Qlobal maliyyə böhranı gözlənilir

“Aktivlər aşağı düşsə, bu, neft qiymətinə də təsir edəcək”
“Neftin növbəti dəfə ucuzlaşması isə Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək”


Son zamanlar dünya iqtisadiyyatında qeydə alınan bir sıra amillər mənfi tendensiyaların yaranmasına səbəb ola bilər. Bu fikir Beynəlxalq Valyuta Fondunun "Dünya maliyyə sabitliyi” icmalında öz əksini tapıb. Bu amillərin növbəti iqtisadi böhrana səbəb olacağı artıq hamını ehtiyatlandırır.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, indi dünya iqtisadiyyatında təhlükələr artır və bu, ilk növbədə riskli aktivlərin qiymət və kotirovklarının artması ilə bağlıdır. Burada müəyyən paradoks var, çünki icmalda vurğulanır ki, son altı ay ərzində dünya iqtisadiyyatında, xüsusən də maliyyə bazarlarında risklərin azalması müşahidə olunur və nəticədə bazarlarda investorlar tərəfindən risk "istəyi” artıb.
Beynəlxalq Valyuta Fondunun icmalında bildirilib ki, psixoloji amillə yanaşı konkret seqmentlər müşahidə olunur ki, bunların sırasında rekord səviyyədə aşağı olan faiz dərəcələrini misal gətirmək olar. Dünya iqtisadiyyatında və əksər ölkələrdə böhrandan çıxış tam bərpa olunandan sonra mərkəzi banklar faiz dərəcələrini tədricən qaldırmağa başlayır. 

Monetar siyasətlərin bu cür tədricən sərtləşdirilməsi mərkəzi banklardan taraz yanaşma tələb edir, əks halda maliyyə bazarlarında natarazlıq yarana bilər. Bu zaman ya investorlar itkilərlə üzləşə bilər, ya da dünyanın müxtəlif yerlərində və bazar seqmentlərində "köpüklərin” partlaması baş verər. Beynəlxalq Valyuta Fondunun fikrincə, hazırda bir sıra riskli aktivlərin qiymətləri həddən artıq şişirdilib. Bu qiymət artımının əsaslı və ya əsassız olduğu heç də vacib deyil, əhəmiyyətli olan nəticədir, çünki yenidən dəyərləndirmə nəticəsində riskli aktivlərin qiymətləri əvvəl-axır aşağı düşərək, normal səviyyəyə qayıdacaq. Bu da nə az, nə çox, yeni dünya böhranına gətirib çıxara bilər.

Beynəlxalq Valyuta Fondunun hesabatını dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli son on ildə dünya iqtisadiyyatında yeni bir dalğanın yarandığını deyib. Dünya ölkələrinin Mərkəzi Bankları (Amerikada Federal Ehtiyatlar Sistemi) hesabına dünya iqtisadiyyatında bir canlanma yaratdılar. 

Buna da MB-nin banklara külli miqdarda və çox aşağı faizlə, bəzən də faizsiz kredit verməsi hesabına nail oldular: "2008-ci ildən bu yana dünya iqtisadiyyatı məhz buna görə böhran dalğasını üzərindən atdı və 2015-ci ildən sonra özünün yüksəliş mərhələsinə qədəm qoymuş oldu. Halbuki bu, dünya iqtisadiyyatının özünün daxili resursları hesabına sağlamlaşdırma deyildi. Bu canlanma Mərkəzi Bankların bazarlara axıtdığı trilyonlarla vəsait hesabına baş verdi. Bu mənada bəzi əmtəələrin və aktivlərin kifayət qədər şişirdilməsi ilə bağlı iddiaları doğru hesab edirəm. Həmin əmtəələrin və aktivlərin yaxın aylarda bir şar balonu kimi partlaması gözləniləndir. 

Digər ciddi məsələ isə ticarət və valyuta müharibələridir. Bunu da Amerika Birləşmiş Ştatları başladıb, həm Çinlə, həm də Avropa ilə bir çox malların gömrük rüsumlarının qaldırılması ilə bağlı qərarlar verərək. Bunu isə dünya ticarətində yavaşlamaya səbəb olacaq amillərdən biri hesab etmək olar. Amerika bunu daxili bazarın qorunması ilə izah etsə də, orta və uzun müddətdə bu əksinə, həm daxili bazarda, həm də dünya iqtisadiyyatında ciddi daralmalara gətirib çıxara bilər”.

Dünyanı gözləyən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına nə dərəcədə təsir edəcəyinə gəldikdə isə N.Cəfərli iqtisadiyyatımızın çoxşaxəli bir model üzərində qurulmadığını təəssüflə qeyd edib. Onun sözlərinə görə, əsasən neft gəlirləri üzərində qurulan xarici ticarətimizin 90, büdcəmizin isə birbaşa və dolayı 70-75 faizi neft gəlirlərinin hesabına formalaşır. "Əgər dünyada yeni böhran dalğaları baş versə, şişirdilmiş aktivlər aşağı düşsə, bu, neft qiymətinə də təsir edəcək. Neftin növbəti dəfə ucuzlaşması isə Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək. 

Son bir ildə Azərbaycan neftinin qiyməti təxminən 45 faizə qədər bahalaşıb. Bu isə ölkə iqtisadiyyatında kifayət qədər pozitiv nəticələrə gətirib çıxartı. Həm manat sabitləşdi, həm də itqisadiyyatımızda ÜDM-nin 1,5 faiz artım müşahidə olundu”.

Şəymən