Qorxulu deyil: Azərbaycanın iqtisadiyyatı və rezervləri hələ də güclüdür
Neftin qiymətinin düşməsi siyasi amillərlə bağlıdır
"Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir”. Bunu sentyabrın 8-də Prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirədə deyib. Prezident bildirib ki, 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq: "Ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz yüksəlib.
Qeyri-neft sənayesi 14 faiz artıb. Onu da qeyd etməliyəm ki, bu il "Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim "BBB” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdir. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələr, islamafob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar”.
Keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov deyib ki, xarici ticarət balansımızdakı ixracımız idxaldan iki dəfə çoxdur: "Rezervlərimiz Mərkəzi Bankın qızıl ehtiyatları ilə birlikdə 55 milyard manatdan artıqdır. Bizi nə qorxuda bilər? Heç nə. Ona görə də yersiz hay-küy yaratmaq lazım deyil. Bizim neftsiz büdcəmiz bütün sosialyönümlü xərcləri 1,5 dəfə qarşılamaq iqtidarındadır. Mətbuatdakı çıxışlarımda bu mövzuya toxunarkən dediyim fikirləri bir daha təkrar edirəm. Neftin qiymətinin aşağı düşməsinin siyasi motivləri onun iqtisadi səbəblərindən daha çoxdur. İllərdir Qərbin İrana münasibəti göz qabağındadır. Ancaq Qərb qəfildən İranla "dil tapa bildi”. Burada bütün oyunlar Rusiya ətrafındadır. Qərbin məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir. İrana "sevgi” də bu istəkdən qaynaqlanır. Bu gün ABŞ-dan başqa neftin qiymətinin yaxın gələcəkdə necə dəyişəcəyini və bu prosesin nə qədər davam edəcəyini heç kəs söyləyə bilməz. Bu oyunu onlar oynayırlar və nə vaxt harada dayanacaqlarını da özləri bilirlər”.
F.Yusifov bildirib ki, ötən illərdə neftin qiymətində 150 dollarlıq hədd heç vaxt müşahidə edilməyib, elə bugünkü kimi 50 dollar səviyyəsində olub: "Odur ki, biz itkilərdən yox, gözlənilən mənfəətin daxil olmamasından danışsaq, daha doğru olar. Aydın məsələdir ki, fors-major vəziyyət gözlənilən mənfəətin daxil olması şansını sıfıra endirə bilər. Bax, həmin fors-major vəziyyət yarandı və biz gözlədiyimiz mənfəəti əldə edə bilmədik. Lakin bununla belə, hamı bilməlidir ki, Azərbaycan iqtisadiyyatı və rezervləri hələ də güclüdür”.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib ki, Azərbaycan hökuməti neftin qiymətinin aşağı düməsinin iqtisadiyyatımıza mənfi təsirini azaltmaqdan ötrü müxtəlif tədbirlər həyata keçirməkdədir: "Onların arasında neftdənkənar sahələrin sürətli inkişafının təmin edilməsi, israfçılığın aradan qaldırılması, dövlət maliyyəsindən qənaətlə istifadə edilməsi, nizam-intizamın yüksəldilməsi, etibarlı nəzarət mexanizminin yaradılması və sair bu kimi məsələlər xüsusi yer tutur. Həmin tədbirlər hesabına son vaxtlar iqtisadiyyatımızın neftdənkənar sahələrinin inkişaf tempi 8-9 faiz arasında dəyişir. Belə yüksək artım templəri neft sahəsindəki geriləmələri kompensasiya etməklə yanaşı, həm də ölkənin ÜDM-nin 6 faizə qədər artımını təmin edir ki, bu da dünyanın orta artım tempindən 2 dəfəyə yaxın, MDB-nin orta artım tempindən isə 2,7 dəfə sürətlə artım deməkdir. Artım templərinin belə yüksək olmasında neftdənkənar sahələrdə yeni istehsal sahələrinin yaradılması, sərmayə qoyuluşlarının davam etdirilməsi və digər bu kimi amillər xüsusi rol oynayır. Mədənçıxarma bölməsində məhsul istehsalı 2 faiz azalmasına baxmayaraq, məhz həmin yeni sahələrin hesabına sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15 faizə yaxın artıb. Bu isə ümumilikdə sənayemizdə 3,5 faiz artımı təmin edə bilib. Kənd təsərrüfatında da artım sürəti yüksəlib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 8,9 faiz artıb”.
Millət vəkili iqtisadi artım templərinə sərmayə qoyuluşunun da təsir göstərdiyini açıqlayıb: "2015-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9369 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 6260 milyon manatı və ya 67 faizə yaxını məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Bu da artımın templərinə yeni təkan verməklə müsbət təsir göstərir. Bütün bu prosesləri sürətləndirmək, effektini artırmaq və təsir dairəsini genişləndirməkdən ötrü cəmiyyət həyatının bütün sahələrində, xüsusən də insan inkişafı və innovativ inkişaf sahəsində sistemli və real nəticə verən islahatlara böyük ehtiyac var. Biz islahatları genişləndirib dərinləşdirməklə neft hasilatının və neftin qiymətinin aşağı düşməsi ilə yaranan şəraitə nəinki uyğunlaşmağı, həm də bu cür şəraitdə yaşamağı öyrənməliyik”.
İsmayıl