Qızılca hava-damcı yolu ilə yayılır

Professor deyib ki, Gürcüstan sərhədində ciddi yoxlamalar aparılmalıdır




Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, Gürcüstan qızılca epidemiyası ilə qarşı-qarşıyadır.

O deyib ki, Gürcüstanda 268 qızılca xəstəsi qeydə alınıb. Epidemiya əsasən Acariyada yayılıb. Qeydə alınan qızılca xəstələrinin 70 faizi Acariyadadır. Amma xəstələrin sayı paytaxt Tbilisidə durmadan artır.
A.Qamkrelidze əhalini özlərini və yeni nəsli müdafiə etmək üçün peyvənd vurdurmağa çağırıb. Bildirib ki, ölkədə uşaqların çoxuna qızılcaya qarşı peyvənd vurulmayıb. Hazırda uşaq bağçaları və məktəblərdə uşaqların peyvənd olub-olmaması araşdırılır.

Onun sözlərinə görə, Gürcüstanda 20-40 yaş arasında insanlara, xüsusən də qadınlara qızılcaya qarşı peyvənd vurulmayıb.

"Ana olmaq istəyən qadınlara xüsusilə peyvənd vurulmalıdır ki, onlar dünyaya sağlam uşaq gətirə bilsinlər”, - deyə Qamkrelidze vurğulayıb.

Eyni təhlükənin ölkəmizdə olub-olmaması ilə bağlı fikirlərini "Şərq”lə bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ümumi olaraq ölkədə, xüsusilə sərhəddə ciddi yoxlamaların aparılması lazımdır: 

"Qızılca, göy öskürək və s. kimi xəstəliklər UNESCO-nun proqramı əsasında qrafik üzrə vaksinasiya edilir. Vaksinasiya birbaşa mikrobun zəiflədilmiş forması bədənə yeridilməsidir. Bu situasiyalarda yoxlamalar aparılır. Lakin əvvəllər hər il vaxtında uşaqlar üzərində yoxlamalar aparardılar. Amma bir il Azərbaycanda bununla bağlı dövlət proqramı həyata keçirildi. Bütün əhali yoxlanıldı. Düzdü, o vaxtlar şayiə yayılmışdı ki, xəstəlikdən əziyyət çəkənlər var. Lakin xeyli müddət bu yoxlamalar xəstəliklərin kökünü kəsdi.

Düşünürəm ki, yenə də əhali arasında bu cür yoxlamaların keçirilməsi lazımdır. Hansısa qabaqlayıcı tədbirlər görülsəydi, yaxşı olardı. Xüsusilə sərhəd keçidlərinə nəzarət edilməlidir. Çünki bu xəstəlik hava-damcı yolu ilə yayılır və sağlam adamlara keçmək riski həmişə yüksək olur”.

Yeganə Bayramova