aparılmalıdır”.


Şəymən