Qızları 9-cu sinfi bitirən kimi nişanlayırlar

Erkən nikah bağlanmasının məsuliyyəti dini kəbin kəsən din xadiminin üzərindədir



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erkən nikahlarla bağlı narahatlıq bildirib və bu işdə din xadimlərini günahlandırıb.

"Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda Milli Məclisdə keçirilmiş "dəyirmi masa”da çıxış edən DQİDK-nin sədr müavini Gündüz İsmayılov ölkədə din xadimlərinin azyaşlılara kəbin kəsməsi hallarının mövcud olduğunu deyib. Sədr müavini qeyd edib ki, belə hallara görə cinayət məsuliyyətinə cəlb edilənlər var.


Lakin bəzi din xadimləri yenə də qanunsuz hərəkətlərindən əl çəkmir, nikah yaşı tamam olmamış şəxslərə kəbin kəsirlər. "Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva verib. Amma gəlin görək, buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya kəbin kəsirlər”.
Bir az qəribə görünür. Dini sahədə qanunsuzluğun qarşısını almaq səlahiyyətinə malik qurum görəsən, kimdən kömək umur? Yəni, qanunsuz işlə məşğul olan mollaları durdurmağın bir yolu, üsulu yoxdurmu?

Kim dini kəbin kəsdirmək istəyirsə...

Din xadimlərinin qanunsuz hərəkətləri, azyaşlılara dini kəbin kəsmələri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi münasibət açıqlamadan DQİDK sədri Mübariz Qurbanlı da bu problemli məsələyə toxunub.
Komitə sədri deyib ki, əgər kimsə rəsmi təyinat olmadan fəaliyyət göstərirsə, İnzibati Xətalar və cinayət məcəllələrində bununla bağlı maddələr var: "Bizim Komitənin də bu cür şəxsləri aşkara çıxarmaq, protokollar tərtib etmək, cərimələmək səlahiyyəti var. Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır”.

Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri də qeyri-qanuni fəaliyyət göstərən din xadimlərinin fəaliyyətinin yolverilməz olduğunu vurğulayıb: "Bu cür şəxslər bəzən insanları aldadaraq qeyri-qanuni kəbin kəsməklə məşğul olur. Kimsə dini kəbin kəsdirmək istəyirsə, yalnız rəsmi şəkildə fəaliyyət göstərən hər hansı din xadiminə kəbin kəsdirə bilər. Kəbin də o zaman kəsilə bilər ki, evlənən insanlar həddi-buluğa çatmış olsun və onların vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı rəsmi nikah sənədi olsun. Əgər həmin rəsmi nikah sənədini məsciddə, yaxud hər hansı dini məkanda çalışan din xadiminə təqdim etmirsə, bu halda dini kəbin kəsilməsi yolverilməzdir. Qafqaz Müsəlmanları İdarəsinin də bu sahədə qəti tələbi var. Biz müsəlmanıq, rəsmi nikahdan sonra hər hansı din xadiminin yanına gedərək dini kəbin kəsdirmək istəyən varsa, bu, insanların öz hüquqlarıdır. Amma dini kəbin yalnız rəsmi nikah sənədi təqdim olunduğu halda rəsmi təyin edilən din xadimi tərəfindən kəsilə bilər. Rəsmi təyin olunmayan şəxslər bu cür fəaliyyətlə məşğul olur və bu da çox böyük problemlər yaradır. Bəzən azyaşlılara kəbin kəsirlər. Bu, cinayətdir və bəziləri cinayət məsuliyyətinə cəlb edilib”.
M.Qurbanlı hətta yas mərasimlərini rəsmi fəaliyyət göstərməyən şəxsin aparmasının da yolverilməz olduğunu vurğulayıb: "Bu ara mollaları bəzən insanları aldadıb, guya, "Quran”la fala baxırlar. "Quran” açıb fala baxanlar elə "Quran”ın özünə qarşı getmiş olur. Çünki "Quran”da falçılıq lənətlənir”.

Övlad alqı-satqı predmeti olmamalıdır

Problemlə bağlı "Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov erkən nikahların cəmiyyəti təhdid etdiyini bildirdi:

- BMT və UNİCEF-in 2013-cü il hesabatında Azərbaycanda 5400-5600 erkən nikah halı olduğu qeydə alınıb. Son illərlə bağlı belə hesabatlar yoxdur. Lakin hamımız bilirik ki, bu gün ölkədə erkən nikah problemi mövcuddur. Bir çox bölgələrdə bu hallara rast gəlinir. Təkcə Bakı kəndləri deyil, şəhərin özündə, digər regionlarda da erkən nikaha daxilolma halları var. Qızlar 9-cu sinfi bitirən kimi nişanlayırlar, sonra da ailə qurmağa vadar edirlər. Nikah yaşı çatmamış qızların ana olması da belə baş verir. Biz bu problemi qabardanda tənqidlərə tuş gəlirik. Amma fakt ortadadır. Sadəcə, bu cür faktlar hüquq-mühafizə orqanlarından gizlədilir. Erkən nikah bağlamış şəxslər bir neçə ildən sonra məhkəməyə müraciət etməli olduqda, yenə problemlər yaranır. Rəsmi nikah sənədi olmadığından tərəflər mübahisələrini hüquqi yolla həll edə bilmir. Erkən nikahdan doğulmuş uşaqların orta məktəbə qəbul olunmasında da problem yaranır. Bilirsiniz ki, hazırda birinci sinfə qəbul elektron qaydada aparılır. Erkən nikah uşaqlarının sənədi olmadığından elektron qeydiyyata alına bilmirlər. Uşaqların tədrisdən yayınması da belə baş verir. Görün, nə qədər ciddi problemlər, ailələri təhdid edən təhlükələr vardır.

Bəs, erkən nikahların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

K.Əsədov qeyd etdi ki, bu məsələdə hər kəsin üzərinə məsuliyyət düşür:

- İlk növbədə valideyn övladını alqı-satqı predmeti etməməlidir. Ata-ana orta məktəbi bitirməmiş övladını əvvəlcə nişanlayır, sonra da toy edir. Toyda qol qaldırıb oynayır. Daha başa düşmür ki, övladını bədbəxt edir. Nə qədər ki, valideynlər övladlarına əşya kimi baxacaq, bu problem həll olunmayacaq. İkincisi, erkən nikah bağlanması məsuliyyəti dini kəbin kəsən din xadiminin üzərindədir. Belə faktlar aşkarlandıqda, həmin din xadimi cinayət məsuliyyətinə cəlb edilməlidir. Üçüncüsü, hansısa ailədə nişan, toy mərasimi keçirilirsə, bundan qohumlar da, qonşular da xəbərdar olur. Çünki o mərasimlərdə iştirak edirlər. 

Amma heç kim etiraz etmir, səsini çıxarmır, "ailənin öz işidir” deyib kənarda dayanırlar, bununla da qanunsuzluğa göz yumur, qanunun tapdanmasına şərait yaratmış olurlar. Dördüncüsü, toy mərasiminin keçirildiyi şadlıq sarayının müdriyyəti də cavabdehlik daşımalıdır. Şadlıq sarayına gəlib toy sifariş edilərkən, niyə soruşulmur ki, toyu olan kimdir, neçə yaşları var? 

Baxın, xəstəxanalara yaralı, qəza keçirmiş, xəsarət almış şəxs daxil olduqda, xəstəxana personalı dərhal hüquq-mühafizə orqanlarını xəbərdar edir, çünki hər hansı cinayət tərkibli əməlin olması ehtimalı düşünülür. Amma şadlıq sarayları, əyləncə mərkəzlərini bu maraqlandırmır ki, toyu olan kimdir. Bəlkə azyaşlıdır, belədə nikah yaşı haqqında qanunun tələbləri pozulmuş olur. Şadlıq saraylarını yalnız maddli gəlir düşündürür, valideynləri də övladını tez evləndirmək, qızlarını tez ərə vermək. Yəni, alan da razı, satan da. Ortada isə bir insanın hüquqları pozulur. 

Erkən nikah mərasimi gerçəkləşirsə, burada yerli icra hakimiyyəti orqanları da, sahə müvəkkili də, məktəb də eyni dərəcədə məsuliyyət daşıyır. Erkən nikah problemi ümumilikdə cəmiyyətindir. Çünki bu akt bir deyil, bir neçə subyektin iştirakı və ya qanunsuzluğa göz yumması ilə baş verir. Ona görə də, erkən nikaha maneçilik törədə biləcəyi halda, qanunsuzluğa göz yuman qurumlar və şəxslər də cəzalanmalıdır.

Məlahət Rzayeva